Xəbər verdiyimiz kimi, Bənövşəyi metro xətt üzrə 6 yeni stansiyanın inşası nəzərdə tutulur. Layihəyə əsasən “Nizami” və “Sahil” stansiyalarında Yaşıl və Qırmızı xətlərlə keçidlər yaradılacaq. Dövlət proqramının yekununda isə Bakı Metropoliteninin sərnişindaşıma gücünün illik 88 milyon nəfər artırılması planlaşdırılır.
Bəs bu genişlənmə şəhərin illərdir davam edən tıxac probleminə necə təsir göstərəcək?
Məsələ ilə bağlı nəqliyyat eksperti Aslan Əsədov Operativ Media-ya açıqlama verib. Ekspert bildirib ki, metro xətləri nə qədər genişlənərsə bir o qədər də yollarda sıxlıq azalacaq:
"Bakı Metropolitenində əvvəllər əsas qrafiklərdə müəyyən çətinliklər mövcud idi. Xüsusilə bəzi xəttlər üzrə qatarların hərəkət cədvəlləri üst-üstə düşür, bu isə həm sıxlığa, həm də vaxt itkilərinə səbəb olurdu. Ən böyük problemlərdən biri də metrostansiyalarda intervalların azaldıla bilməməsi idi. Bu kimi məsələlərin həlli üçün kompleks yanaşmalar vacib idi.
Son illərdə metro infrastrukturunda atılan addımlar-yaşıl və qırmızı xəttlərin ayrılması, yeni çəhrayı və bənövşəyi xətlərin istifadəyə verilməsi, əlavə depo xətlərinin çəkilməsi bu problemlərin aradan qaldırılmasına xidmət edir. Məqsəd sərnişinlərin daha rahat, təhlükəsiz və operativ şəkildə təyinat nöqtəsinə çatmasını təmin etməkdir."
Ekspert qeyd edib ki, metro stansiyalarının sayının artması və xətlərin genişlənməsi sərnişinlərin hərəkət imkanlarını asanlaşdırır və ictimai nəqliyyata marağı artırır. Burada təkcə stansiyaların sayı deyil, onların yerləşdiyi ərazidəki sərnişin axını da nəzərə alınmalıdır. Məsələn Ulduz stansiyasından gündəlik keçən sərnişin sayı Koroğlu stansiyasının sərnişin axınının təxminən onda biri qədərdir. Lakin bu stansiyanı ləğv etmək də mümkün deyil. Çünki Ulduz stansiyasının yaxınlığında yerləşən Bakmil elektrik deposu interval məsələsinə birbaşa təsir göstərir. Yəni burada həm kəmiyyət, həm də keyfiyyət nəzərə alınmalıdır. Nəsimi stansiyasının sərnişin axını 20 Yanvar stansiyasından qat-qat azdır. Lakin son zamanlar Əcəmi stansiyasına keçid bağlantısı yaradılıb və bu ümumi hərəkət səmərəliliyinə təsir edir. Belə stansiyalar sistemin tamamlayıcı elementləri kimi çıxış edir."
Aslan Əsədovun sözlərinə görə, metro xətlərinin davamlı şəkildə genişləndirilməsi həm şəhərin nəqliyyat infrastrukturunun modernləşdirilməsinə, həm də ekoloji yükün azaldılmasına töhfə verir: "Gələcək layihələr sayəsində daha çox ərazi metro ilə əhatə olunacaq. Bu isə vətəndaşların həyat keyfiyyətinin yaxşılaşmasına, vaxt itkisinin azalmasına və iqtisadi səmərəliliyin artmasına səbəb olacaq."