AZ

“Freywille”nin Qarabağın vərni xalçasından ilhamlanaraq yaratdığı “Sehrli xalça” kolleksiyası Vyanada təqdim olunub

Bakı, 30 yanvar, AZƏRTAC

Vyana şəhərində fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzində Avstriyanın dünyaca məşhur zərgərlik brendi “Freywille”nin Qarabağ xalçalarına aid naxışlar əsasında yaratdığı “Sehrli xalça” kolleksiyasının təqdimatı keçirilib.

Milli Xalça Muzeyindən AZƏRTAC-a bildirilib ki, tədbirdə çıxış edən mərkəzinin direktoru Leyla Qasımova Azərbaycanın ən qədim xalq sənəti növü olan milli xalçaların Avstriyanın məşhur zərgərlik brendinin yeni kolleksiya üçün ilham mənbəyi olmasından məmnunluq ifadə edib. O, kolleksiyanın Azərbaycan Mədəniyyət Mərkəzində təqdimatını yüksək qiymətləndirib.

Ölkəmizin Avstriyadakı səfiri Rövşən Sadıqbəyli Azərbaycan və Avstriya qurumları arasında uğurlu əməkdaşlıq nəticəsində yaranan bu kolleksiyanın mədəniyyətimizin, xüsusilə də Qarabağ xalçaçılıq ənənəsinin dünyada tanıdılmasına verdiyi töhfədən bəhs edib.

“Freywille” şirkətinin rəhbəri Fridrix Ville Azərbaycan Milli Xalça Muzeyi ilə “Freywille” zərgərlik evi arasındakı əməkdaşlığı yüksək dəyərləndirib: “1951-ci ildə təsis edilən “Freywille” şirkəti dünyanın bir sıra məşhur muzeyləri ilə əməkdaşlıq edib. Zərgərlik evinin mütəxəssisləri bu muzeylərdə qorunub saxlanılan Qustav Klimt, Vincent van Qoq, Alfons Muxa, Vilyam Morris, Pol Qogen kimi dahi rəssamların əsərlərindən ilhamlanaraq əsrarəngiz kolleksiyalar yaradıblar.

Azərbaycan Milli Xalça Muzeyi ilə əməkdaşlıq nəticəsində isə “Freywille” brendi ilk dəfə zərgərlik məmulatlarının dizaynında Azərbaycan xalça naxışlarından və motivlərindən istifadə edir”.

Azərbaycan Milli Xalça Muzeyinin direktoru Əminə Məlikova bu unikal kolleksiyanın rəhbərlik etdiyi muzeylə “Freywille” arasında imzalanan Anlaşma Memorandumuna əsasən hazırlandığını bildirib. O, ötən il dekabrın 5-də ilk dəfə Azərbaycan Milli Xalça Muzeyində kolleksiyanın təqdimatının yüksək səviyyədə baş tutduğunu diqqətə çatdırıb. Ə.Məlikova milli mədəni irsimizə xüsusi rəğbət və sevgidən yaranan “Sehrli xalça” kolleksiyasının 6 aya yaxın müddətdə hazırlandığını deyib: “Müasir incəsənət və zərgərlik texnologiyası ilə xalqımızın zəngin tarixini özündə birləşdirən kolleksiya Qarabağın məşhur xovsuz xalçası vərninin orijinal naxışlarından ilhamlanaraq yaradılıb. Xalçanın əsas özəlliyi üzərində stilizə edilmiş həndəsi əjdaha motivlərinin olmasıdır. Xalq inancına görə, mühafizəkar əjdahalar suyu, bolluq və bərəkəti təmsil edirdi. Onu hətta evin, ailənin qruyucusu sayırdılar”.

Əminə xanım bildirib ki, bu kolleksiya xalça sənətimizi daha geniş kütlələr arasında tanıdacaq və bu sokral bəzək elementlərinin milli-mədəni irsimizin bir hissəsi olmasını bir daha təsdiqləyəcək.

“Freywille”nin peşəkar dizaynerlərindən Alice Tipse bu unikal muzeydə kəşf etdikləri nümunələrin zərgərlikdə növbəti sənət əsəri yaratmaq üçün möhtəşəm ilham qaynağı olduğunu diqqətə çatdırıb. Yeni kolleksiyanı sənətkarlığın, tarix və incəsənətin möhtəşəm harmoniyası kimi dəyərləndirib. O, kolleksiyanın yaradılması prosesindən maraqlı məqamları təqdimat vasitəsilə qonaqlara nümayiş etdirib.

Tədbirin bədii hissəsində tanınmış pianoçu Abuzər Manafzadə və kamança ustası Ruhulla Əziz çıxış ediblər.

Daha sonra qonaqlar “Sehrli xalça” zərgərlik kolleksiyası ilə, həmçinin Azərbaycan Milli Xalça Muzeyinin kolleksiyasından olan vərni xalçaları tanış olublar.

Burada xüsusi stenddə vərni xalçasının naxışları əsasında hazırlanan muzeyin promo məhsulları da təqdim edilib.

Sonda tədbir iştirakçıları arasında lotereya oyunu keçirilib və 3 qalib seçilərək onlara “Freywille” tərəfindən hədiyyələr bağışlanıb.

 

 

Seçilən
2
50
azertag.az

10Mənbələr