AZ

Ölkəmizdə 3-cü milli gəmi-bərə inşa edilir

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-dən verilən məlumata görə, üçüncü milli Ro-Pax tipli bərə-gəmini gələn ilin birinci rübündə təhvil verməyi planlaşdırır. Qeyd edilir ki, qurumun iki il əvvəl Bakı Gəmiqayırma Zavodunda tikilən gəminin gövdə hissəsi üzrə əməliyyatlarının 88 faizi artıq tamamlanıb. Layihənin mühəndislik üzrə işlərinin 97 faizi, satınalma və təchizat üzrə  isə 82 faizi icra edilib.

Bununla yanaşı, baş mühərriklər, yanğınsöndürmə və şirin su sistemi, eyni zamanda, yük lifti ilə bağlı avadanlıqlar, nasoslar və elektrik panelləri artıq gəmiyə yerləşdirilib. Bütün bunları nəzərə almaqla, demək olar ki, ümumilikdə, sözügedən gəminin inşasının 49 faizi həyata keçirilib. Yeni gəminin dizaynı 2021-ci və 2022-ci illərdə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi”nin balansına qəbul edilmiş “Azərbaycan” və “Zərifə Əliyeva” gəmi-bərələri ilə eynidir. Dedveyti dənizdə 5740 ton olacaq unikal-bərənin sürəti 14 uzel, uzunluğu 154,5, eni 17,7, bortunun hündürlüyü isə 7,5 metr təşkil edəcək. Daşıma qabiliyyətinə gəlincə, bu gəmi-bərə də eyni vaxtda 100 sərnişin, 56 sistern tipli vaqon və ya 50 yük avtomobili/TIR qəbul edə biləcək.

Yeni gəmi-bərə də “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi”nin digər bərələri ilə birgə qurumun  yükdaşıma potensialının dayanıqlılığının qorunub saxlanılmasına, Xəzər üzərindən artan vaqon və TIR daşıma həcmlərinin qarşılanmasına mühüm töhfə verəcək. Ümumilikdə isə bu gəmi-bərə əlverişli coğrafi mövqeyə malik ölkəmizin tranzit potensialının reallaşdırılmasında, Azərbaycan üzərindən keçən nəqliyyat dəhlizlərinin daha da inkişafında xüsusi rol oynayacaq.

Qeyd edək ki, Ro-Pax tipli gəmilərin inşası Azərbaycanda həyata keçirilənədək gəmi-bərələr xaricdə tikilərək ölkəyə gətirilirdi. Bu zaman onların Volqa-Don kanalından Xəzərə maneəsiz daxil ola bilməsi üçün eni, uzunluğu və hündürlüyü qısaldılırdı. Nəticədə isə sahə itkisinə yol verilirdi və bu da birbaşa yükdaşımaların həcminin azalmasına təsir göstərirdi. İşin Bakı Gəmiqayırma Zavodunda həyata keçirilməsi sözügedən problemləri tam aradan qaldırdı. Belə ki, unikal dizayna malik bu tip gəmilər Xəzərdə mövcud vəziyyət, gəmiçiliyin vaqon, TIR və sərnişin daşımaları üzrə tələbatı və gözləntiləri nəzərə alınmaqla ən optimal variant hesab olunur.

Seçilən
0
6
xalqqazeti.az

10Mənbələr