AZ

Allah sevgisilə yazan şair

Azər Turan şair Səlim Babullaoğlu haqqında yazır: “Səlim Babullaoğlunun poetikası şeirin metafizik qatını mübhəmləşdirmir. Babullaoğlu fraqment deyir, amma bütöv bir insan ömrünü yazır və təsəvvüf anlamlarının, ən başlıcası da sükut metaforasının çağdaş izahını verir. Burda həm Berqmanın sükutu sayrışır, həm də Mövlananın”.

“İnşa yazanda ən çətini ilk həmlə,

birinci cümlədir, demişdin.

Bəs ilk cümləni, sözü yazanda

çətin olan nədir?

Sən yoxsan və mən ilk hərfi yoxa çıxmış

bir əlifbayla bambaşqa bir cümlənin,

sözün lap başındaca karıxmış,

qələmi ağ vərəqə söykəyib qalmışam...”

Şairin “İlk hərfi itmiş cümlə” kitabından bu misraları xatırlayıram. Və öz-özümə deyirəm: “Elə mən də...” Bilirəm ki, ən çətini başlamaqdır. Sonra fikirlər bir-birini zəncirləyəcək, sözə, cümləyə çevriləcək, yazı olacaq. Bəlkə elə ilk hərfin itkisindən başlayım? İlk hərfin itkisinə elə-belə baxmayın - sevdiklərimizin, əzizlərimizin yoxluğu, əbədi boşluğudur onlar...

“İlk hərfi, sözü itmiş cümlələr

bundan sonra

nə yazsam belə heç vaxt əvvəlkitək

bitməyəcək,

bütünləşməyəcək...”

... Zaman çox ağrıları sağaldır, yaraları bitişdirir amma. Ağrılar, itkilər insandan təkcə güc almır ki... Yaşamaq, yola davam  üçün güc də  verir-ilahi yaradanın qoyduğu nizam bu...

“...Təzə söz yazsan,

Onun təzəliyinə inansan,

Sonra da təzə sözlər olmur deyib

Gülsən-ağlasan,

Görəcəksən ki, sən daha maraqlısan...”

Sən doğrudan maraqlısan, Səlim Babullaoğlu...

Söz, yazı xatirinə yox, ürəkdən deyirəm! İlk öncə çoxsaylı oxucular adından  böyük uğura - ilin şairi adına layiq görülməyiniz münasibətilə  sizi təbrik edir,  bu uğurunuzun təsadüfi olmadığını deyirəm. Poeziyamızda özünüzəməxsus cığır açdığınıza, təzə söz deməyi bacardığınıza görə. Xatırladım ki, “Mundus Artium Press” nəşriyyatı tərəfindən şair, tərcüməçi, esseist Səlim Babullaoğlu Orfey Mətn/Ədəbiyyat Mükafatına ( ABŞ, Texas Universiteti (Dallas& Kleyton, Oklahoma) - “İlin şairi” adına layiq görülüb. Mükafatın açıqlamasında onun verilmə səbəbinə belə aydınlıq gətirilir: “Müasir poeziyaya verdiyi müstəsna töhfələrə görə “İlin şairi” adına layiq görülüb. Azərbaycan ədəbiyyatının görkəmli səsi olan Səlim Babullaoğlunun yaradıcılığı ümumbəşəri insanlıq və dözümlülük mövzuları ilə səsləşir, o poetik sənəti mədəni və emossional əlaqənin dərin aləti kimi şöhrətləndirir...”

Əslində, deyilməyən söz yoxdur, hamısı zaman-zaman işlənib-min üzlü çalarları ilə. Deyilməyən köhnə dünyamızda hələ yaşanmamış hisslərin, duyğuların  fərqli duyumlarda sözlə əksi, rəsmi, nəqşidir. Elə yazıya, rəsmə, heykələ can verən də  budur. Hər doğulan insanla birgə yeni arzular da doğulmasaydı, dünyamız göz yaşında yuyulmasaydı, nəfəsimiz təngiyərdi, boğulardıq yeknəsəklikdən... Kainatın  rəng palitrasının bozluğunda  bir ömrü yola vermək çətin olardı, çox çətin:  

“Ömür dediyin ki var

Bir yatımlıq yuxuymuş.

Olanlar elə olur,

Sanki heç vaxt yoxuymuş...”

Nizami Gəncəvi XII əsrdə öz dahiliyini özü nəzmə çəkmişdi, “Şeirdən ucalıq umma dünyada, çünki Nizami ilə qurtardı o da” demişdi. Amma şeir Nizami ilə qurtarmadı, heç Füzuli ilə də. Hər dövr öz sənətkarını yetişdirdi - tələbinə, oxucu tələbatına uyğun. Etiraf etmək çətin olsa da, bu günün gəncliyi üçün  klassiklərimiz, onların ədəbi iris maraqlı gəlmir. Söhbət müəllim-tələbələrdən yox,  geniş oxucu auditoriyasından gedir. Bu günün filoloq tələbəsi belə “Leyli və Məcnun”u əsrlərin o tayında qalmış köhnə məhəbbət hekayəsi kimi xatırlayır. Zaman dəyişir, sürətli axını zövqləri də dəyişdirir, bu dəyişilmə ədəbiyyatın da yenilənməsini tələb edir. Bu proses  Səlim Babullaoğlunun poeziyasında duyulur:

“Gözəldi saçında ağ-

iztirabın sancağı.

Səlim Babullaoğlunun lirik şeirlərini oxucuya sevdirən köhnə mövzuya yeni yanaşma tərzi, sevginin bəzək-düzəksiz, ibarəsiz nəzmidir:

“Güzgüdə təskinliyin

gözəlliyin deyilsə,

heç olmasa dadına

yetişsin diriliyin...”

Şair olmaq, şeir ilə tanınmaq hazırkı informasiya, sosial şəbəkələr  bolluğunda, “Tik-tok” əsrində  çox zor işdir. Əyləncə həvəskarlarını qoyaq bir kənara, hazırlıqlı oxucu nə qədər çox informasiya alırsa, o qədər də  tələbkar olur, tələbləri çoxalır. Elə bu səbəbdən də poeziya yükünün  altına ancaq taleyinə şairlik yazılanlar girməyə cürət edir.

“Yazmaq da yazmamaqtək

dostum, elə taledi”

Deyən  Səlim Babullaoğlu kimi  söz adamları üçün poeziya  tale yazısıdır, həyatın mənasıdır.

Bir oxucu, həm də  qadın oxucu kimi deyim ki, Səlim Babullaoğlunun sevgi şeirlərinin ünvanlı olması mənə çox xoş gəldi, açığı ləzzət elədi. Şairin həyat yoldaşı Həmidə xanıma qiyməti elə sağlığında verməsi Cabir Novruzun misralarını yadıma saldı: “Sağlığında qiymət verin insanlara”. Babullaoğlunun Həmidə xanıma  yazdığı şeirlər Nüsrət Kəsəmənlinin, Nəriman Həsənzadənin və digər yazarların həyat yoldaşlarına ithaf etdikləri şeirlərdən  fərqlidir. Nüsrət Kəsəmənli “Bitirsən qapıda bənövşə kimi” deyib Rəhilə xanımdan əhd diləyirsə, Nəriman Həsənzadə vəfatından sonra Sara xanıma “Gedibsən, qayıtmaq yadından çıxıb” deyirsə, Səlim Babullaoğlu Həmidəsini yanındaykən dəyərləndirir:

“Cənubda qar az tapılar,

bir qış axşamı quşbaşı qar olub yağsam,

uşaqları dövrənə alıb

qartopu oynayacaqsanmı?

Ya uşaqlardan biri yıxılsa,

ya totuq barmaqları donsa,

de, gülüm, hirsələnəcəksənmi?

Bir axşam ağac olmaq, yağış olmaq,

qar olmaq istəsəm,

ölümün yaxasından tutub

dillənəcəksənmi?

Ya çıxıb getsəm,

yoldaş olmaqçün mənə

başmaqlanacaqsanmı?”

Siz bu ifadənin bu yozumda işlənməsinə rast gəlmişdinizmi? Mən yox. Təzə, təptəzə  ifadədir - başmaqlanmaq. Şeirlərindən görünən budur ki, S.Babullaoğlunun məhəbbətinin mayasını ailə ocağına sədaqət təşkil edir. Ailəyə bu cür yanaşma şairin milli yaddaşımıza sadiqliyinin göstəricisdir, milli-mənəvi dəyərlərimizə hörmət deməkdir, ailə ocağının qorunmasına çağırışdır.  Ailələrin sürətlə dağıldığı, boşanmaların artdığı, evlənmə ilə boşanma arasında tərs mütənasiblik yarandığı   hazırkı zamanda ailə dəyərlərinin təbliği çox vacibdir,  tərbiyəvi əhəmiyyəti  böyükdür:

“Qırxı çıxdı bu ömürün, canım sevgilim,

Heç darılma, çarxı hələ, şükür, fırlanır.

Bir sabahı sual etsən: hanı sevgilim?

Görərsən ki, bir meh əsir, çöp dığırlanır.

Bir quş onu dimdiyinə alıb götürər,

Asta-asta qanad çalıb qalxar yuxarı.

O quş onu yuvasında divara hörər,

Qorumaqçün ətcəbala quş balaları...”

Səlim Babullaoğlunun şeirlərində o qədər səmimiyyət var ki, sanki seir oxumursan, şair səninlə   üzbəüz oturub dərdləşir, içini tökmək üçün səni həyan bilir. Səlimin şeirlərini maraqlı edən də elə budur - riyasız, boyasız olması:

“Elə evdə oturub dinləsən içini,

heç hara çıxmasan,

kədəri, qədəri

vecinə almasan,

için üçün

 için-için

ağlasan,

görəcəksən ki, sən daha maraqlısan...”

Səlim Babullaoğlunun şeirləri  sadə göründüyü qədər də, məna yüklüdür. “İlin şairi” tapdanmış yolla getmək fikrində deyil, öz kölgəsinin izi ilə  belə onu “cinləndirir”:

“Hamı özünə məğlub olur və

kölgəsi kimi öz ayağına düşür.

Bunu hiss eləyəndə hirslə ayağını

yerə çırpır,

amma kölgələri tapdamaq olmur,

əksinə o bizi təqlid edir, cinləndirir...”

Yazarın ən böyük amalı ilahi həqiqətə sədaqətdir - S. Babullaoğlunun şeir yaradıcılığını araşdıranda buna  şahid oluruq:

“İnanıram ki, hardasa ilahi kitab adına

belə bir cümləyə rast gələcəksiniz:

“O səmanı, yeri və dənizi yaratdı.

Bunun gözəl olduğunu anladı.”

Oxusanız bilin ki, bunu adam yazıb.

Anlamaq, bütün hallarıyla, xüsusən də sonradan-

bu insanın keyfiyyətidi...”

İlahiyə, Yaradana sevginin sözlə gözəl, özəl təsviri, səmavi kitablardan birinə fərqli baxış. Ümumiyyətlə, Səlim Babullaoğlunun istər şeir, istərsə də nəsr, publisistik yaradıcılığında Uca Yaradan çox böyük ucalıqda dayanır, köhnə ifadə ilə desək, şairin poeziyasında  Allah  “baş qəhrəman” obrazındadır. Müsahibələrinin birində “Yaradanı insanlar öz həyatlarından çıxaranda ortada bir şey qalmır” deyir Səlim Babullaoğlu. “Ömrümüz xırdalanır, yollarda ləpir-ləpir” deyən şair sevginin ətəyindən yapışıb, dualara sığınan, sözü ilə Allah dərgahına üz tutan söz  adamı kimi özünü tapır şeirlərində:

“Ümidlər ilə yama

sabahın cübbəsini.

Dualardan bərk yapış,

təkcə özün üçün yox.

Xatirə güvəsini

təmizlə üst-başından...”

Şairlik böyük missiyadır. Şair təkcə şeir yazmaqla məqsədinə nail ola bilməz. Müsahibələrinin birində “Mən öz həyat məqsədlərimin sırasında ədəbiyyatı birinci yerə qoymuram. Allah üçün yaşamaq, Allahın qoyduğu qaydalarla yaşamağa cəhd etmək. İndi mən bunu deyirəm, amma bu o demək deyil ki, mən beləyəm, hərçənd arada cəhd edirəm...” deyir.

“Havanı dəyişmək üçün

pəncərəni açıram.

Azan səsi içəri dolur...”

Yazımın girişində sitat gətrdiyim yazının sonrası belədi: “ “Əvvəlinci ayın şeirləri” silsiləsində yeni düşüncə dalğası Tanrını dərkə yönəlib. Müəllifin fraqmentlər adlandırdığı bu şeir poeziyamızda Tanrı barədə ən yeni düşüncə dalğasıdır...”

Müsahibələrinin birində “Mənə elə gəlir ki, bütün insanların ali və başqa hədəfi var. Və bu yolda onun peşəsi yalnız və yalnız vasitədir” deyən Səlim Babullaoğlunun “Xoşbəxtlik nədir?” sualına cavabında uşaq kövrəkliyi hiss olunur. (Yeri gəlmişkən,  ölməz söz ustadı Seyid Məhəmmədhüseyn Şəhriyarın “Heydərbabaya salam” poemasını oxuculara sevdirən də onun uşaqlıq illərinin kövrək xatirələrinə köklənməsidir).

“Yazın ki, onun çox xoşbəxt uşaqlığı olub.

Eşidirsiz məni, elə yox, belə yazın.

Yazın ki, o çox xoşbəxtdi: çünki uşaq olub...”

S. Babullaoğlu az yazır. Digər müasirləri ilə müqayisədə bəlkə də bu yöndə uduzur. Amma təsəllisi budur ki,  nə yazırsa, ürəkdən yazır. Babullaoğlu üçün “ürək yaman şeydir”:

“Onsuz da döyənəklər

iş nədir - yaxşı bilir.

Ürək - döyünməkdirsə,

yalnız saatdır demək -

olmasaydı ağrılar...”

Sən kimi sevirsən, niyə sevirsən? Fikrimcə ən gərəksiz, cavabı olmayan suallardır bunlar. Maraqlı sevginin özüdür, sözlə bu hisslərin əksidir - əgər oxuyanda içinə nəsə çəkə bilirsənsə:

“O qədər maraqlısan ki,

Üzünə gülən sevinci-

Ağlatdığın kədəri,

Başına daş kimi dəyən qaxıncı -

Enməyən qılıncı

Və başqa nələri sevirsən,

Çünki nə əvəlincisən,

Nə axırıncı...”

S. Babullaoğlunun sevgi şeirlərində istilikdən çox, ilıqlıq hiss olunur. Onun sevgi şeirlərində hay-küy, qışqırıq yoxdur, qəti yoxdur. Özü kimi sakitdir şeirləri:

“Göz yaşımızla yuduq gözlərimizi, amma,

Kirpiklərçün fərq etmədi,

onlar əvvəlki kimi,

Nə tozdan, nə qorxudan, nə pis nəzərdən,

Yenə qoruya bilmədilər bizi, qırpıldılar...”

Esmira İsmayılova,

Filologiya üzrə fəlsəfə doktoru

Seçilən
1
18
yeniazerbaycan.com

10Mənbələr