Dövlət Statistika Komitəsinin məlumatına əsasən, cari il yanvarın 1-nə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında fəaliyyət göstərən mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinin sayı 5 min 240, fərdi sahibkarların sayı isə 94 min 799 təşkil edib.
Sözügedən tarixə Qarabağ iqtisadi rayonunda 3 min 984 mikro, 197 kiçik, 87 orta və 11 iri sahibkarlıq subyekti qeydə alınıb. Şərqi Zəngəzur iqtisadi rayonunda 882 mikro, 51 kiçik, 23 orta və 5 iri sahibkarlıq subyekti fəaliyyət göstərib. Bu ayın əvvəlinə Qarabağ iqtisadi rayonunda fəaliyyət göstərən fərdi sahibkarların sayı 88 min 505, Şərqi Zəngəzur iqtisadi rayonunda isə 6 min 294 olub.
2023-cü ildəki göstəricilərlə müqayisədə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında fəaliyyət göstərən mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinin sayı 492 ədəd və ya 10,4 faiz, fərdi sahibkarların sayı isə 5 min 610 ədəd və ya 6,3 faiz artıb.
Xatırladaq ki, 2025-ci il yanvarın 1-i vəziyyətinə ölkədə mövcud olan mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinin (fərdi sahibkarlar istisna olmaqla) sayı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 21 dekabr tarixli Qərarı ilə təsdiqlənən “Mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinin bölgüsü meyarları”na uyğun olaraq “işçilərin orta siyahı sayı” və “illik gəlir” meyar göstəriciləri əsasında müəyyənləşdirilib.