Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan HƏMAS Şura Məclisinin sədri Məhəmməd Dərvişin rəhbərlik etdiyi nümayəndə heyəti ilə Prezident sarayında görüşüb. Qəbulda Türkiyənin xarici işlər naziri Hakan Fidan, Milli Kəşfiyyat Xidmətinin rəhbəri İbrahim Kalın da iştirak edib.
Maraqlıdır, bu görüşün İsrail-Fələstin münaqişəsinə hansı təsirləri olacaq? Ümumiyyətlə, Türkiyə HƏMAS-a açıq dəstək nümayiş etdirməklə hansı riskləri üzərinə götürür?
Bununla bağlı Sfera.az-a açıqlama verən politoloq İlyas Hüseynov deyib ki, Türkiyə hər zaman İsrail-HƏMAS münaqişəsində fələstinlilərin tərəfini tutmağa dair açıqlamalar verib:
“Baxmayaraq ki, İsrail dövlətinin dünyadakı gücü hər kəsə bəllidir, Türkiyə dünya müsəlmanlarının tərəfini tutmaq istiqamətində açıq fikirlərini bildirib. Bu da şübhəsiz ki, müsəlman dünyasında hər zaman müsbət qarşılanıb. Eyni zamanda xüsusilə qeyd etmək lazımdır ki, Suriyada hakimiyyət dəyişikliyindən sonra Türkiyə burada öz maraqlarını möhkəmləndirib. Lakin İsrail də Qolan yüksəkliklərindən daha da irəliyə gedərək müəyyən mövqeləri formalaşdırıb və bunun adını bufer zona qoyub. Şübhəsiz ki, bu, Ankaranın maraqlarına ziddir. Suriyanın ərazi bütövlüyü konteksində məsələnin həllini görən Türkiyə tərəfi mövcud vəziyyəti qəbul etmək istəmir”.
Müsahibimiz qeyd etdi ki, Türkiyə və İsrail Suriya ərazisində müharibə aparmaq niyyətində də deyil:
“Hər iki dövlət müəyyən mənada Qərb koalisiyasını təşkil edir – Türkiyənin NATO-da üzvlüyü, İsrailin əsas strateji, siyasi, hərbi müttəfiqinin ABŞ olması tərəflər arasında sülhü formalaşdırmaq üçün əsas amil kimi qiymətləndirilir. Lakin mövcud vəziyyət də Ankara tərəfindən qəbul olunmur. Bu xüsusda HƏMAS-a göstərilən siyasi dəstək müəyyən mənada İsrailə qarşı yönəlib. Bu həm də açıq dəstəyin ifadə olunmasını özündə əks etdirir. Hesab edirəm ki, xüsusilə Türkiyənin əsas qərarvericilərinin bu görüşdə iştirak etməsi hər kəs üçün bir siqnal olmalıdır. Həmçinin İsrail tərəfi də bütün baş verən proseslərlə bağlı öz ölçüsünü götürməli və buna uyğun Yaxın Şərq bölgəsində təhlükəsizlik formalaşdırılmalıdır”.
Günay