AZ

Zəngəzur dəhlizi: yeni reallıqlar və regional inkişaf perspektivləri

Prezident İlham Əliyev yanvarın 28-də nəqliyyat məsələlərinə həsr olunmuş müşavirədə Zəngəzur dəhlizi layihəsinin strateji əhəmiyyətini və regiondakı əsas nəqliyyat problemlərinin həlli istiqamətində görülən işləri bir daha diqqətə çatdırdı. Bu çıxış Azərbaycanın regionda güclü bir tranzit mərkəzinə çevrilmək istiqamətində atdığı addımların mahiyyətini və gələcək perspektivlərini bir daha nümayiş etdirdi.

Azərbaycan tərəfindən irəli sürülmüş və beynəlxalq leksikona daxil olmuş Zəngəzur dəhlizi layihəsi regionun nəqliyyat şəbəkəsinin inkişafında yeni mərhələdir. Bu layihə dövlətimizin təkcə iqtisadi yox, həm də siyasi iradəsinin təzahürüdür. Həmin dəhliz Azərbaycanı Naxçıvanla birləşdirərək regionda yeni logistik marşrutların yaradılmasını təmin edəcək. İkinci Qarabağ müharibəsindəki tarixi Qələbədən sonra beynəlxalq gündəlikdə yer alan bu layihə artıq tanınmış bir termindir və onun reallaşdırılması Azərbaycanın qarşıya qoyduğu strateji hədəflərdən biridir.

Dövlətimizin başçısı çıxışında vurğulayıb ki, Azərbaycanın əsas hissəsi ilə onun ayrılmaz hissəsi olan Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat bağlantısı olmalıdır: “Ermənistan isə buna əməl etmir, müxtəlif bəhanələr gətirərək, müxtəlif qeyri-real və cəfəng layihələri ortaya ataraq, sadəcə olaraq, beynəlxalq ictimaiyyətin fikrini çaşdırmaq istəyir, manipulyasiyalarla məşğuldur. Dırnaqarası “Sülh kəsişməsi” layihəsini ortalığa atıb və indi dünyada bir ölkə qalmayıb ki, o ölkəyə bu layihə təqdim edilməsin. Halbuki bu dırnaqarası layihənin Azərbaycansız iki qəpiklik də qiyməti yoxdur və bunu dəfələrlə Ermənistan tərəfinə müxtəlif kanallar vasitəsilə çatdırmışıq”.

Ermənistanın dörd ildən artıqdır qeyri-konstruktiv mövqeyi və 10 noyabr Bəyanatında götürdüyü öhdəlikləri yerinə yetirməməsi bu layihənin irəliləməsini ləngidir. Ermənistan müxtəlif əsassız layihələrlə beynəlxalq ictimaiyyətin diqqətini yayındırmağa çalışsa da, Azərbaycan dəfələrlə bəyan edib ki, bu cür təşəbbüslər Azərbaycanla razılaşdırılmadıqca real nəticə verməyəcək. Bu mənada Ermənistanın “Sülh kəsişməsi” kimi dırnaqarası layihələri regionun iqtisadi inkişafına töhfə vermək əvəzinə, sadəcə manipulyasiya vasitəsidir.

Ermənistanın tranzit ölkəyə çevrilmə arzusu reallaşmayacaq. Zəngilan və Naxçıvanda inşa edilən yeni körpülər Ermənistanın tranzit imkanlarını məhdudlaşdıraraq, onu regionda “dalan ölkə” statusunda saxlayacaq. Bu, Ermənistanın iqtisadi perspektivlərinə mənfi təsir göstərməklə yanaşı, Azərbaycanın regional nəqliyyat şəbəkəsindəki üstün mövqeyini daha da möhkəmləndirir.

Cənab İlham Əliyev, həmçinin müşavirədə Qarabağ və Şərqi Zəngəzurda nəqliyyat layihələrinin sürətlə həyata keçirildiyini, bu strateji addımların məhz həmin ərazilərdə görülən işlərin əsasını təşkil etdiyini bildirib.

Azərbaycanın işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı nəqliyyat layihələri çərçivəsində 3400 kilometrdən çox avtomobil yolu inşa edilib və ya tikinti mərhələsindədir. Bundan əlavə, 45 tunel, 447 körpü və 16 viadukun tikintisi planlaşdırılıb ki, bunların böyük hissəsi artıq tamamlanıb. Horadiz-Ağbənd və Bərdə-Ağdam dəmir yolları layihələri də bu prosesin əsasını təşkil edir. Bu dəmir yolları regionun iqtisadiyyatını canlandıraraq, işğaldan azad edilmiş ərazilərin sürətli inteqrasiyasını təmin edir.

Prezident İlham Əliyevin hava limanları ilə bağlı çıxışı son illərdə ölkənin nəqliyyat infrastrukturunun modernləşdirilməsi və inkişaf etdirilməsi sahəsində həyata keçirilən genişmiqyaslı işləri əks etdirir. Bu çıxış Azərbaycanın regionda mühüm nəqliyyat və logistika mərkəzinə çevrilməsi istiqamətində atdığı strateji addımların önəmini vurğulayır.

Son 20 ildə Azərbaycanda səkkiz beynəlxalq hava limanı inşa edilib. Bakı, Naxçıvan, Gəncə və Lənkəran hava limanlarının yenidən qurulması ilə yanaşı, Qəbələ, Zaqatala, Füzuli və Zəngilan hava limanları sıfırdan inşa edilib. 2025-ci ildə Laçında istifadəyə veriləcək doqquzuncu beynəlxalq hava limanı isə həmin sahədə Azərbaycanın uğurlarının davamı olacaq. Bu hava limanları yalnız daxili əlaqələrin inkişafına deyil, həm də beynəlxalq yükdaşıma və turizm imkanlarının genişlənməsinə şərait yaradır.

Nəqliyyat layihələri Azərbaycanın regionda lider dövlət mövqeyini daha da gücləndirir. Azərbaycan beynəlxalq hüquqa əsaslanaraq, regionda reallıqları diktə etməklə iqtisadi inteqrasiyanın əsas təşəbbüskarı rolunda çıxış edir. Ermənistanın qeyri-konstruktiv yanaşması isə onu regional proseslərdən daha da kənarda qoyur.

İrimiqyaslı nəqliyyat layihələri Azərbaycanın iqtisadi və siyasi iradəsinin təcəssümüdür. Ermənistanın bu proseslərdə destruktiv mövqe tutması, ilk növbədə, onun öz iqtisadi gələcəyini təhlükə altına alır. Dövlətimiz isə öz strateji planlarını ardıcıl və qətiyyətlə həyata keçirməkdə davam edir. Bu layihələr regionun iqtisadi və nəqliyyat infrastrukturunda dönüş nöqtəsi yaratmaqla yanaşı, Azərbaycanın beynəlxalq arenadakı mövqeyini daha da gücləndirir.

Mahir Süleymanlı

Milli Məclisin deputatı

 

Seçilən
20
1
sabahinfo.az

10Mənbələr