AZ

Kreml Sarayında Polad Bülbüloğlunun yubiley konserti keçirilib - FOTO

Moskvada görkəmli Azərbaycan müğənnisi və bəstəkarı, Azərbaycanın Xalq artisti Polad Bülbüloğlunun 80 illik yubileyinə həsr olunmuş möhtəşəm konsert keçirilib.

APA-nın Moskva müxbiri xəbər verir ki, Dövlət Kreml Sarayında təşkil olunan “Yeddi not” adlı konsertdə Azərbaycan və Rusiyanın tanınmış siyasi və mədəniyyət xadimləri, Polad Bülbüloğlu yaradıcılığının pərəstişkarları iştirak ediblər.

Yubilyarı təbrik etmək üçün səhnəyə Rusiyanın Xalq artistləri Lev Leşenko, Sergey Bezrukov, Azərbaycanın Xalq artistləri Fərhad Bədəlbəyli, Yusif Eyvazov, Elçin Əzizov, Dinara Əliyeva, Özbəkistanın Xalq artisti Fərrux Zakirov çıxıb.

Polad Bülbüloğlunu yubiley konsertində dirijor Murtuza Bülbülün rəhbərliyi ilə Y.V. Silantiyev adına Akademik Böyük Konsert Orkestri, O.Lundstrem adına Rusiya Caz Musiqisi Orkestri və Azərbaycan Dövlət Rəqs Ansamblı müşaiyət edib.

Rusiyanın TASS Informasiya Agentliyi baş direktorunun birinci müavini Mixail Qusman, Rusiya Prezidentinin beynəlxalq mədəni əməkdaşlıq üzrə nümayəndəsi Mixail Şvıdkoy çıxış edərək Polad Bülbüloğlunun təkcə müğənni və bəstəkar deyil, bütöv bir dövrün simvolu olduğunu qeyd ediblər: “Onun mahnıları nəsilləri birləşdirən, milli musiqimizi zənginləşdirən bir mirasdır. Kreml Sarayında keçirilən bu möhtəşəm yubiley konserti bir daha göstərir ki, Polad Bülbüloğlunun sənəti zamanın sınağından çıxaraq bu gün də sevilir. O, öz unikal yaradıcılığı və bitməyən enerjisi ilə insanları ruhlandırmağa davam edir. Bu günki konsert Moskvanın mədəni həyatında mühüm hadisələrdən biridir. Bu, həm də onu göstərir ki, Polad Bülbüloğlu musiqisi təkcə Azərbaycan üçün deyil, dünya musiqi mədəniyyəti üçün də dəyərli bir irsdir”.

Polad Bülbüloğlu tamaşaçıları uzun illərdir dinləyicilərin qəlbini fəth edən melodik mahnıları və bənzərsiz ifa tərzi ilə sevindirib. Səhnədən bəstəkarın “Qarabağ”, “Mənim Azərbaycanım”, “Xumar oldum”, “Liderin ürəyi”, Gəl ey səhər”, “Zəng et” və digər hit mahnıları səslənib.

Sənətkarın ifasında hər bir mahnı tamaşaçıların gur alqışları ilə qarşılanıb.

Bəstəkarın dostları və məşhur səhnə adamları sənətkarı səhnədən təbrik edərək onunla birlikdə oxuyublar.

Azərbaycan Dövlət Rəqs Ansamblının ifasında “Uzundərə”, “Cəngi”, “Sarı gəlin” rəqsləri gecəyə xüsusi ab-hava qatıb.
Səhnə performansları möhtəşəm vizual effektlərlə-Xarı bülbülün, Qarabağın, o cümlədən Şuşa, Bakı, Gəncənin, bütövlükdə Azərbaycanın əsrarəngiz təbiətinin görüntüləri tamamlanıb.

“Mənim Azərbaycanım” mahnısı ilə konsert proqramını bitirən Polad Bülbüloğluna tamaşaçıların gur alqışları altında gül dəstləri təqdim olunub.

Kreml Kreml Kreml Kreml Kreml Kreml Kreml
Seçilən
8
50
apa.az

10Mənbələr