Müdafiə Nazirliyinin Mənzil İstismar İdarəsinin sabiq rəisi, polkovnik Elmar Məmmədov və eyni idarənin Əsaslı və Cari Təmir bölməsinin sabiq müdiri Rəhim Laçınovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Publika.az Teleqraf.com-a istinadla xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakim Bilal Məmmədovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.
Daha sonra prosesdə məlum olub ki, dövlət ittihamını Hərbi Prokurorluğun dövlət ittihamı idarəsinin birinci instansiya məhkəmələri üzrə şöbəsinin prokuroru Günay Əsgərova müdafiə edir.
Prosesdə zərərçəkmiş qismində Müdafiə Nazirliyinin nümayəndəsinin iştirak etməsi məlum olub.
Bundan başqa, təqsirləndirilən şəxslərə müdafiəçiləri təqdim olunub. Elmar Məmmədovu vəkil Telman Abdiyev, Rəhim Laçınovu isə Faiq Nəcəfov müdafiə edirlər.
Daha sonra prosesdə vəkil Faiq Nəcəfovun vəsatəti elan edilib. Həmin vəsatətdən məlum olur ki, Rəhim Laçınovun mülkiyyətində olan iki avtomobilin üzərinə qoyulmuş həbsin götürülməsi istənilir.
Vəsatətdə qeyd olunub ki, təqsirləndirilən şəxs tərəfindən dövlətə dəymiş ziyan tam ödənilib və bu səbəbdən də həmin avtomobillərin üzərinə qoyulmuş həbsin götürülməsi üçün əsaslar aradan qaldırılıb.
Dövlət ittihamçısı bildirib ki, həmin əmlakların üzərindən həbsin götürülməsinə etiraz etmirlər. O, bu məsələni məhkəmənin ixtiyarına verdiyini deyib.
Həmçinin dövlət ittihamçısı qeyd edib ki, cinayət işinin məhkəmə baxışına verilməsi, cinayət işinin araşdırılmasını istəyirlər. O, təqsirləndirilən şəxslərin barəsində seçilmiş qətimkan tədbirinin dəyişdirilməsi ilə bağlı əsasların olmadığını deyib.
Daha sonra hakim hazırlıq iclasının qərarını elan etmək üçün müşavirə otağına yollanıblar. Müşavirədən qayıdan hakim hazırlıq iclasının qərarını açıqlayıb.
Qərara görə, Rəhim Laçınovun mülkiyyətində olan nəqliyyat vasitələrinin üzərindən həbsin götürülməsi barədə vəsatət hazırkı mərhələdə təmin olunmayıb. Qeyd olunub ki, bu məsələyə məhkəmə araşdırılması zamanı baxılacaq.