Sürətlə rəqəmsallaşan dünyada informasiya və məlumatların yayılması olduqca sürətlənib. Artıq hansısa xəbərin milyonlarla insana çatması üçün sadəcə bir neçə dəqiqə, hətta bəzən saniyələr belə kifayətdir.
Bütün bu informasiya mübadiləsi bumunun fonunda, dövlət əhəmiyyətli sirlərin və məlumatların gizli saxlanması, o cümlədən, vətəndaşların bu məsələdə individual həssas yanaşma göstərməsi olduqca vacibdir. Dünya ölkələrinin bir çoxunda dövlət sirrinin mühafizəsi və məxfiliyinə xüsusi həssaslıqla yanşılır. Azərbaycan qanunvericiliyində də dövlət sirri təşkil edən məlumatların konkret siyahısı var və bu məlumatların yayılması qanunla qadağandır.
Mövzu ilə bağlı Yenisabah.az-a danışan tanınmış hüquqşünas Ramil Süleymanov bildirib ki, dövlət sirri ilə bağlı məsələlər qanunvericiliklə tənzimlənir:
“Azərbaycan respublikasında dövlət sirri anlayışı, ümumiyyətlə dövlət sirri ilə bağlı məsələ qanunvericiliklə tənzimlənir. 2004-cü il tarixli “Dövlət Sirri Haqqında Azərbaycan Respublikasının qanunu” mövcuddur. Bu qanunun əsas məqsədi Azərbaycan respublikasının təhlükəsizliyini təmin etmək məqsədi ilə, məlumatların dövlət sirrinə aid olunması məsələsidir.
Onların mühafizəsi və istifadə edilməsinin qaydalarını, o cümlədən məxfiləşdirmə və məxfiliyin açılması barədə münasibətləri tənzimləyir. Qanun 1-ci maddəsində qeyd olunur ki, dövlət sirri dövlətin hərbi, xarici, siyasi, iqtisadi, kəşfiyyat, əks-kəşfiyyat və əməliyyat-axtarış fəaliyyəti ilə bağlı olan və dövlət tərəfindən mühafizə olunan, o cümlədən ölkənin təhlükəsizliyinə ziyan vurma ehtimalı ola bilən məlumatların qorunmasıdır. Bildirmək istəyirəm ki, dövlət sirrini təşkili edən məlumatların siyahısı “Dövlət Sirri Haqqında” qanunun 5-ci maddəsində sadalanıb.
Bunlar hərbi sahədə olan məlumatlar, o cümlədən iqtisadi, xarici siyasət, kəşfiyyat, əks-kəşfiyyat, əməliyyat-axtarış fəaliyyəti ilə bağlı olan məlumatlardır. Məlumatların dövlət tərəfindən xüsusi qriflə məxfiləşdirildiyi bildirilir. Onun üzərinə qrif vurulursa, məxfi hesab olunur. Bu məxfi məlumatlara buraxıla bilən şəxslər vardır.
Bunlar vəkillər, hakimlər, Milli Məclisin deputatları və digər bu qəbildən olan şəxslərdir ki, həmin o məlumatlara çatımlılıq zamanı mütləq şəkildə həmin şəxslər qabaqcadan məlumatlandırılırlar. Dövlət sirrinin pozulması cinayət məsuliyyətinə səbəb olur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 284-cü maddəsində qeyd olunur ki, şəxs tərəfindən ona etibar olunmuş və ya xidməti vəzifəsi yaxud işinə görə ona məlum olan dövlət sirri təşkil edən məlumatların yayılması dövlətə xəyanət əlamətləri olmadıqda, 3 ildən 6 ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.
Eyni əməllər əgər ağır nəticələrə səbəb olarsa, burada 4 ildən 8 ilədək azadlıqdan məhrumetmə cəzası verilir. Qeyd edim ki, əgər hər hansı bir şəxs tərəfindən dövlət sirri təşkil edən məlumatlar qanunsuz şəkildə əldə olunarsa, belə məlumatların əldə olunmasına görə isə 2 ildən 5 ilə qədər müddətə azadlıqdan məhrumetmə cəzası təyin olunur. Amma bu cinayətlər araşdırılan zaman orada hansısa bir casusluq əlamətləri olmadıqda həmin o şəxs ittiham olunur”.
Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü, deputat Hikmət Babaoğlu qeyd edib ki, bu mövzuda hər bir vətəndaşın üzərinə subyektiv vəzifələr düşür:
“Müasir cəmiyyətləri xarakterizə edərkən, onları informasiya cəmiyyəti kimi səciyyələndiririk. Bütün cəmiyyətlər hazırda postmodernist cəmiyyət olaraq, informasiya cəmiyyətinin gətirdiyi münasibətlər sistemində mövcuddur.
Belə cəmiyyətlərdə informasiyanın əlahiddə funksiyaları yaranır və cəmiyyəti demək olar ki, idraki keyfiyyətlər yox, informativ keyfiyyətlər idarə edir. İctimai rəy də elə bu əsaslarla formalaşır. Belə olan halda informasiya daşıyıcısı olan hər bir fərdin cəmiyyət qarşısında məsuliyyəti yaranır. Yəni bu gün dünyada baş verən hadisələr hamının hamı ilə müharibəsi kimi xarakterizə oluna bilər. Belə olan halda hər birimiz əsgərik. Yəni hər bir cəmiyyətin hər bir üzvü əsgər sayıla bilər.
Ona görə də, müharibə vəziyyətində hər bir əsgər necə vətənin keşiyində durursa, informasiya müharibəsi dövründə də cəmiyyətin hər bir üzvü vətənin təhülkəsizliyinin keşiyində durmalıdır. Bu məsuliyyəti hamımız dərk etməliyik. Hər kəs yaydığı və qəbul etdiyi informasiyaya bu kontekstdə baxmalıdır. Bizim bəzən fərqində olmadan yaydığımız bir məlumat başqası üçün strateji bir məlumat ola bilər. Yaxud başqasının yaydığı informasiya Azərbaycan cəmiyyətində şüuri manipuliyasiya edərək, onu obyektivlikdən uzaqlaşdıra bilər.
Beləliklə milli mənafelərimiz təhdid altına düşər. Bu çox vacib məsələdir. Biz cinayətdən sonra baş verən təyyarə qəzasından sonra görürük ki, üçüncü ölkələrin informasiya məkanında nələr baş verir. Qəzanı cinayət adlandırdım, çünki təyyarəmizin yerdən vurulduğu artıq faktdır. Təsadüfi deyil ki, bir gün öncə Rusiya Federasiyasının səfiri də Xarici İşlər Nazirliyinə çağırıldı. Göründüyü kimi, biz fövqəladə bir vəziyyətdə yaşayırıq və bu cəmiyyətimizin davamlı xarakteridir. Nə qədər ki, biz informasiya cəmiyyətində yaşayırıq, bu müharibənin içərisində olacağıq. Ona görə də bu məsələlərdə hər bir fərdin üzərinə ciddi ictimai məsuliyyət düşür. Bu baxımdan hər bir fərd davranışlarının və nə etdiyinin fərqində olmalıdır. Mən düşünürəm ki, bunların əksi olduğu halda, hüquq dövriyyəyə girməlidir ki, belə hallara yol verilməsin, maraqlarımız qorunsun”.
Nazim Hacıyev
Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “İctimai və dövlət maraqlarının müdafiəsi” istiqaməti üzrə hazırlanmışdır.
Telegram kanalımız