Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) keçmiş baş katibi Çingiz İsmayılov bu gün 89 yaşında vəfat edib.
Arena.az xəbər verir ki, bu barədə Azərbaycan Mətbuat Şurasının icraçı katibinin müavini, jurnalist İlqar Tağıyev sosial şəbəkə hesabında məlumat yayıb.
“Futbol veteranı Çingiz İsmayılov bu gün haqq dünyasına qovuşdu. Aprelin 12-i 90 yaşını qeyd edəcəkdi…”, – jurnalist qeyd edib.
Xatırladaq ki, bir müddət əvvəl Çingiz İsmayılovun pnevmoniya səbəbindən xəstəxanaya yerləşdirildiyi bildirilmişdi.
İsmayılov 1935-ci ildə Bakıda doğulub. O, 1955-1962-ci illərdə “Neftçi”nin şərəfini qoruyub. Bundan başqa, futbolçu Bakının və Gəncənin “Dinamo”, habelə “Neft daşları” komandalarında çıxış edib. 1994-cü ildə AFFA-nın baş katibi seçilib və 9 il ölkənin ali futbol qurumunda çalışıb.
Çingiz İsmayılov 2022-ci ildə “Tərəqqi” medalı ilə təltif edilib.