AZ

Ombudsman "Human Rayts Votç"a açıq məktub ünvanladı

Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva "Human Rayts Votç" təşkilatının icraçı direktoru Tirana Hassana açıq məktub ünvanlayıb.

Bu barədə Adalet.az-a qurumun mətbuat xidmətindən bildirilib.

Məktubda sözügedən təşkilatın dünya ölkələri ilə bağlı 2024-cü il hesabatının Azərbaycana dair hissəsində rəsmi Bakıya qarşı qərəzli və birtərəfli yanaşmanın nümayiş etdirildiyi bildirilib.

Eyni zamanda, HRV-un öz hesabatını hazırlayarkən geniş ictimaiyyətə açıq olan, Ombudsmanın insan hüquq və azadlıqlarının müdafiəsi, o cümlədən işgəncələrin qarşısının alınması sahəsində fəaliyyətinin də əhatəli şəkildə yer aldığı illik və paralel hesabatlarına istinad etmək əvəzinə, şübhəli və qərəzli mənbələrə əsaslandığı qeyd edilib, habelə təşkilatın hesabatında qeyd edilən bir sıra şəxslərlə Ombudsmanın Milli Preventiv Qrupunun üzvlərinin görüşdüyü, onlara qarşı heç bir işgəncə və ya pis rəftar faktının aşkar edilmədiyi bildirilib.

Məktubda Azərbaycanın ev sahibliyi etdiyi, iqlim dəyişmələrinin qarşısının alınması sahəsində effektiv müzakirələrin həyata keçirildiyi COP29 çərçivəsində iqlim dəyişmələri nəticəsində baş vermiş fəsadların aradan qaldırılması məqsədilə mühüm qərarların qəbul edilməsinə baxmayaraq, HRV-un öz hesabatında aktual problemlər üzrə əldə olunan bu uğurları nəzərə almadığı diqqətə çatdırılıb.

Eyni zamanda, məktubda Azərbaycanın uzun illər Ermənistanın işğalçılıq siyasətinə məruz qalması, nəticədə bir milyondan çox azərbaycanlının fundamental hüquq və azadlıqlarının kobud şəkildə pozulması, işğala son qoyulduqdan sonra keçmiş məcburi köçkünlərin öz evlərinə təhlükəsiz və ləyaqətlə qayıdışının bərpası istiqamətində görülən işlər, insanların həyat və sağlamlığına mühüm təhdid yaradan mina problemi, habelə yüz minlərlə azərbaycanlının Ermənistandan zorla qovularaq qaçqın düşməsi faktlarının hesabatda nəzərə alınmadığı və nəticədə Azərbaycana qarşı ikili standartların nümayiş etdirildiyi bildirilib.

Ombudsman "Human Rayts Votç" təşkilatını öz hesabatlarını hazırlayarkən qərəzsiz yanaşma sərgiləməyə, ədalətli olmağa və təsdiqlənmiş faktlara əsaslanmağa çağırıb.

Seçilən
5
24
adalet.az

10Mənbələr