Azərbaycanda terrorçuluğun maliyyələşdirilməsi cinayətlərinin araşdırılması kriteriyası üzrə nəticələr yüksək qiymətləndirilib.
Bu barədə Avropa Şurasının Çirkli Pulların Yuyulmasına və Terrorizmin Maliyyələşdirilməsinə qarşı Tədbirlərin Qiymətləndirilməsi üzrə Ekspertlər Komitəsinin (MONEYVAL) açıqladığı Azərbaycan üzrə uzun müddətdir gözlənilən qiymətləndirmə nəticələrinə görə hesabatda qeyd olunub.
Sənəddə son beş il ərzində Azərbaycanda bir neçə qiymətləndirmə kriteriyası üzrə görülmüş işlər, əldə edilmiş nailiyyətlər qiymətləndirilərək məqbul hesab edilməklə gələcəkdə bu sahələr üzrə qarşıda duran işlərə dair tövsiyələr yer alıb.
Hesabatda qeyd edilib ki, Azərbaycan terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizədə yüksək səviyyədə effektivliyə nail olub. Hakimiyyət orqanları terrorçuluğu maliyyələşdirmə cinayətlərinin istintaqını uğurla aparmaq bacarıqlarını nümayiş etdiriblər (müvafiq qiymətləndirmə dövründə yeddi belə iş üzrə məhkum etmə həyata keçirilib). Azərbaycan həmçinin beynəlxalq əməkdaşlıqda yüksək effektivliyə nail olub, konstruktiv yardım göstərmək və digər ölkələrə müraciət etmək üçün dövlət orqanlarının imkanları yüksək qiymətləndirilib.