AZ

Ölən şəxsin aliment borcunu kim ödəməlidir?

Aliment müəyyən şəxslərin, əsasən valideynlərin və ya digər ailə üzvlərinin, digər şəxslərə - adətən uşaqlara və ya həyat yoldaşına maddi dəstək vermək öhdəliyini ifadə edir. Aliment ödənişinin həyata keçirilməməsi hüquqi nəticələrə səbəb ola bilər. Məhkəmə aliment borcunun ödənməməsi barədə şikayətə baxaraq qarşı tərəf barəsində lazımi hüquqi cəza tədbirlərinin tətbiqi barədə qərar qəbul edə bilər. Bəs aliment ödəyən şəxs vəfat etdikdə onun aliment borcunu kim ödəməlidir?

Mövzu ilə bağlı e-huquq.az-a danışan vəkil Aytac Məmmədli deyib ki, Azərbaycan Respublikasının Ailə Məcəlləsində aliment öhdəliklərinə xitam verilməsinin əsasları konkret olaraq göstərilib. Həmin əsaslardan biri də aliment alan şəxs və ya aliment ödəyən şəxsin vəfat etməsidir. Belə ki, aliment ödəyən şəxs vəfat etdikdə onun aliment öhdəliklərinə xitam verilir.

Aliment ödəyən şəxsin sağ olduğu müddətdə yığılmış aliment borcunun ödənilməsi ilə bağlı məsələyə gəlincə isə vəkil bildirib ki, Mülki Məcəllənin 1151-ci maddəsinə əsasən miras əmlaka miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının və vəzifələrin toplusu daxildir: "Şəxsi xarakter daşıyan əmlak hüquqları və vəzifələr isə mirasın tərkibinə daxil deyildir (Mülki Məcəllənin 1153-cü maddəsi). Bunlara aliment öhdəlikləri, yaşayış sahəsindən istifadə hüququ, miras qoyanın sağlamlığına dəymiş zərərin ödənilməsi öhdəlikləri və s. daxildir. Belə ki, aliment öhdəlikləri şəxsi xarakter daşıyan öhdəlik olduğundan, miras əmlakın tərkibinə daxil deyil və aliment ödəyən şəxsin ölümündən sonra onun vərəsələrindən tələb edilə bilməz".

A.Məmmədli onu da deyib ki, Ailə Məcəlləsində nənə və babaların nəvəni saxlamaq vəzifəsi təsbit edilib: "Həmin normaya əsasən yardıma ehtiyacı olan yetkinlik yaşına çatmayan nəvələr saxlanmaq üçün öz valideynlərindən maddi yardım ala bilmədikdə, buna zəruri vəsaitə malik baba və nənədən məhkəmə qaydasında aliment almaq hüququna malikdirlər. Əmək qabiliyyəti olmayan və yardıma ehtiyacı olan yetkinlik yaşına çatan nəvələr saxlanmaq üçün valideynlərindən, yaxud da ərdən (arvaddan) maddi yardım ala bilmədikdə, onlara da eyni hüquq verilir".

Seçilən
4
42
turanpress.com

10Mənbələr