Rusiyanın Nijni Novqorod vilayətində 18 yaşlı iki gənc Rusiya Ordusunu nüfuzdan saldıqlarına görə həbs olunublar.
Bizim.Media xəbər verir ki, bu barədə “Ostorojno, Novosti” Telegram kanalı məlumat yayıb.
Belə ki, Yeqor Starşinov və Kirill Smirnov 2023-cü ildə liseydə oxuduqları zaman çəkdikləri video səbəbilə Rusiya Silahlı Qüvvələrinin nüfuzdan salınması maddəsi ilə 2,5 il müddətinə azadlıqdan məhrum ediliblər.
Məlumata görə, Ukraynada gedən döyüşlər haqqında müzakirələrin yer aldığı həmin video cəmi 26 nəfərin daxil olduğu bir Telegram kanalında paylaşılıb. Sözügedən videoda Rusiya Prezidenti Vladimir Putinin və Adolf Hitlerin portretləri əks olunub.
Liseyin direktoru Nina Qovorova videodan xəbər tutan kimi bu barədə hüquq-mühafizə orqanlarına məlumat verib. Bundan sonra gənclərin valideynlərinə inzibati cərimə tətbiq olunub.
2024-cü ilin avqustunda isə yetkinlik yaşına çatan gənclərə qarşı həmin videoya görə cinayət işi açılıb.
Nijni Novqorod vilayətinin İstintaq Komitəsi hadisə ilə bağlı açıqlamasında bildirib ki, gənclərin qanunazidd fəaliyyəti Rusiya İstintaq Komitəsinin istintaqçıları, FSB-nin regional idarəsi, Daxili İşlər Nazirliyi və Rosqvardiyanın birgə əməliyyatı nəticəsində aşkarlanıb və bunun qarşısı alınıb.
Bizim.Media