AZ

Ermənistan öhdəliklərini yerinə yetirməlidir

Yanvarın 28-də nəqliyyat məsələlərinə həsr olunmuş müşavirədə Prezident İlham Əliyev Zəngəzur dəhlizi ilə bağlı fikirlər səsləndirərkən bildirdi ki, bu layihənin təşəbbüskarı Azərbaycandır. İkinci Qarabağ müharibəsindəki Zəfərdən sonra bu məsələ beynəlxalq gündəliyə, beynəlxalq leksikona salınıb və Zəngəzur dəhlizi artıq dünyada qəbul edilmiş termindir. Ölkəmiz bu dəhlizin açılması üçün praktiki addımlar atır. Ölkə başçısı vurğuladı ki, Ermənistan tərəfi dörd ildən çoxdur ki, bu məsələ ilə bağlı qeyri-konstruktiv mövqe sərgiləyir, faktiki olaraq 10 noyabr kapitulyasiyasından sonra üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmir. Ermənistanın imzaladğı kapitulyasiya aktında açıq-aydın göstərilib ki, Azərbaycanın əsas hissəsi ilə onun ayrılmaz hissəsi olan Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat bağlantısı olmalıdır. Ermənistan isə buna əməl etmir, müxtəlif bəhanələr gətirərək, müxtəlif qeyri-real və cəfəng layihələri ortaya ataraq, sadəcə olaraq, beynəlxalq ictimaiyyətin fikrini çaşdırmaq istəyir, manipulyasiyalarla məşğul olur.

Müşavirədə Prezident İlham Əliyev Ermənistanın ortalığa atdığı dırnaqarası “Sülh kəsişməsi” layihəsi haqqında da fikir bildirdi. Ölkə başçısı qeyd etdi ki, bu dırnaqarası layihənin Azərbaycansız iki qəpiklik də qiyməti yoxdur və ölkəmiz bunu dəfələrlə Ermənistan tərəfinə müxtəlif kanallar vasitəsilə çatdırıb. Əgər Ermənistan bu layihəni doğrudan da həyata keçirmək istəyirsə, ilk növbədə, Azərbaycana müraciət etməlidir. Çünki Azərbaycansız bu, sadəcə olaraq, kağız parçasıdır, ölkəmizin şərtləri isə ədalətlidir, beynəlxalq hüquqa əsaslanır və Ermənistanın özünün götürdüyü öhdəliklərinə əsaslanır. Bu əsasda fikir bildirərkən Prezident İlham Əliyev Ermənistan rəhbərliyinə məsləhət gördü ki, 10 noyabr kapitulyasiya aktını diqqətlə oxusun.  Ölkə başçısı Ermənistanın bu dırnaqarası layihə vasitəsilə  sadəcə vaxt uzatmaq  və beynəlxalq ictimaiyyəti çaşdırmaq istıdiyini vurğuladı. Bunun nəticəsində faktiki olaraq bu günə qədər Azərbaycanın ayrılmaz hissəsi - Naxçıvan Muxtar Respublikası ilə ən qısa və ən rahat bağlantı hələ də yoxdur.

Prezident İlham Əliyev bildirdi ki, heç bir yoxlamadan keçmədən, heç bir maneə ilə üzləşmədən Azərbaycanın bir ərazisindən digər ərazisinə maneəsiz keçid olmalıdır. Bu, Azərbaycanın tələbidir. Bu əsasda ölkə başçısı bəzi tarixi faktları da xatırlatdı və Azərbaycan xalqının törədilən cinayətlərin heç birini unutmadığını qeyd etdi.

Hazırda Azərbaycanın Ermənistana qarşı heç bir ərazi iddiası yoxdur. Lakin  Ermənistan öz üzərinə götürdüyü öhdəlikləri unutmamalı və yerinə yetirməlidir. Bu öhdəlik ondan ibarətdir ki, Azərbaycandan Azərbaycana maneəsiz keçid verməlidir.

Əlişah Rəcəbov,

YAP Ağdaş rayon təşkilatının sədri

Seçilən
1
10
ikisahil.az

10Mənbələr