Yeniyetmə qızların ərə verilməsi, yaxud qoşulub-qaçması halları hələ də aradan qalxmayıb. Əksinə, bu problem getdikcə daha qabarıq şəkildə qarşımıza çıxır. Bununla bağlı statistik rəqəmlər kifayət qədər qorxuncdur.
Ötən həftə Dövlət Statistika Komitəsi yeniyetmə yaşında ana olan qızların sayı ilə bağlı rəqəmləri açıqladı. Məlum oldu ki, 2022-ci ildə 386 nəfər 16 yaşında, 1505 nəfər isə 17 yaşında uşaq dünyaya gətirib. Bu mənfi tendensiya artıq məsələnin nə dərəcədə ciddi olmasından xəbər verir.
Mövzu ilə bağlı “Yeni Sabah”a “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova danışıb. Qeyd edib ki, bu məsələdə müəyyən mənada həm valideyn, həm ətraf mühit, həm də tərbiyənin rolu var:
“Uşağın təlim-tərbiyəsinin təməli isə məktəbdə qoyulmur, təhsillə, təhsilə maraqla yoğrulmur. Belə olsaydı, yeniyetməlik çağında olan qızlarda ərə getmək istəyi formalaşmazdı. Əsas məsələ budur. Əgər çevrədəki insanlar həmin qızlara təhsilə, gələcəyə maraq aşılayarsa, planlar və arzular formalaşdırarsa, o zaman qızlarımız da təhsilə və gələcəyə meyl edən addımlar atırlar. Problem odur ki, ailədə təhsilə maraq göstərmirlər, gələcək həyata dair ümid vermirlər. Yeganə ümid onlar üçün ərə getmək olur. Sığınacaqda olan yeniyetmələr var ki, evdəki zorakılıqdan qaçıb bura sığınıblar. Həmçinin, bu hallar onların tələsik və düşünülməmiş addım ataraq yeni bir tələyə düşmələrinə də səbəb olur. Yəni, bu tendensiyanın əksəriyyəti qızların ərə getmə istəyi ilə yox, ətrafdakı insanların onlara bu cür istiqamət göstərməsi, evdəki zorakılıq halları, evdəkilərin bu düşüncədə olması ilə əlaqəli olur. Öz istəyi ilə ərə gedənlərin, qaçan qızların bu yolu seçməsində də ailənin təsiri olur. Onların yanında bütün günü həmin mövzuda çəkilən məişət seriallarına baxır, şadlıq sarayı, toy-büsat məzmunlu sosial şəbəkə paylaşımlarını izləyirlər. Bu da onların gələcək seçimlərinə təsir göstərir. Qoşulub-qaçan yeniyetmələrin əksəriyyəti sonradan reallıqların fərqinə varsalar da, evə qayıda bilmirlər. Ər evində o qızlara deyilir ki, özün qaçmısan, öz seçimindir. Həmin qızlar da fikirləşir ki, artıq bakirəliyim gedib, bundan sonra hara gedə bilərəm, məni kim alacaq”.
Ekspert bildirib ki, ailə quran qızları taleyin ümidinə buraxmaq doğru deyil:
“Ailə quran bu şəxslər üçün proqramlar təşkil olunmalıdır. Həmin adamlar təhsil almasalar belə, hansısa peşələri öyrənmək üçün yönləndirilməlidirlər. Ailələrlə ilə iş aparılmalıdır. Nəticədə, ən azından boşanma, yaxud ölüm halı yaşananda həmin qadın çarəsiz qalmayacaq, əlində işi, çörəyi olacaq. Belə ailələri nəzarətsiz buraxanda ya insan alverinin, ya da pis vərdişlərin alüdəçisi olurlar. Bu barədə İcra Hakimiyyətləri qərar qəbul edib, həmin ailələrə monitorinq qrupu göndərməli və onların işə, peşəyə cəlb edilməsi üçün addımlar atmağa başlamalıdırlar.
İkinci bir məsələ maarifləndirmə işləri görmək və xidmət paketləri hazırlamaqdır. Uşaq "qaynar xətti"nə çoxlu müraciətlər var. Bu xidməti daha əlçatan etmək olar. Məktəblərdə təhsilə və gələcəyə dair stimullaşdırıcı təlimlər keçirilməlidir. Proqramlar və Fondlar təşkil olunur, bu yaxşı haldır. Ancaq onları daha da genişləndirmək lazımdır. Uşaqlarda təhsilə marağı artırmaq, bunun üçün yaxşı hekayələr yazıb, filmlər ərsəyə gətirmək vacibdir. İndi hər şey virtualdır. Sosial şəbəkələrdə də uğur qazanan qızlarla bağlı paylaşımların artırılmasında fayda var. Pandemiya bu kimi məsələlərin qarşısını müəyyən qədər alsa da, hazırkı dövrdə həmin prosesi davam etdirmək mütləqdir”.
Aytac Şahin
Telegram kanalımız