Azərbaycan Dövlət Neft Şirkəti Qazaxıstanın “Kaşağan” yatağından hasil edilən xam neftin Bakı – Tbilisi – Ceyhan boru kəməri ilə tranzitinə başlayır. Bu barədə XQ-yə şirkətdən məlumat verilib.
Bildirilib ki, yanvarın 25-də Aktau limanında tankerə yüklənən “Kaşağan” neftinin ilk partiyası, təqribən, 6 min ton təşkil edir. Ayın 27-də Səngəçal terminalına çatan yük BTC vasitəsilə Ceyhan limanına daşınacaq. İlk partiya Qazaxıstanın “KazMorTransFlot” şirkətinin idarə etdiyi “Taraz” tankeri ilə daşınır. Bu, 2025-ci il yanvarın 15-də SOCAR-ın törəmə şirkəti “SOCAR Midstream Operations” MMC ilə “KazMunayQaz”ın (KMG) törəmə şirkəti “KMG Trading” arasında ildə 240 min ton “Kaşağan” neftinin tranziti üzrə sazişin imzalanmasından sonra mümkün olub.
Xatırladaq ki, 2024-cü ilin fevralında Qazaxıstan neftinin Azərbaycan ərazisindən tranzit edilən həcmlərinin mərhələli artırılması haqqında saziş imzalanıb. Bir ay sonra isə SOCAR və KMG arasında Azərbaycan Respublikası ərazisindən neft tranzitinin mərhələli şəkildə artırılması haqqında razılıq əldə olunub. Bununla bağlı imzalanmış sazişə əsasən tədarük həcminin ildə 2,2 milyon tona qədər artırılması nəzərdə tutulur. Yeri gəlmişkən, iki qurum arasında 2022-ci ilin noyabrında ildə 1,5 milyon ton “Tengiz” yatağından çıxarılan neftin tranziti ilə bağlı saziş imzalanmışdı.
Bütövlükdə isə “Kaşağan” neftinin BTC vasitəsilə nəqlinə başlanması Azərbaycan ilə Qazaxıstan arasındakı dostluq münasibətlərinin təzahürü olmaqla yanaşı, ölkələrimizin əməkdaşlığının daha da möhkəmləndirilməsinə xidmət edir.