AZ

Azərbaycan banklarında əmanətlərin məbləği nə qədərdir ? - RƏQƏMLƏR

Azərbaycan banklarında vətəndaşların və əcnəbilərin saxladıqları pulun məbləği 2024-cü ilin sonunda 14 milyard 662 milyon manata çatıb. 

 

Sfera.az Mərkəzi Banka istinadən xəbər verir ki, əmanətlərin həcmi dekabrda 426,4 milyon manat, son bir ildə isə 1 milyard 714 milyon manat artıb. İnsanlar banklara pul qoyan zaman vəsaitlərini manatla saxlamağa üstünlük verirlər. Əmanətlərin 9,73 milyard manatının (66,4 faiz) milli valyutada, 4,93 milyard manatın (33,6 faiz) xarici valyutada saxlanması bunu təsdiqləyir.

 

Əmanətçilərin manata üstünlük verməsi faiz dərəcələri ilə bağlıdır. Banklar manatla yerləşdirilən pula xarici valyuta ilə müqayisədə bir neçə dəfə çox faiz verir. Buna səbəb manatla olan əmanətlərin dövlət tərəfindən daha çox sığortalanmasıdır. Mövcud qaydalara əsasən manatla əmanətlər 12 faizə qədər, xarici valyutada əmanətlər isə 2,5 faizə qədər qoyulduqda dövlət tərəfindən sığortalanır.

 

Buna görə də insanlar daha çox faiz gəliri əldə etmək üçün manatla əmanət yerləşdirməyi üstün tutur. Banklara qoyulan pulların çox hissəsi qısa müddətə yerləşdirilir. Cəmi əmanətlərin 10,57 milyard manatı qısamüddətlidir. Qısamüddətli əmanətlərin 6,06 milyard manatı cari hesablarda saxlanılan vəsaitlərdən ibarətdir. 

 

Uzunmüddətli əmanətlərin həcmi isə 4,09 milyard manatdır. Son bir ildə uzunmüddətli əmanətlərin həcmi daha sürətlə artır. Bir il əvvəlki dövrlə müqayisədə uzunmüddətli əmanətlər təxminən 1,5 milyard manat artıb. 

 

Vasif
 

Seçilən
5
1
sfera.az

2Mənbələr