AZ

Azərbaycan gəncləri dövlətmizin ararıcı qüvvəsidir

Ümummilli Lider Heydər Əliyev tərəfindən 2 fevral 1997-ci il tarixində imzalanmış Sərəncama əsasən, fevralın 2-si Azərbaycan Gəncləri Günü elan edilib. Həmin vaxtdan etibarən MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk dəfə olaraq Azərbaycanda Gənclər Günü təntənəli şəkildə qeyd edilməyə başlanıb. Bu tarixi günün təsis edilməsi dövlətin gənclərə olan diqqət və qayğısının təzahürü kimi dəyərləndirilir. Gənclər Günü gənc nəsli cəmiyyətin müxtəlif sahələrində daha fəal iştiraka səsləyir və onlara motivasiya verir.

Gənclər cəmiyyətin ən fəal və kreativ təbəqəsi olaraq ölkənin gələcək inkişafının təminatçısıdır. Onlar ictimai-siyasi proseslərdə fəal iştirak edərək qərarların icrasına təsir imkanlarını genişləndirirlər. Seçkilərdə və digər proseslərdə fəallıqları ilə cəmiyyətin demokratikləşməsinə töhfə verirlər. Sosial təşəbbüslərlə cəmiyyətin problemlərinin həllində yaxından iştirak edirlər.

Müasir dövrdə gənclər müxtəlif ictimai təşkilatlarda və gənclər birliklərində öz ideyalarını reallaşdırır və ictimai-siyasi sferalarda fəal rol oynayırlar. Xüsusilə dövlət idarəetmə sistemində gənclərin sayının artması onların innovativ yanaşmalarını praktikada tətbiq etmək imkanı yaradır.

Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən gənclər siyasəti dövlətin əsas prioritet istiqamətlərindən biridir. Təsadüfi deyil ki, 2007-ci il ölkəmizdə “Gənclər ili” elan olunmuşdur. Dövlət başçısının sözügedən mühüm təşəbbüsü gənclərin ölkənin ictimai-siyasi və mədəni həyatında fəallığının daha da yüksəlməsinə səbəb olmuşdur. Sərəncamla 2007-ci ilin “Gənclər ili” elan olunmasına dair tədbirlər planı təsdiq edilmiş, o cümlədən respublikanın şəhər və rayonlarında “Gənclər evi”nin yaradılması nəzərdə tutulmuşdur. Paytaxt Bakı və bölgələrdə fəaliyyət göstərən “Gənclər evi” gənclərin vətənpərvər ruhunda formalaşdırılması və onların sosiallaşmasında mühüm rola malikdirlər. Gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hisslərinin tərbiyəsi bu cür dövlət təsisatların prioritet vəzifəsidir.

Cənab İlham Əliyevin təşəbbüsü ilə 19 dekabr 2011-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu yaradılıb. Fondun qarşısında gənclər siyasəti ilə bağlı elm, təhsil, mədəniyyət və digər sosial sahələrə yönəlmiş ictimai və sosial əhəmiyyətli, o cümlədən beynəlxalq səviyyədə həyata keçirilən layihə və proqramları qrant şəklində maliyyələşdirmək məqsədi qoyulub. 2018-ci ildə Fond yenidən təşkil edilərək Azərbaycan Respublikasının Gənclər Fondu adlandırılıb.

Dövlət gənclərin təhsil səviyyəsinin yüksəldilməsi üçün geniş imkanlar yaradır. Ali təhsil müəssisələrində müasir ixtisasların tədrisi, xaricdə təhsil proqramlarının genişləndirilməsi və təhsil kreditlərinin verilməsi bu siyasətin əsas istiqamətlərindəndir. İnnovasiya mərkəzlərinin yaradılması və texnologiya sahəsində təhsil proqramları gənclərin müasir çağırışlara cavab verməsi üçün mühüm addımlardır. Bu, gənclərin qlobal əmək bazarında rəqabət qabiliyyətini artırmaqla yanaşı, ölkə iqtisadiyyatının da inkişafına xidmət edir.

Gənclərin məşğulluq məsələrinin həlli üçün dövlət tərəfindən xüsusi proqramlar həyata keçirilir. Gənc sahibkarlara güzəştli kreditlər, startap layihələrinə dəstək, innovativ biznes təşəbbüslərinə maliyyə yardımı gənclərin iqtisadi müstəqilliyini təmin edir. Həmçinin, gənclərin dövlət idarəçiliyinə inteqrasiyası prioritet vəzifələrdən biridir. Dövlət müxtəlif kadr ehtiyatı proqramları vasitəsilə gəncləri dövlət strukturlarına cəlb edir. Bu, gənclərin yeni ideyalarını tətbiq etməyə, müasir idarəçilik metodlarını təkmilləşdirməyə imkan verir.

Gənclərin sosial problemlərinin həlli istiqamətində genişmiqyaslı işlər görülür. Eyni zamanda, mədəniyyət və idman sahələrində onların iştirakını dəstəkləmək, beynəlxalq tədbirlərdə ölkəni təmsil etmələrinə şərait yaratmaq dövlətin prioritetlərindəndir. Dövrün çağırışlarına cavab vermək üçün gənclərdən yüksək səviyyədə bilik, bacarıq və cəsarət tələb olunur. Rəqəmsal transformasiya, iqlim dəyişiklikləri, qlobal siyasi qeyri-sabitlik kimi amillər gəncləri yeni həll yolları axtarmağa sövq edir.

Gənclər, həmçinin cəmiyyətin dəyərlərinin qorunması, mədəni müxtəlifliyin saxlanılması və sosial bərabərsizliyin aradan qaldırılması kimi mühüm sahələrdə də fəallıq göstərir. Onların yeni texnologiyalar vasitəsilə qlobal proseslərə inteqrasiya etməsi isə ölkənin mövqelərinin güclənməsinə xidmət edir. 2 Fevral – Azərbaycan Gəncləri Günü həm də dövlətin gənclərə verdiyi dəyərin, onların inkişafına yaradılan şəraitin və gələcəyə olan inamın təcəssümüdür. Gənclər cəmiyyətin gələcəyini formalaşdırır. Onların enerji, bilik və təşəbbüskarlığı cəmiyyətin hərtərəfli inkişafını təmin edir. Heç şübhəsiz ki, dövlətin və cəmiyyətin qarşılıqlı səyləri sayəsində gənclərin uğurları daha da artacaq.

Nazimə Şamıyeva,
YAP Füzuli rayon təşkilatının sədri

Seçilən
1
23
ikisahil.az

10Mənbələr