İspaniyanın Mursiya bölgəsində Almaniyanın Rheinmetall müdafiə şirkətinə məxsus fabrikdə partlayış baş verib. Vətəninfo.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Xidmətinə istinadən EFE məlumat yayıb. Fövqəladə Hallar Koordinasiya Mərkəzinin açıqlamasına görə, fövqəladə hadisə döyüş sursatı və partlayıcı maddələrin istehsalı üzrə ixtisaslaşan Rheinmetall Expal Munitions müəssisəsinin ərazisində baş verib.
Baş verən partlayış nəticəsində 6 işçi xəsarət alıb. Onlardan 5-i xəstəxanaya çatdırılıb, birinə isə yerindəcə tibbi yardım göstərilib. Heraldonun sözlərinə görə, partlayış nəticəsində yaranan yanğın təxminən 2000 kvadratmetr ərazini əhatə edib. Qəzet qeyd edir ki, yanğın artıq söndürülüb.
El País xəbər verir ki, partlayışın Rheinmetall Expal Munitions şirkətinin toz anbarlarından birində baş verdiyi ehtimal edilir. Hazırda hadisənin səbəbləri araşdırılır.
Rheinmetall Group Almaniyanın ən böyük silah istehsalçısıdır və Almaniya, NATO ölkələri və Ukrayna silahlı qüvvələrini mühüm döyüş sursatları və hərbi texnika ilə təmin edir.