1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
"Mən yanlış qərar vermirəm. Çünki hadisəyə bir neçə rakursdan baxıram. İddiası özündən üstün olan, tələbləri yaradıcılığından artıq olan adamlarla, əlbəttə ki, bu söhbət alınmır. Çünki ən azı tələblər yaradıcılıqdan üstün olmamalıdır. Əlbəttə ki, hamı özü haqqında yüksək fikirdədir. Heç kim demir ki, mən zəifəm. Yəni, bu qədər obyektiv baxış olmur, yalan söhbətdir. Hamı özü haqqında çox böyük fikirdədir. Elə bir rejissor yoxdur ki, tamaşasında güclü aktyor istəməsin, elə bir rejissor yoxdur ki, tamaşasının daha yaxşı olması naminə ən yaxşı aktyorlara müraciət etməsin".
Bunu Oxu.Az-a videomüsahibəsində Əməkdar incəsənət xadimi, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının bədii rəhbəri Mehriban Ələkbərzadə deyib.
Videomüsahibədən bəzi hissələri təqdim edirik:
- Mehriban xanım, müsahibə aldığım və almaq istədiyim adamlar arasında siz üçüncü şəxssiniz ki, müsahibədən əvvəl xeyli götür-qoy etmişdim. Ona görə ilk sualım sizə qəribə görünə bilər, amma buradan başlamaq istəyirəm. Sizdən niyə çəkinirlər?
- ... (Təəccüblənir və gülümsəyir - red.) Hər halda qısa bir yaxınlıqdan gördünüz ki, məndə çəkiniləcək bir təhlükə yoxdur. Amma düşünürəm ki, yəqin bu, müəyyən prinsiplərlə, iş metodu və ya işə münasibətlə bağlı olan bir haldır. Çünki şəxsi münasibətdə mən çox normal və loyal adamam. Amma iş təmasımda olduğum adamlarla o rahatlıq olmur. Çünki müəyyən məsələlər var ki, onlar prinsiplə, mütləq məqsədli şəkildə həll edilməlidir. Bu, iş prinsipindən gələn bir məsələdir, məncə.
- Yəni özünüz də razısınız ki, sizdən çəkinirlər...
- Yox... Çəkinmək deməzdim, biraz ehtiyatlı ola bilərlər. O da olmalıdır. Olmasa, mümkün deyil, çünki mənim peşəm rejissorluqdur. Rejissorla... nə bilim vallah... Rejissor dostluqla inkişaf edəcək bir sənət növü deyil axı. Burada fikrini ifadə etmək, fikrini təlqin etmək, qarşındakı adamları öz fikrinə hörmət etdirmək deyilən bir şey var, burada mütləq şəkildə o tələblər irəli sürülməlidir.
- Siz fizika təmayüllü məktəbi bitirmisiniz.
- ... (gülümsəyir-red.) Bəli.
- Niyə bəs rejissorluq?

- Mən heç vaxt fizik olmaq istəməmişəm. Amma fizika qanunlarının insanları dərk etməm üçün çox böyük və vacib bir yol olduğunu da danmamışam. Düşünürəm ki, rejissor əslində bütün peşələrin, bütün elmlərin vəhdətində olan bir sənət növüdür. Mən düşünürəm ki, rejissorluq ədəbiyyatı, tarixi, həndəsəni, bəzən hətta kimyanı, sözsüz ki, fizikanı özündə cəm edən bir peşədir. Çünki bu elmlər haqqında müəyyən məlumatın olması rejissor üçün mütləqdir.
- Rejissor həmişə pərdə arxasında olur. Bir məktəblinin rejissor olmaq arzusu nədən doğa bilər?
- Bu, parta arxasında olmur, əlbəttə ki. Hərçənd, mən özüm də düşünürəm ki, rejissor sənətində mütləq məqsədli gəliş vacibliyi var və bu sənət özü-özlüyündə bir başqa mərhələləri özündə ehtiva etməlidir ki, sənin bir başqa pəncərən də, baxış bucağın da açılsın dünyaya. Rejissor bildiyimiz konkret peşələrdən deyil ki, uşaq vaxtından, parta vaxtından bu peşəyə yönələsən. Burada fərdi yanaşmalar var. Mənim yanaşmam ədəbiyyatla tanışlığımdan oldu. Mən elə bir ailədə böyüyürdüm ki, atamın böyük və nəhəng kitabxanası var idi, hərçənd, özü ədəbiyyat adamı deyildi.
- Hüquqşünas idi?
- Yox, atam tamam başqa sahənin adamı idi, babam hüquqşünas, hakim idi. Amma atam ədəbiyyatı çox sevirdi və dərin mütaliəyə sahib adam idi. Bizim uşaq vaxtından belə bir öhdəliklərimiz vardı - hansısa kitabı oxuyandan sonra atamla onu təhlil edirdik. Müəyyən fikrimi söyləyirdim ona və müəyyən yaşdan sonra gördüm ki, o əsərlərin bəziləri ekranlaşdırılmış romanlar, əsərlər olurdu. Mən onda başa düşürdüm ki, oxuduqlarımla gördüyüm arasında fərq böyükdür və mən onu daha maraqlı görürdüm. Bax o görmə elə rejissorluq idi. Doqquzuncu sinifdə mənə bəlli oldu ki, bu, rejissorluqdur və mən atamın bütün təkidlərinə rəğmən hüquqşünas yox, rejissor olmağı düşündüm.

- Maraqlıdır ki, rejissor aktyoru, yaxud da ki, oxuduğu hər hansı əsəri şəkilləndirir. Mən sizi 20 ildən çoxdur tanıyıram, ilk dəfə üz-üzə gəlsək də, Mehriban xanım heç dəyişməyib.
- Özümü şəkilləndirməmişəm... (gülümsəyir - red.)
- Bəli, şəkilləndirməmisiniz.
- Mən özümü şəkilləndirməklə məşğul deyiləm axı. Mənim peşəm özümü yox, digərlərini şəkilləndirməkdir.
- Yəni dəyişməmisiniz...
- Necə dəyişməkdən danışırsınız?

- 20 il əvvəl televiziyada necə görmüşəmsə, indi də qarşımda elə görürəm.
- Gözəl komplimentdir, amma elə deyil (gülümsəyir - red.) Hətta beş il bundan əvvəlki təsvirlərə baxanda belə xeyli yaşlandığımın fərqindəyəm. Dəyişməyən ancaq xarakter, xasiyyətdir deyə bilərdim, amma o da deyil. Niyə? Çünki mən rejissor olanda daha azad və sərbəst idim, bütün xarakterimlə üzdə idim, amma indi oturduğum kreslo məni hər şeyə dözümlü yanaşmağa yönəldir. Bu, məni çox sıxır, amma reallıq budur.
- Bu, müəyyən mənada sizin azadlığınızı məhdudlaşdırmaq deyilmi?
- ... (başı ilə təsdiqləyir - red.) Yetərincə... yetərincə... Yəni azadlıq o anlamda ki, düşündüyünü söyləyə, icra edə bilmək. Rejissor belədir. Rejissor mütləq gördüyü bir quruluşu, nəticəni almaq üçün istənilən halda qarşısına keçən bütün alaq otlarını yıxıb, maneələri keçərək məqsədinə doğru getməlidir və onun gördüyü dünya onun baxışına xidmət etməlidir. Çünki tamaşa rejissorundur. Sən aktyorla da, sürücü ilə də, səs rejissoru ilə də, işıq rejissoru ilə də məqsədinə doğru yola çıxmalısan və əlbəttə ki, sənə mane olan hər bir şeyi dəf etməlisən.
Bu, böyük anlamda bu peşənin ən vacib məsələsidir. Sən bütün maneələri dəf edərək, nəticənin yaxşı olması üçün çox mətin, israrlı, amansız addımlar atmalısan. Amma bədii rəhbər, dediyiniz azadlığı tam icra edə bilmir. Çünki o artıq tək özünə və öz tamaşasına deyil, böyük bir heyətin taleyimi deyim, həyatımı deyim, varlığımı deyim... bütün bunlara cavabdehdirsə, hamı üçün yer qoymalıdır.

- Bəs sizcə, insanlar bu azadlıqdan məhrumolmanı niyə sevə-sevə qəbul edirlər?
- Azadlıqdan məhrum olma... Əvvəla, dediyiniz adamlar əgər azadlıqdan məhrum edilirsə...
- Yəni, yaradıcı insanların, azadlığı məsələsi. Sizin yaradıcılığınıza bir məhdudiyyət var...
- Bilirsiniz, yaradıcılığa məhdudiyyət mümkün deyil. Yaradıcılığıma mane olan reaksiyalar var. Yaradıcılığıma mane olan faktlar ola bilər. Bu da böyük mənada mənim zamanımı ala bilər, müəyyən mənada prinsiplərimi yumşalda bilər. Bu, artıq müəyyən bir tituldur, vəzifədir, öhdəlikdir. Hərçənd, düşünürəm ki, mənim heç kimin qarşısında öhdəliyim yoxdur. Mənim öhdəliyim ancaq teatr və teatrın tamaşaçısı önündədir. Çünki tamaşaçını teatra gətirmək lazımdır, tamaşaçıya daha ciddi sənət növü göstərmək və teatr dediyimiz bu ecazkar aləmi tamaşaçıya təqdim etmək lazımdır. Budur bizim əsas işimiz.

Sənəti anlamayan, burada nə üçün və nə səbəbdən olduğunun fərqində olmayan insanlarla mübarizə və yaxud da onları anlatmaq müəyyən zaman alır. Amma indi nə edək? Bir də görürsən ailənin içində də bəzən hamı eyni məqsədə, eyni məzhəbə qulluq etmir. Məcburuq onları bu və ya digər yolla müəyyən mənada biraz formaya salaq və yaxud da... Bilmirəm artıq adını necə qoyaq... sərt olar... (gülümsəyir - red.)
- Müsahibələrinizin birində belə bir fikir söyləmisiniz ki, ailədə atama ən çox mən bənzəyirdim. Bizdə də misal var, deyərlər, atasına oxşayan qız xoşbəxt olar. Düz deyirlər?
- Vallah, o baxır kim xoşbəxtliyi nədə görür?!
- Siz nədə görürsünüz? Xoşbəxtlik nədir bir rejissorun gözündə?
- Mənim peşəm məni yetərincə xoşbəxt edir. Martın 14-də "İblis və..." tamaşasının sonunda səhnəyə çıxanda gənc nəslin Hüseyn Cavidə olan marağını gördüm və xoşbəxtlik deyilən bir hiss varsa, həmin anda xoşbəxt oldum. Həmin anda bütün qayğılarım yox oldu getdi. Məni bu dünyada tamaşa, premyera günü aldığım impuls qədər xoşbəxt edən heç nə yoxdur. Mən Sankt-Peterburqda H.Cavidin dilini "İmperator" teatrında Azərbaycan dilində təqdim edəndə, nümayişdən sonra o alqışları görəndə xoşbəxt idim. Mən ölkə başçımın imzası ilə dövlət mükafatını alanda xoşbəxt idim. İnanın, bu məsələlər elə-belə deyil. Xoşbəxtlik mənim üçün dəyərdədir. Hər halda mənim baxış bucağımdan xoşbəxtliyin bir yolu budur.
- Mehriban xanım, tamaşanın anşlaqla keçməsini qeyd etdiniz. Sizcə, o zalda oturan tamaşaçıların neçə faizi sizin verdiyiniz mesajları almağa qadir idi?
- Onu deyə bilmərəm... Əgər bu, yeni nəsildirsə və Cavidin dekonstruksiya olunmuş tamaşasına bu cür axın gəlirsə, deməli, onlar artıq onu anladılar. Çünki mən orta nəsli nəzərə almışdım və düşünürdüm ki, orta nəsil o mesajı daha rahat qəbul edəcək. Çünki, Cavidin dili mürəkkəbdir və fəlsəfəsi zəki bir insan istəyir qarşısında, amma mən yeni nəsli görəndə düşündüm ki, deyəsən bu dəfə orta nəsil üçün nəzərə aldığım bu mesajlar gənc nəslin daha tez qəbul etməsi ilə nəticələndi.
- Bu sualı məqsədli verdim sizə. Çünki müsahibələrinizin birində belə bir fikrinizə rast gəlmişdim, istəyirəm olduğu kimi oxuyum: "Doğrudur, bu gün tamaşalara müxtəlif tamaşaçılar gəlirlər. Zallar boş deyil, amma məqsədli tamaşaçı yox dərəcəsindədir. Yəni tamaşaçı nəyəsə baxmağa gedir. Konkret zövqü və sənət mühakiməsi olmayan tamaşaçıdır".

- İnanın ki, mən hər il bir fikirdə ola bilirəm. Məsələn, bu il mən "İblis və..."dən aldığım son təəssüratını sizə söylədim. Hərçənd, keçən il bu fikirdə deyildim. Bu dəfə yeni nəsil haqqında tamam başqa fikirdəyəm.
- Müsahibələrinizdə bir fikriniz də diqqətimi çəkib. Demisiniz ki, həmişə seçimi elə etmişəm ki, qazandıqlarım itirdiklərimdən çox olub. İtirdikləriniz arasında itirmək istəmədikləriniz çox olub?
- ... (düşünür - red.) Yox. Qərara gəlmişəmsə, demək itirmişəm. Hər halda seçimimi etmişəm. Mən çox inanclı adamam və düşünürəm ki, Allah bizim hamımızı ömrünün ən çətin anında faili-muxtar buraxır, bizə seçə bilmək imkanı verir. Seçim sənin həyat tərzini müəyyən edir, seçim, sənin həyatdan umacaqlarını özündə ehtiva edir, sənin xarakterini, varlığını bir daha sübut edir. Ona görə seçimimi etmişəmsə, deməli düz etmişəm. Hər halda mən özümə xəyanət edib seçim etməmişəm.
- Yəni, itirdikləriniz arasında "kaş ki, itirməzdim" deyəcəyiniz heç kim və ya heç nə yoxdur?

- Ancaq doğmalarımı çıxmaq şərti ilə. Onu da mən idarə etmirəm, mən həll etmirəm. Mən yalnız valideynlərimin itkisi ilə barışa bilməyən adamam. İtirdiklərim itirilməli idi. Təəssüf, onlar yararlı olmayıblar ki, itirmişəm. Heyfsilənmək seçimimdə tərəddüd etmək olar. Yox, mən doğru seçim etmişəm.
- Ötən günlərə görə gələn günləri qurban verməyə dəyər?
- Valideynlərimi istisna etsəm, yox. Valideynlərimi istisna etmədən, hə. Ötən günlər mənim üçün çox ağrılı və nostalji bir hisslərdir. Amma gələcək də... hələ nə gələcək onu bilmirəm. Yaşadığımı ikinci dəfə yaşamağa dəyərmi? Onsuz da bir çayda ikinci dəfə çimmək olmur.
Daha çox foto burada: Photostock.Az
Əzizə İsmayılova
Video: Cavid Mehdiyev