Bakı, 18 fevral, AZƏRTAC
Ölkəmizdə rəsmi səfərdə olan Belarus Milli Assambleyası Respublika Şurasının sədri Natalya Koçanovanın rəhbərlik etdiyi nümayəndə heyəti fevralın 18-də Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib.
AZƏRTAC xəbər verir ki, əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin əziz xatirəsi ehtiramla yad edilib, məzarı önünə əklil qoyulub.
Sonra görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad edilib, məzarı üzərinə gül dəstələri düzülüb.
Belarus nümayəndə heyəti Şəhidlər xiyabanını da ziyarət edib. Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının məzarları ziyarət olunub, üzərinə güllər düzülüb, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyulub.
Qeyd edək ki, Belarus Milli Assambleyası Respublika Şurasının sədri Natalya Koçanova ölkəmizə rəsmi səfəri çərçivəsində bir sıra görüşlər keçirəcək, Asiya Parlament Assambleyasının 15-ci plenar sessiyasında iştirak edəcək.