AZ

Avrozona iqtisadiyyatı 2024-cü ilin son rübündə inkişaf etməyib

Avropa Statistika İdarəsi (Eurostat) 2024-cü ilin dördüncü rübü üzrə Avropa İttifaqı (Aİ) və Avrozonada ÜDM-in ilkin məlumatlarını dərc edib.

Marja xəbər verir ki, məlumata görə, 20 üzvlü Avrozonada mövsümi təsirlər xaric Ümumi Daxili Məhsul (ÜDM) 2024-cü ilin dördüncü rübündə üçüncü rüblə müqayisədə dəyişməz qalıb. Avrozonada ÜDM ötən ilin dördüncü rübündə 2023-cü ilin eyni dövrü ilə müqayisədə 0,9 faiz artıb.

Bazar gözləntiləri Avrozonada ÜDM-in rüblük olaraq 0,1 faiz, illik müqayisədə isə 1 faiz artacağı idi. Elan edilmiş məlumatların bazar gözləntilərindən aşağı olması diqqət çəkdi.

Avrozonada iqtisadi artımın lokomotivi olan Almaniyada, ikinci ildir istehsalın azalmasının təsiri ilə region iqtisadiyyatı ötən ilin son rübünü inkişaf etmədən başa vurub.

Avropa İttifaqında (Aİ) mövsümi təsirlər xaric ÜDM ötən ilin son rübündə rüblük müqayisədə 0,1 faiz, illik müqayisədə isə 1,1 faiz artıb.

ÜDM üçüncü rüblə müqayisədə dördüncü rübdə İrlandiyada 1,3 faiz, Almaniyada 0,2 faiz, Fransada 0,1 faiz azalarkən, Avstriya və İtaliyada dəyişməz qalıb.

ÜDM 2024-cü ilin son rübündə 2023-cü ilin eyni dövrü ilə müqayisədə Almaniya və Avstriyada 0,2%, Estoniyada 0,1% azalarkən, İtaliyada 0,5%, Fransada isə  0,7% artıb.

Avropa iqtisadiyyatının aparıcı ölkələri Almaniya və Fransadır; Biznesləri və istehlakçıları dövlət xərcləri, tənzimləmə və vergilər baxımından gələcəyin nə gözlədiyinə dair qeyri-müəyyənlik yaradan siyasi qarışıqlıqdan narahatdır.

Seçilən
0
5
marja.az

5Mənbələr