Ukrayna nümayəndə heyəti yenidən Səudiyyə Ərəbistanının paytaxtında ABŞ nümayəndələri ilə görüşəcək.
Musavat.com xəbər verir ki, bu barədə Ukraynanın “Obşçestvennoe” nəşri nümayəndə heyətindəki mənbəyə istinadən məlumat yayıb.
Martın 24-ü axşam saatlarında Ər-Riyadda Rusiya və ABŞ nümayəndələri arasında on iki saatlıq danışıqlar başa çatıb. Ukrayna nümayəndə heyəti Rusiya və ABŞ arasında məsləhətləşmələrin bitməsini gözləyib. Bu gün heyətl Amerika tərəfi ilə danışıqları davam etdirmək niyyətindədir.
Martın 23-də axşam Ər-Riyadda ABŞ və Ukrayna nümayəndə heyətləri arasında Ukraynanın müdafiə naziri Rustem Umerov, Vladimir Zelenskinin ofisinin rəis müavini Pavlo Palisanın, eləcə də silahlı qüvvələrin nümayəndələrinin və enerji ekspertlərinin iştirak etdiyi danışıqlar keçirilib. Məsləhətləşmələrin iştirakçıları enerji obyektlərində 30 günlük atəşkəs rejiminin parametrlərini, həmçinin Qara dənizdə gəmiçilik təhlükəsizliyi məsələlərini müzakirə ediblər.
Martın 21-də ABŞ prezidentinin Ukrayna üzrə xüsusi nümayəndəsi Keyt Kelloq bəyan edib ki, ABŞ Ər-Riyadda Rusiya və Ukrayna nümayəndələri arasında dolayı danışıqlar aparmaq niyyətindədir.
Qeyd edək ki, ötən gün ABŞ tərəfi ilə danışıqlarda Rusiyanın bir hissəsini işğal etdiyi Ukrayna vilayətlərinin tamamını tələb etdiyinə dair məlumatlar yayılıb. Bildirilir ki, Moskva Donetsk, Luqansk, Zaporojye və Xerson vilayətlərinin bütünlüklə ona verilməsini tələb edir.
Musavat.com