Hər hansı yeni bir qurumun yaradılması geniş müzakirələr, təhlillər və hesablamalar nəticəsində mümkün olur.
Hurriyyet.az xəbər verir ki, bu barədə bu gün Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova bildirib.
O qeyd edib ki, alimentlə bağlı problemlər var və Dövlət Komitəsidə bu məsələnin həllinin vacibliyini vurğulayır.
"Milli Məclisə illik hesabat təqdim edərkən tövsiyyə olunan məsələlərdən biri də aliment fondudur. Bunun üzərində işlər davam edir. Hesab edirəm ki, fond problemləri həll etmək gücündə olmalıdır. Şəffaf, rahat, nəticəsi olan bir fəaliyyət göstərməlidir.
Hazırda bununla bağlı təhlillər aparılır ki, bu fonda nə qədər ehtiyac var, bu ehtiyacları nəzərə almaq üçün hansı imkanları nəzərə almaq lazımdır", - deyə o əlavə edib.
Qeyd edək ki, dünyanın bir çox ölkələrində hökumət tərəfindən aliment fondu yaradılıb. Əgər valideyn üzərinə düşən öhdəliyi yerinə yetirə bilmirsə - aliment pulunu ödəməyə imkanı çatmırsa, bu zaman dövlət alimentin ödənilməsini öz üzərinə götürür.
Azərbaycanda Aliment Fondunun yaradılması yubanır. Bununla bağlı bir neçə ildir ki, müzakirə aparılsa da, hələ də yekun qərar yoxdur.
Demokrat.az