Dünyada bir çox ölkə, işçilərin həyat keyfiyyətini artırmaq və məhsuldarlığı gücləndirmək məqsədilə 4 günlük iş rejiminə keçid edir. Məsələn, İslandiyada bu dəyişiklik iqtisadiyyatda 4% artım yaratmağa səbəb olub, Britaniyada 200-dən çox şirkət artıq bu modeli tətbiq edib. Azərbaycanda isə 4 günlük iş rejiminin tətbiqi hələ də müzakirə mövzusudur. Bu məsələnin ölkəmizdə həyata keçirilməsi nə dərəcədə mümkündür və bunun cəmiyyətdə və iqtisadiyyatda hansı dəyişikliklərə yol açması gözlənilir?
Bu barədə Moderator.az-a danışan İdarəetmə üzrə konsultant və təlimçi Elşən Bədirxanov bildirib ki, 4 günlük iş həftəsinə keçid zamanı ümümi həftəlik iş saatlarının da proporsional azalmasını, amma əmək haqqının azalmamasını nəzərdə tutur (əslində bəzi şirkətlərdə həftəlik iş vaxtı gündəlik iş vaxtının 10 saat edilməsi hesabına azalmır).
E.Bədirxanov qeyd edib ki, 4 günlük iş həftəsinin İslandiya və bir sıra inkişaf etmiş ölkələrin əksər şirkətlərində məhsuldarlığın artması ilə nəticələndi:
“Eksperimentdə iştirak edən şirkətlər ya mənfi təsirinin olmaması, ya da müsbət təsirin olmasını bildirmişlər. Qərb ölkələrində bəzi sahələrdə digər müsbət effektlər də qeyd edilir (xəstəliklərin azalması, əlavə gün hesabına özünün inkişaf etdirilməsi, iş yerinin cəlbediciliyinin artması və s.). 4% artım isə çox güman ki, ÜDM-in artımıdır, buna da təsir edən məqamlar çoxdur və demək olmaz ki, əsas faktor məhz iş vaxtının azalmasıdır”.
İdarəetmə üzrə konsultant və təlimçi əlavə edib ki, bəziləri (əsasən sahibkar və üst rəhbər olmayan şəxslər) Qərbdəki kimi eyni müsbət effektlərin olmasını gözləyirlər:
“Həm İslandiyanın, həm də Böyük Britaniyanın adam başına düşən nominal ÜDM-si ilə tanış olduqda 2023-cü il üzrə bu rəqəmlər (ABŞ dolları ilə), müvafiq olaraq, 79 998 və 49 099 olub. Azərbaycanda isə bu göstərici 7525 dollardır. Yəni, şərti olaraq, bizim iqtisadiyyatımız effektivliyinə görə İslandiyadan 10,6 dəfə, Britaniyadan isə 6,5 dəfə geridə qalır. İş saatlarının azalması məhsuldarlığa sıx bağlı məsələdir. Belə addım bizdə məhsuldarlığı artıracaq, yoxsa azaldacaq?
İş həftəsinin azalması nəticəsində effektivlik niyə arta bilər? Gərgin iş insanın düşünmə, konsentrasiya qabiliyyətini aşağı salır, yorğunluq yaradır. Əlavə iş günü insanların istirahəti, güc toplaması, motivasiyası üçün vacib amil ola bilir. Bizdə əməkdaşların əksəriyyəti işdə çoxmu yorulur? Çalışdığım şirkətlərdə əməkdaşların az hissəsi doğrudan da iş vaxtının 60%-dən çoxunu konkret işi ilə gərgin məşğul olurdu. Bu rəqəm çox az görünür, amma iş təhlili göstərir ki, əməkdaşlar iş vaxtının yarısını, yaxud çoxunu birbaşa faydalı işlə məşğul olmurlar (söhbət, çay, fikrə dalma, ofis avadanlığı və ya proqramların donması/xarab olmasının həll edilməsi, mənasız işlərin yerinə yetirilməsi, münaqişələr və s.).
Gündəlik müştərilərlə çalışan (o cümlədən, təhsil və tibb) sahələrdə iş həftəsinin qısaldılması effekt vermir, çünki, bütün həftə boyu xidmət göstərmək üçün şirkətlər əlavə xərc çəkib yeni personalı işə qəbul etməli olurlar”.
“Qeyri-iş günlərinin sayını götürək: İslandiyada 6 gün, İngiltərədə 8 gün, Azərbaycanda isə 20 gündür. Yəni, burada biz bir çox ölkələri “qabaqlayırıq”.
Məsələnin digər tərəfi. Bizdə ÜDM-də ciddi pay intellektimiz hesabına başa gəlməyən səhələr hesabınadırsa (neft-qaz və bu sahədən irəli gələn gəlirlər) sadalanan ölkələrdə əsas gəlirlər intellekt hesabınadır (istehsalat, texnologiya və s.). Rəsmi statistikada qeyri-neft sahəsinə aid edilən payın ciddi hissəsi də fikrimcə məhz neft-qazla bağlı törəmə gəlirlərdir. Bu nöqteyi nəzərdən, 4 günlük iş həftəsinə keçid çox güman ÜDM göstəricimizə o qədər də ciddi mənfi təsir göstərməyəcək, çünki neft-qazla bağlı gəlirlər düşünmürəm ki, iş vaxtına bu qədər həssasdır. Amma qeyri-neft sektoruna mənfi təsiri hiss olunacaq. Məsələn, bank sahəsində satışlarn həcmi birbaşa iş günlərinin sayından asılıdır (şübhəsiz ki, digər faktorlar da mövcuddur). Bəlkə online satışların artması bu vəziyyəti dəyişdirə biləcək. Məncə oxşar vəziyyət pərakəndə satış sahəsində də müşayiət edilir (“təxirə salınmış ehtiyac” effekti bu təsiri yalnız qismən azaldır). Fikrimcə, ayrı-ayrı şirkətlərdin arxa ofislərdə bu eksperimenti apararaq nəticələrini qiymətləndirmək olar, amma kütləvi olaraq dövlət və özəl sektorlarda bunu etmək hələlik tezdir”,- deyə Elşən Bədirxanov şərh edib.
Mehin Mehmanqızı