1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
Son dövrlərdə mikromobillik vasitələrinin, xüsusilə velosiped, skuter və digər alternativ nəqliyyat növlərinin əhəmiyyəti geniş müzakirə edilir.
Oxu.Az xəbər verir ki, 2050-ci ilə qədər dünya əhalisinin üçdə ikisinin şəhərlərdə yaşayacağı proqnozlaşdırılır ki, bu da şəhər mühitində insanların hərəkət etmə tərzini daha da aktual edir.
Ekspertlər bildirirlər ki, ictimai nəqliyyat insanların gündəlik tələbatını ödəsə də, alternativlərdən məhrum şəhərlərdə şəxsi avtomobillər əsas nəqliyyat vasitəsi olaraq qalır. Bunun nəticəsində də yollarda sıxlıq, ekologiyanın çirklənməsi və parklanma problemləri daha da dərinləşir.
Dünya təcrübəsi göstərir ki, müasir iri şəhərlərdəki mühitin daha çox ictimai nəqliyyat və insan yönümlü olması hədəflənir. Bu istiqamətdə şəxsi nəqliyyat vasitələrindən çox ictimai və alternativ nəqliyyat növlərindən istifadənin təşviq edilməsi ön plana çıxır.
Bu məqsədə çatmaq üçün isə şəhər mobilliyinin aktiv inkişafı, ictimai nəqliyyat və piyada infrastrukturunun təkmilləşdirilməsi, velosiped və digər alternativ vasitələr üçün zəruri infrastrukturun qurulması tələb olunur.
"İnsan yönümlü şəhərlər" layihəsinin təsisçisi Anar Əliyev Oxu.Az-a verdiyi açıqlamada, velosiped infrastrukturunun şəhər həyatında böyük rol oynadığını vurğulayıb.
Ekspert qeyd edib ki, velosiped zolaqları və müvafiq şərait (geniş əhatə sahəsi, parkinq, icarə xidmətləri) velosipedləri və eyni zamanda, skuterləri cəlbedici və təhlükəsiz nəqliyyat vasitələrinə çevirir:
"Bu, nəinki mobilliyi artırır, həm də əhalinin sağlam həyat tərzi keçirməsinə, ətraf mühitin təmizlənməsinə və eyni zamanda, tıxacların azalmasına kömək edir", - deyə ekspert vurğulayıb.
A.Əliyev Bakıda son bir ildə 35 kilometr uzunluğunda velosiped yollarının salındığını və bu göstəricinin müsbət bir addım olduğunu qeyd edib. Onun fikrincə, Bakı küçələrinin böyük əksəriyyəti velosiped infrastrukturu üçün əlverişlidir və bu istiqamətdə işlərin sürətlə davam etməsi velosipedlərin nəqliyyat vasitəsi olaraq daha çox istifadə edilməsinə şərait yaradacaq:
"Bəzən insanlara elə gəlir ki, Bakıda mikromobillikdən istifadə edənlər yox səviyyəsindədir. Zənnimcə, bu, çox yanlış bir fərziyyədir. Nəzərə almaq lazımdır ki, Bakıda velosiped icarəsi cəmi beş ay əvvəl istifadəyə verilib və qısa müddətdə böyük istifadəçi bazasını qazana bilib.
Elektroskuter istifadəçilərinin sayı da kifayət qədər çoxdur. Skuter icarəsini Bakıda bu gün dörd şirkət təklif edir. Statistikaya görə, hər ay velosiped və skuterlə 200 min səfər olunur, yəni gündə təxminən 7 min velosiped və skuter mikromobillik zolaqlarından yararlanır. Bu, islahatlara yenicə qədəm qoyan bir şəhər üçün yaxşı göstəricidir. Hətta velosiped dükanları da velosiped infrastrukturunun yaradılmasından sonra satışların artdığını bildiriblər", - deyə A.Əliyev qeyd edib.
Onun fikrincə, mikromobilliyin həqiqətən də populyarlıq qazanması üçün çox geniş velosiped yolları şəbəkəsi yaradılmalı və bu, Bakının hər bir küçəsini əhatə etməlidir:
"Bütün velosiped zolaqları bir-birinə təhlükəsiz şəkildə bağlanmalıdır. Küçələrdə yeraltı və ya yerüstü keçidlər olmamalıdır, çünki onlar velosiped zolaqlarının bir-birinə bağlanmasına çətinlik yaradır. Velosiped duracaqlarının sayı da kifayət qədər olmalıdır. Məsələn, götürək velosiped infrastrukturunu sürətlə inkişaf etdirən şəhərlərdən Berlin və Parisi. Bu şəhərlərdə bir çox küçələrdə mövcud hərəkət hissəsini istifadə edərək velosiped zolaqları şəbəkəsini təşkil ediblər. Bu da velosiped istifadəsinin kəskin artmasına səbəb olub. Bu gün Berlində 620 km, Parisdə isə 1000 km-dən çox velosiped zolaqları təşkil olunub".
A.Əliyev onu da diqqətə çatdırıb ki, qış ayları və iqlimi Bakıdan qat-qat daha soyuq və sərt olan Kopenhagen və Amsterdam kimi şəhərlər velosiped infrastrukturu cəhətdən etalondur:
"Bu şəhərlərdəki küçələrin demək olar ki, 100%-i velosiped zolaqları ilə əhatə olunub. Eyni zamanda, bu kimi şəhərlərdə rahat gəzmək üçün geniş səkilər və saat kimi çalışan ictimai nəqliyyat mövcuddur. Belə şəhərlərdə xüsusi halları çıxmaq şərtilə avtomobildən istifadə etmək arzusu da olmur.
Onu da qeyd edim ki, Niderland Avropanın ən avtomobilləşmiş ölkələrindən biridir. Burada hər 1000 nəfərə 500-ə yaxın avtomobil düşür, Azərbaycanda isə bu rəqəm 200-dən aşağıdır. Lakin inkişaf etmiş şəhərlərdə fərdi avtomobilə rahat və əlçatan alternativlər təqdim edirlər deyə, burada Bakıdakı kimi dəhşətli tıxaclara rast gəlinmir".
"İnsan yönümlü şəhərlər konsepsiyası bu gün tək Avropa ölkələrində deyil, digər qitələrə aid şəhərlərdə də sürətlə tətbiq olunur. Sinqapur, Avstraliya, Kolumbiya, Cənubi Koreya, hətta ABŞ şəhərlərinin bəziləri bu konsepsiyaya uyğun pilot layihələrinin icrasına start verib. Çünki insan yönümlü şəhər tək tıxacsız və rahat şəhər demək deyil. Bu, inklüziv, əlçatan, daha sağlam, ekoloji təmiz və iqtisadi cəhətdən daha inkişaf etmiş şəhər deməkdir", - deyə ekspert bildirib.
Əzizə İsmayılova