Almaniyada Xristian Demokratlar İttifaqının (CDU) hazırladığı, ölkədə miqrasiya siyasətinin sərtləşdirilməsi ilə bağlı təklifin yanvarın 29-da Bundestaqda keçirilən səsvermədə ifrat sağçı Almaniya üçün Alternativ Partiyasının (AfD) dəstəyi ilə qəbul edilməsi ölkədə seçkiqabağı siyasi mühitin daha da gərginləşməsinə səbəb olub.
Modern.az xəbər verir ki, Almaniyanın müxtəlif şəhərlərində, o cümlədən Berlin, Münxen, Frayburq, Hannover, Drezden, Mayntsda on minlərlə insan meydan və küçələrə axışaraq Xristian Demokratlar İttifaqı/Xristian Sosialist İttifaqının (CDU/CSU) təklifinin AfD-nin dəstəyi ilə qəbul olunmasına sərt etirazlarını bildiriblər. Etirazlar CDU və CSU-nun əsas və əyalət təşkilatlarının qərargahlarının qarşısında təşkil olunub. Bir sıra hallarda etirazçılar bu partiyalara aid binalara daxil ola biliblər. Aksiyalarda demokratik partiyaların AfD ilə əməkdaşlığının demokratiya üçün açıq təhlükə və təhdid olduğu qeyd olunub, partiyaların sonuncu səsvermədəki mövqelərinin ciddi narahatlıq doğurduğu vurğulanıb. Etirazçılar bu aksiyaların növbəti günlərdə də davam etdiriləcəyini bildiriblər.
Səsverməyə qarşı CDU daxilində də etirazlar baş qaldırıb. Partiyanın üzvü, tanınmış publisist Mişel Fridman CDU sıralarından istefa verdiyini açıqlayıb. 2005-2021-ci illərdə Almaniyanın Kansleri, 2000-2018-ci illərdə isə CDU-nun lideri olmuş Angela Merkel partiyanın hazırkı rəhbəri və Birliyin Kansler vəzifəsinə namizədi Fridrix Mertsin hazırladığı təklifin AfD-nin dəstəyi ilə parlamentdə qəbul olunmasını tənqid edib. O, Bundestaqdakı səsvermədə ilk dəfə AfD-nin səsləri ilə üstünlüyün təmin edilməsinin doğru olmadığını bildirib.
Xatırladaq ki, əsas müxalifət partiyası olan Birlik partiyalarının hazırladığı və Almaniyadakı miqrasiya siyasətinin sərtləşdirilməsini nəzərdə tutan beş maddəlik qətnamə yanvarın 29-da parlamentdəki səsvermədə AfD-nin də dəstəyi ilə 345 səsə qarşı 348 səslə qəbul edilmişdi. Səsvermə zamanı 10 deputat bitərəf qalmış, 30 nəfər isə ümumiyyətlə səsvermədə iştirak etməmişdi. Parlamentdə 196 yerə sahib olan CDU/CSU-nun bu təklifinin lehinə koalision hökumətin sabiq üzvü Azad Demokrat Partiyası (FDP) də səs vermişdi. AfD səsvermədən əvvəl qətnamənin lehinə səs verəcəyini bəyan etmişdi. Fridrix Mertsin isə əvvəllər dəfələrlə verdiyi açıqlamaların əksinə, AfD ilə əməkdaşlıqdan imtina etməməsi ciddi müzakirələrə yol açmışdı.
Almaniyanın Kansleri Olaf Şolts məhz bu baxımdan Birliyin AfD-nin onun təklifi ilə razılaşacağını “şüurlu və hesablanmış şəkildə qəbul etdiyini” vurğulayıb. Kansler CDU/CSU-nun Kansler vəzifəsinə namizədi Fridrix Mertsin əvvəllər dəfələrlə bunu etməyəcəyini açıqladığını xatırladaraq bildirib: “Buna görə də düşünürəm ki, mən artıq ona etibar edə bilməyəcəyəm, hansı ki bir həftə əvvələ qədər bunu edirdim”.