“Report” xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adanom Qebreyesus mətbuat konfransında deyib.
Onun sözlərinə görə, müxtəlif mənbələrdən əldə edilən məlumatlar keçən ilin dekabrında COVID-19- yoluxma hallarının artdığını göstərir və bu, bayram dövründə izdihamın olması, eləcə də “JN.1” ştammının yayılması ilə bağlıdır.
“Dekabr ayında ÜST COVID-19-dan təqribən 10 min ölüm faktını qeydə alıb, noyabr ayı ilə müqayisədə xəstəxanaya yerləşdirilmələr 42%, reanimasiya şöbəsinə qəbullar isə 62% artıb. Lakin bu tendensiyalar sayı 50-dən az olan ölkələrin, əsasən Avropa və Amerika ölkələrinin məlumatlarına əsaslanır. Ancaq aydındır ki, digər ölkələrdə də artım olub, sadəcə, hələlik məlumat verilməyib”, - o bildirib.
ÜST baş direktoru həmçinin COVID-19-a qarşı ehtiyat tədbirlərini davam etdirməyə çağırıb.
“Ayda 10 min ölüm pandemiyanın pik nöqtəsindəki səviyyədən xeyli aşağı olsa da, bu qarşısı alına bilən ölüm səviyyəsi qəbuledilməzdir”, - o bildirib.
Qebreyesus hökumətləri epidemioji nəzarəti və ardıcıllığı davam etdirməyə, əlverişli və etibarlı testlərə, müalicələrə və peyvəndlərə çıxışı təmin etməyə çağırıb.