Xəzər rayonu, Binə qəsəbəsinin minlərlə sakini olan “Atçılıq” yaşayış məntəqəsi adlanan ərazisinin qəbiristanlığı yoxdur.
Xezerxeber.az-ın məlumatına görə, sakinlər deyirlər ki, dünyasını dəyişən əzizlərini dəfn edə biləcək yer tapmırlar. Səbəb də bu ərazidə məzarlığın olmamasıdır.
Sakinlərin sözlərinə görə, dəfərlərə qəbiristanlıq ərazisinin ayrılması üçün aidiyyəti qurumlara müraciət ediblər, lakin nəticə yoxdur. Dünyasını dəyişən şəxsləri avtomobillə uzaq qəsəbə qəbristanlqılarına aparırlar. Bu halda məsafə ilə yanaşı, qeydiyyat məsələləri də çətinlik yaradır.
Atçılıq, Təmənis qəsəbəsində yerləşən məscidin Axundu Sadiq Sadiqov “Xəbər Ertəsi”nə bildirib ki, 50 minə yaxın əhalinin məskunlaşdığı yaşayış məntəqəsində ən böyük problem məzarlığın olmamasıdır. Qəsəbənin sürətlə böyüməsi isə gələcəkdə ərazi probleminin də böyüməsinə səbəb ola bilər. Axund bildirir ki, onlar tərəfindən aidiyyəti qurumlara müraciət edilib.
Məsələ ilə bağlı Bakı Şəhər İcra Hakimiyyətindən bildirildi ki, həmin qəsəbədə məzarlıq yerinin ayrılması üçün yerli bələdiyyə və ya icra orqanları tərəfindən rəsmi müraciət edilməlidir. Yalnız bundan sonra Nazirlər Kabinetinin qərarı ilə torpaq ayrılmalıdır: “Qəsəbə ərazisində qəbiristanlıq üçün yerin nə zaman ayrılacağı ilə bağlı isə konkret cavab ala bilmədik”.
Xezerxeber.az "Xəbər Ertəsi"nin mövzu ilə bağlı hazırladığı geniş reportajı təqdim edir.