1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
Günlərdir yerli medianın gündəmini plastik əməliyyatdan bir müddət sonra dünyasını dəyişən Nəzrin Mansurlu və bu işlə əlaqəli həbs olunan plastik cərrah Sənan Mehdiyevlə bağlı xəbərlər zəbt edib.
Təbii olaraq bir xanımın gənc yaşında dünyadan köçməsi hər bir kəsi məyus edir. Medianı da, əməliyyatı edən həkimi də, həkimin ətrafını da, oxucunu da ən çox üzən məsələ bir uşağın anasız, bir kişinin xanımsız, bir ata-ananın övladsız, bir kollektivin iş yoldaşsız qalması məsələsidir. Hamı bu məsələdə ailəyə başsağlığı vermək və səbir diləməklə onların dərdinə şərik olmağa çalışır. Bu fakt hər kəs üçün ən öndə duran məsələdir.
Ancaq məsələ tək bununla bitmir. Ortada başqa bir fakt var. Daha doğrusu, iki mühüm fakt var: Nüfuzlu "Liv Bona Dea", yaxud "Liv Bona Dea"nın nüfuzu və həmin günü növbədə olan həkimlər. Və bu həkimlərin fonunda plastik cərrah Sənan Mehdiyevin həbsi faktı.
Təbii ki, məsələ ilə bağlı hüquq-mühafizə orqanları araşdırma, istintaq aparır. Bu, istintaqın obyektiv və ədalətli aparılmasına heç kimdə şübhə yoxdur.
Gələk məsələnin "Liv Bona Dea" nöqtəsinə. Azərbaycanda hər kəsə məlumdur ki, ən etibarlı tibb ocağı deyərkən ilk ağıla adlardan biri məhz "Bona Dea"dır. Klinikanın nüfuzu, müasir avadanlığa malik olması, peşəkar həkim heyəti və inzibati binasının əlverişli şəraitdə olması və s. üstünlüklər onu ən öndə gedənlərdən biri olması faktını danılmaz edir. Bundan əlavə klinikanın həkim heyətinin daha peşəkar və adlı-sanlı olması bu tibb mərkəzinin adının brendləşməsinə səbəb olub. Təsadüfi deyildir ki, "Liv Bona Dea" nüfuzuna və etibarlığına görə hətta qonşu ölkələrin tanınmış klinikaları ilə müqayisə edilir. Ölüm faktının bu klinikada baş verməsi suallara cavabın bir hissəsinin burada axtarılmasına işarə edir. Bəs bu işarələr kimə, yaxud kimlərədir?
ABŞ-də yaşayan jurnalist Qənirə Ataşova məsələ ilə bağlı paylaşım edərkən bir məqama toxunmuşdu. Həmin məqam xəstənin "Liv Bona Dea" klinikasına daxil olan zaman növbətçi həkimlərin adları məsələsi idi. Bəs Nəzrin Mansurlu klinikaya gətirilən zaman növbədə olan həkimlər kim olub?
Məlumata görə, həmin günü "Liv Bona Dea" klinikasında qəbul şöbəsinin növbətçi həkimi Rifah Həmidov və reanimatoloq Məhsəti Yusifova olub. Suallardan biri də burada yaranır. Həmin həkimlər xəstəyə hansı formada və dərəcədə yardım edə biliblər? Vurulan iynələr, köçürülən sistemlər və s. Burada ortada açıq qalan suallar çoxdur.
Təbii ki, bütün suallara ədalətli istintaqda cavab tapılacaq.
Və bu məsələdə "Liv Bona Dea" kimi nüfuzlu klinikanın adının hansısa əməkdaşa görə pis hallanmasının böyük ədalətsizlik olduğunu demək istəyərdim. Ümid edirik ki, "Liv Bona Dea" klinikası özü bu məsələnin aydınlığa çıxmasında addımlarını atacaq.