AZ

"Mən o döyüşü lənətləyirəm" - Alla Puqaçova müharibə haqqında iki yeni mahnı yazıb...

 
"Savaş kimi sevirsə,
Ona busə bağışlar...
Polad minalar düzər,
Qəfil güllə də atar..."
 
SSRİ xalq artisti Alla Puqaçova iki yeni mahnı yazıb. Mahnılardan biri Böyük Vətən müharibəsinin qəhrəmanlarına, digəri isə müharibədə oğlunu itirən anaya həsr edilib.
 
Moderator.az xəbər verir ki, bu barədə "fontanka.ru" nəşri məlumat verib. Məlumatı "rtvi.com" nəşri yayıb.
 
Nəşr yazır ki, "Puqaçovaya yaxın olan arxiv nəşrdə" "Şavaşın busəsi" və "Ana" adlı iki yeni mahnı dərc olunub. Burada söhbət "V kontakte" şəbəkəsində "Alla Puqaçova. Videoarxiv" icmasından gedir. İcmada qeyd olunur ki, bu, ifaçının yaradıcılığına pərəstiş edənkər üçün əsas qrupdur". Hər iki kompozisiya martın 29-na keçən gecə yayımlanıb, amma tezliklə icmadan silinib.
 
"Savaş busəsi" mahnısı 1944-cü ilin yayında keçirilən Svirsko-Petrozavodsk hücum əməliyyatına həsr olunub, həmin hücum nəticəsində sovet əsgərləri fin qüvvələrinin müdafiəsini yararaq irəliləyiş əldə edib. 
 
Mahnının musiqisini əvvəl Puqaçova ilə əməkdaşlıq etmiş bəstəkar Andrey Misin yazıb. Sözlərin müəllifi isə şair Andrey Ordınetsdir. Mahnı "Andrey Misinin yaradıcılığı" YouTube kanalında yanvarın sonunda kişilər tərəfindən ifa edilərək yayımlanıb. Mahnının sözlərini təqdim edirik:
 
Savaş busəsi
 
Günəş çayda buz bağlar,
Qolumda yara vardır!
İkimiz də gərginik,
Çün döyüş olacaqdır!
 
Gecə-gündüz eşidər
Ölümcül atəşləri!
Alnımıza yazılıb
Savaşın busələri!
 
Savaş kimi sevirsə
Ona busə bağışlar!
Polad minalar düzər,
Qəfil güllə də atar!
 
Zərbə dalğası bizi
Dərində də yaxalar!
Savaş kim sevirsə,
Ona busə bağışlar!..
 
"Ana" kompozisiyası iki monoloqdan- müharibədə oğlunu itirən ananın və həlak olan oğulun monoloqundan ibarətdir. Puqaçova həm ana, həm də oğul rolunu ifa edir.
 
Mahnının sözlərini təqdim edirik:
 
"Ana"
 
Oğlum, necə uzaqsan,
Sənsiz mənə çətindir!
Gözümə yuxu getmir,
Göz yaşlarım səngimir!
 
Mən sağam, ölməmişəm,
Bunu unutma, ana!
Lənət o döyüşə ki,
Qərq etdi hicranına!
 
Necə buraxdım, oğul,
O döyüşə mən səni?
Şeytanın əməlidir,
Yoldan çıxardı məni!
 
Qəlbim sanki dayanıb,
Xəyalımda yaşarsan!
Sənsiz necə çətindir,
Röyalarımda varsan!
 
Mən ölsəm də, anacan,
Ruhum ki, ölməyəcək!
Sənin isti ağuşun 
Mənə nəfəs verəcək!..
             *
Qeyd edək ki, Puqaçovanın yeni mahnılarının mətnləri "fan-club-alla.ru" saytında yerləşdirilib. (Mahnıların sözlərinin tərcüməsi redaksiyaya məxsusdur).
 
2024-cü ildə Puqaçovanın, o cümlədən "Mən ağlayıram", "Həyat çox gözəldir", "Saxta utanc" və "Qızım, başını bayıra çıxarma" adlı bir neçə mahnısı işıq üzü görüb. Eyni ildə, 16 ildən sonra, Puqaçоvanın "P.S."adlı ilk albomu yayımlanıb, o albomda 2019-cu ildəki Kremlin sarayında keçirilən konsertdə ifa edilən məşhur mahnıların konsert versiyaları yer alıb.
 
Puqaçovanın "xüsusi hərbi əməliyyat"dan sonrakı dövrü
 
Alla Puqaçova və onun həyat yoldaşı, yumor ustası Maksim Qalkin 2022-ci ilin fevral ayında Rusiyada hərbi əməliyyatın başlanmasından sonra ölkəni tərk edib. İfaçının həyat yoldaşı Ukraynada baş verən döyüş əməliyyatlarını pislədikdən sonra "xarici agentlər" siyahısına daxil edilib. Puqaçova isə bunun ardınca açıq şəkildə onu "xarici agent" kimi tanımağa çağırıb və bunun səbəbini həyat yoldaşı ilə həmrəylik kimi izah edib.
 
Puqaçovanı Rusiyanın Ədliyyə Nazirliyinin "xarici agentlər" siyahısına daxil etməsi barədə dəfələrlə təkliflər irəli sürülüb. Nazirlik isə bu məsələyə cavab olaraq bildirib ki, Puqaçovanı "xarici agent" kimi tanımaq üçün heç bir əsas yoxdur. Lakin eyni zamanda, nazirlik "Puqaçovanın fəaliyyətində xarici agentliyin əlamətləri aşkarlanarsa", onu "xarici agentlər" siyahısına daxil etməyi nəzərdən keçirəcəyini bildirib.
 
Rusiyanı tərk etdikdən sonra Puqaçova ölkəyə üç dəfə qayıdıb. 2022-ci ilin sentyabrında o, SSRİ-nin prezidenti Mixail Qorbaçovun vida mərasimində iştirak edib, 2023-cü ilin may ayında modelyer Valentin Yudaşkinin dəfnində olub, 2023-cü ilin noyabrında isə Moskvadakı Qryaz kəndindəki malikanəsində bir həftəlik səfərdə olub.
Seçilən
229
28
moderator.az

10Mənbələr