Keçid dövründə Suriya prezidenti vəzifəsini o icra edəcək
Suriyanın yeni hakimiyyətinin lideri Əhməd əl-Şəra keçid dövründə Suriya prezidenti vəzifəsini icra edəcək.
Yeniavaz.com “Reuters” agentliyinə istinadla xəbər verir ki, bu barədə Hərbi Əməliyyatlar İdarəsinin (yeni hakimiyyətin rəhbər orqanı) rəsmi “Telegram” kanalında dərc etdiyi bəyanatında bildirib.
“Biz Suriya Ərəb Respublikasının rəhbəri vəzifəsini icra edəcək və onu beynəlxalq forumlarda təmsil edəcək Əhməd əl-Şəranın keçid dövründə ölkə prezidenti postuna təyin olunduğunu elan edirik”, - deyə bəyanatda qeyd edilib.
Həmçinin bəyanatda qeyd edilib ki, Əhməd Əl-Şəra Suriya prezidenti kimi yeni konstitusiyanın təsdiq olunmasına və qüvvəyə minməsinə qədər keçid dövründə fəaliyyət göstərəcək müvəqqəti qanunvericilik şurasının yaradılmasını öz üzərinə götürəcək.
Bundan əlavə, Hərbi Əməliyyatlar İdarəsi Suriyada parlamentin buraxıldığını və konstitusiyaya xitam verildiyini elan edib.
Digər tərəfdən, idarə Suriyada fəaliyyət göstərən və əvvəlki rejimlə əlaqəli olan bütün təhlükəsizlik orqanlarının və silahlı birləşmələrin ləğv edildiyini açıqlayıb.