Məlum olduğu kimi, Səudiyyə Ərəbistanının Ciddə şəhərində ABŞ və Ukrayna rəsmiləri arasında keçirilən gərgin görüşdən sonra Kiyevin bir aylıq atəşkəsə razı olmasını məmnunluqla qarşılayan Donald Tramp Ukraynaya olunan hərbi yardımları və kəşfiyyat məlumatlarının paylaşılmasını bərpa edib. Digər tərəfdən, Kiyev və Vaşinqton Ukraynadakı faydalı qazıntılar üzrə sazişin bağlanması barədə ilkin razılığa gəliblər. Bu, belə bir təsəvvür yaradır ki, Tramp demək olar, öz məqsədinə nail olmağa yaxındır...
Ciddə görüşündən sonra Rusiyanın mərkəzi televiziya kanallarında çıxış edənlər elə görüntü yaradırlar ki, guya, Ukrayna ordusunun cəbhə boyunca möhkəmləndirdiyi müdafiə xətləri tezliklə yarılacaqmış və ona görə də Zelenski bir aylıq atəşkəsə getməyə məcbur qalıb. Boşboğazlıqları ilə istehza obyektinə çevrilən rusiyalı təbliğatçıların nə söyləmələrinə baxmayaraq, hazırkı məqamda Kremlin müharibəni dayandırmağa və müəyyən pauzaya böyük ehtiyacı var.
