Cümə axşamı Bakı Ağır Cinayətlər Məhkəməsində keçmiş deputat və sahibkar Hüseyn Abdullayevin işi üzrə proses davam edib. Prosesə Azər Tağıyev sədrlik edib.
Abdullayevin prezident İlham Əliyevə və baş prokurora müraciətlərilə əlaqədar yanvarın 30-da məhkəmə istintaqının yeniləndiyi elan edilib.
Lakin müraciətlərin faydası olmayıb və dövlət ittihamçısı Abdullayevin barəsində ittiham aktını təkrarlayıb və bir daha Abdullayevin 10 il azadlıqdan məhrum edilməsini istəyib.
Müdafiə tərəfi yekun çıxış üçün vaxt istəyib və proses fevralın 13-nə təyin edilib.
Abdullayev prezidentə müraciətində səhhətinin pis olması və yaşlı anasının vəziyyəti ilə əlaqədar azadlığa buraxılmasını xahiş edib. Vəkil Günay İsmayılova Turan-a bildirib ki, Abdullayev kəskin hipertoniya xəstəliyindən və ürək problemlərindən əziyyət çəkir. Həbsxanada o, adekvat tibbi müalicə almır və geniş infarkt riski var. Bu səbəbdən Abdullayev uzun müddətdir ki, məhkəmədə istintaq təcridxanasından videobağlantı ilə iştirak edir.
* Hüseyn Abdullayev 1990-cı illərdə neft və neft məhsulları üzrə biznes sahəsində qabaqcıl mövqelər tutub. Onun əlaltıları müxalifətin etirazlarının dağıdılmasında iştirak ediblər.
2013-cü ildə Azərbaycandan mühacirət edib. Bir müddət sonra ona qarşı vergidən yayınma ittihamı ilə cinayət işi açılıb. 2018-ci il aprelin 22-də Türkiyədə saxlanılıb və Azərbaycana ekstradisiya edilib.
Onu qanunsuz sahibkarlıq, dələduzluq, tələbetmədə ittiham ediblər və 6 il həbs cəzasına məhkum ediblər. Cəza müddətinin bitməsinə 47 gün qalmış ona qarşı cinayət yoluyla əldə edilmiş pulların leqallaşdırılması ilə bağlı yeni ittiham (Cinayət Məcəlləsinin 193-1.3.2-ci maddəsi) irəli sürülüb. Əsasən o 2006-2014-cü illərdə 6 milyon manatın yuyulmasında ittiham olunur, baxmayaraq ki, istintaq onun 2000-2018-ci illərdəki hərəkətlərini araşdırıb. Hüseyn Abdullayev ittihamları rədd edib