AZ

Ermənistan Naxçıvanla sərhəddə Qərb hərbçilərini yerləşdirir...

Image

Avropa İttifaqının səfirləri Ermənistandakı müşahidə missiyasının iki il müddətinə uzadılmasını təsdiqləyiblər. Bu qərara əsasən, avropalı müşahidəçilər daha iki il - 2027-ci il fevralın 19-dək Ermənistanın sərhədyanı rayonlarında qalacaqlar. Müqavilə layihəsində müşahidəçilərin tərkibinin və sayının dəyişməz qalacağı (165 xarici və 44 erməni üzv) nəzərdə tutulur.

Ermənistandakı missiyanın məlumatına görə, bu qərar yaxın vaxtlarda Avropa İttifaqına üzv ölkələrin xarici işlər nazirləri tərəfindən təsdiqlənməlidir. Qeyd edək ki, Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas Aİ-nin Ermənistanda mülki missiyasının mandatının daha iki il müddətinə uzadılmasını təklif etmişdi. Bütün bunlar regionda sülh üçün ciddi təhdid yaradır. Missiyanın müşahidə zonası, rəsmi açıqlamaya görə, Naxçıvan bölməsi də daxil olmaqla, bütün Ermənistan-Azərbaycan sərhədi boyunca uzanacaq. Bu addım onu deməyə əsas verir ki, Ermənistan sülh müqaviləsini imzalamaqda maraqlı deyil. Çünki Bakı sərhədlərdə üçüncü qüvvənin olmasını istəmir. O da faktdır ki,  müşahidə missiyası təyinatı üzrə fəaliyyət göstərmir. Regionda sabitliyə və Ermənistanla Azərbaycan arasında etimada töhfə vermək üçün fəaliyyətə başladığını elan edən missiya ötən müddət ərzində qarşısına qoyduğu heç bir hədəfə çatmayıb, əksinə, etimadın yaranmasında əngəl, şərti sərhəddə hərbi təxribatlar üçün katalizator rolu oynayır. Missiyanın tərkibi birmənalı şəkildə NATO ölkələrinin hərbi kəşfiyyat mütəxəssisləri hesabına formalaşdırılıb. Avropa Birliyinin müşahidə missiyasının vəzifəsi hazırda Cənubi Qafqazda Azərbaycan, Türkiyə, İran və Rusiya haqqında kəşfiyyat xarakterli materiallar toplamaqdan ibarətdir. Missiya kəşfiyyat orqanına, casus şəbəkəsinə çevrilib və region ölkələrə qarşı fəaliyyət göstərir.  Digər tərəfdən, mülki missiya adı altında Avropa İttifaqı regiona ayrı-ayrı Avropa ölkələrinin keçmiş hərbçilərini, xüsusi xidmət orqanlarının əməkdaşlarını yerləşdirir. Çoxşaxəli məqsədlər arasında Azərbaycan-Ermənistan şərti sərhədini yeni təmas xəttinə çevirmək, burada möhkəmləndirilmiş mövqelər yaratmaq, erməni hərbçilərini kəşfiyyat məlumatları ilə təmin etmək və sair daxildir. Bütün bunlar Ermənistanın silahlandırlması fonunda qeydə alınır. Rəsmi Paris Ermənistan vasitəsilə Cənubi Qafqazda öz maraqlarını təmin etməyə çalışır. Parisin məqsədi regionda yeni müharibə alovlandırmaqdır. Fransa ilə yanaşı, Hindistan da Ermənistana silah satışını davam etdirir. Yunanıstan isə S-300 raket komplekslərini Ermənistana vermək niyyətindədir.  Fransa və Hindistanın verdiyi pulsuz silahlar, Yunanıstanın S-300 raket komplekslərini Ermənistana vermək niyyəti, "Sülh fondu" adı altında silah-sursat, hərbi texnikaların alınması üçün milyonlarla dollar ayıran Avropa İttifaqının "Avropa Sülh Fondu"nun Ermənistana dəstəyi İrəvanı yenidən revanşizmə həvəsləndirir.

Bu günlərdə prezident İlham Əliyev Rusiya media subyektlərinə müsahibəsində də bəyan edib ki, Ermənistanın tədarük etdiyi silahlar hücum silahlarıdır, öldürücüdür və Azərbaycan üçün praktiki təhlükə yaradır. Dövlət başçısı qeyd edib: “Nəzərə alsaq ki, Ermənistanla sərhədimizin uzunluğu min kilometrdən çoxdur, bir çox yaşayış məntəqələri sərhədə yaxın yerləşib və bu yaşayış məntəqələrinin əksəriyyətinə keçmiş köçkünlər qayıdırlar, təbii ki, biz bu prosesi yalnız kənardan müşahidə edə bilmərik”. Belə olan halda Azərbaycanın adekvat tədbirlər görməsi təbiidir. 2025-ci ildə növbəti hərbi büdcəmizin rekord büdcə olması da bununla bağlıdır. Bu fonda prezident İlham Əliyev Ermənistana xəbərdarlıq edərək bildirib ki, Azərbaycan, sadəcə olaraq, bu məsələ ilə bağlı tamaşaçı rolunda olmayacaq. Yəni, onları təhrik edən və bu gün yenə də Azərbaycan üzərinə hücum etməyə vadar edən xarici dairələr, xarici ölkələr onların arxasında durmayacaq, sadəcə olaraq, dura bilməyəcək. Ona görə Azərbaycan prezidenti bir daha Ermənistana hələ ki, gec deyil, bu təhlükəli yoldan geri qayıtmağı tövsiyə edib. Belə vəziyyətdə Avropa İttifaqının Ermənistandakı müşahidə missiyasının gerçək məqsədi regionda sülhə töhfə vermək deyil. Ötən dövrdə baş verən proseslər göstərdi ki, bu missiya mülki deyil, hərbi-kəşfiyyat xarakteri daşıyır. Missiya üzvlərinin əvvəllər hərbi-təhlükəsizlik sahəsində çalışmaları da bunu təsdiqləyir. Missiya üzvləri ötən dövrdə yalnız binoklla sərhəddən Azərbaycana baxmaqla kifayətlənib, hərdən də bir sıra ölkələrdən gələn rəsmilər, eləcə də diplomatlarla birlikdə uzaqdan Azərbaycan ərazilərini seyr etməklə məşğul olublar. Ötən dövrdə erməni tərəfi bir sıra hərbi təxribatlar törədib ki, Aİ missiyası o zaman ortalıqda görünməyib. Yəni, onlar erməni təxribatının qarşısını almaq üçün heç bir addım atmayıblar. Bu da Qərbin müəyyən maraqlarının göstəricisidir. Rəsmi Bakının mövqeyi belədir ki, sözügedən missiya regional sabitlik, tərəflər arasında etimad quruculuğuna töhfə vermək kimi bəyan edilmiş məqsədlərinə zidd olaraq, Azərbaycan əleyhinə təbliğat vasitəsinə çevrilib. Missiyanın mahiyyət etibarilə müxtəlif Avropa rəsmilərinin, qeyri-rəsmi nümayəndə heyətlərinin sərhəd bölgələrinə səfərlərinin təşkilinə hesablanmış “binokl diplomatiyası”nın agentinə çevrildiyi Aİ tərəfinin diqqətinə çatdırılıb.  Ekspertlərin fikrincə, baş verənlər deməyə əsas verir ki, həqiqətən də, regionda belə bir missiyaya ehtiyac yoxdur.

Tahir TAĞIYEV





Seçilən
0
4
baki-xeber.com

7Mənbələr