Yasin Mustafayev: "Bu gün taksi sayının azalmasının səbəbi onların tələblərə cavab verməməsidir"
“İslahatlar taksi xidməti üzrə də həyata keçirilmişdir. İslahatlardan öncə xidmət keyfiyyəti və təhlükəsizliklə bağlı ictimaiyyətdə haqlı narazılıqlar mövcud idi”. Bunu rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev nəqliyyat məsələlərinə həsr olunmuş müşavirədə Prezident İlham Əliyevə məruzəsində bildirib.
Nazir qeyd edib ki, islahatlar nəticəsində taksilərin sayı 67 mindən 30 minə, taksilərin orta yaşı isə 15-dən 8-ə endirilib: “Ən başlıcası isə şəhər mərkəzinə doğru sıxlıq yaradan qısa məsafəyə səfərlərin sayı kəskin azalıbdır, təxminən 32 faiz".
Qeyd edək ki, ötən il iyulun 1-dən Nazirlər Kabineti "Müntəzəm və taksi minik avtomobili ilə sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitələrinin texniki göstəriciləri, daxili və xarici tərtibatına dair Tələblər"i müəyyən etdi. Sənədə görə, buraxılış tarixindən 15 ildən artıq müddət keçən minik avtomobilləri taksi kimi sərnişin daşımalarında istifadə oluna bilməz. Həmin tarixdən taksi fəaliyyətinə icazə almaq üçün avtomobillərin yaşı 7 ildən az olmalıdır. Tələblərdə avtomobilin texniki göstəriciləri ilə bağlı başqa məsələlər də yer alırdı. Bütün bu dəyişikliklərdən sonra taksilərin sayında azalma, qiymətlərdə isə artım baş verdiyi bildirilir.
Qeyd edildiyi kimi, paytaxt ərazisində hərəkət edən taksilərin sayı azalıb. Maraqlıdır, 30 min taksi Bakıya bəs edir?
"Əvvəllər bu sahədə işləyənlər yenidən taksi fəaliyyətinə qayıdacaq, onlar bu sahəyə qayıtmaq üçün müəyyən çıxış yolu axtarır"
Nəqliyyat eksperti Yasin Mustafayev hesab edir ki, əsas məqsəd fərdi nəqliyyat vasitələrinin, minik avtomobilərinin sayını azaltmaq, ictimai nəqliyyatın işini təkmilləşdirib, tıxacların qarşısını almaq üçün insanları ona yönəltməkdir: "Yeganə çıxış yolu ictimai nəqliyyatın yolunu optimallaşdırmaqdır. Bu gün taksi sayının azalmasının səbəbi onların tələblərə cavab verməməsidir. Məlumdur ki, bu işə yeni və müasir taksilər cəlb olunub. Biz yeniliyi görürük. Əsasən də hibrid və elektrikli nəqliyyat vasitələri diqqəti cəlb edir. Bu avtomobillər yanacağı az işlədir və ya elektriklə işləyir. Belə nəqliyyat vasitələrinin sayı artacaq. Hazırda 23 min taksi fəaliyyətdədir. Çünki bu sahə gəlirlidir. Zənnimcə, əvvəllər bu sahədə işləyənlər yenidən taksi fəaliyyətinə qayıdacaq. Onların idarə etdiyi nəqliyyat vasitələri tələblərə cavab vermədiyi üçün kənarda qalıblar. Onlar bu sahəyə qayıtmaq üçün müəyyən çıxış yolu axtarır".
Günel CƏLİLOVA