"Qarşıdakı mart ayında Ramazan ayı daxil olur. Martın 28-i və 30-u, aprelin 1-i və 5-i Qədr gecələridir. Qədr gecəsinin məna və fəziləti ondan ibarətdir ki, Allah-təala bu gecəsində Quranı öz Peyğəmbərinə nazil etmişdir. Qədr gecəsi çox müqəddəs olduğu üçün möminlər məscidlərdə dualar edir, bu gecəyə məxsusi namaz qılırlar, müxtəlif zikrlər edirlər və ehsanatlar paylanır. Bildiyimiz kimi, Ramazan günahların bağışlandığı aydır". Bu sözləri SİA-ya açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Fuad Nurullayev deyib.
Onun sözlərinə görə, Ramazan ayında şeytan zəncirlənər, cəhənnəm odu sönər: "Bunların mənası odur ki, müqəddəs ayda günah edilməz, insanlar ibadətlə məşğul olar. Bu ayın ən böyük fəziləti insanın nəfsi ilə mübarizə aparmağıdır. Çünki Peyğəmbərimizin buyurduğu hədislərdə belə bir şey var ki, islam Peyğəmbəri müharibələrin birində qələbə çalmış insanları alqışlayıb, təbrik etdikdən sonra onlara "Ey kiçik cihaddan çıxıb, böyük cihada doğru gedənlər" deyə müraciət edib. Onlar Peyğəmbərə belə bir sual yönləndiriblər ki, niyə böyük bir insan tələfatı olan müharibəni kiçik cihad adlandırdınız və dediniz ki, böyük cihad hələ qarşıdadır. Peyğəmbər isə bildirib ki, belə müharibələr çox edə bilər, amma ən böyük cihad insanın nəfsinə etdiyidir. Ona görə də Ramazan ayı Allah bəndəsinin nəfsinə etdiyi bir cihaddır. İnsan nəfsini islah edirsə, o, bədənini, ruhunu və mənəviyyatını xilas etmiş olur".
Din xadimi sözlərinə davam edərək bildirib ki, Ramazan ayında çoxlu ibadət etmək, fəqirlərə, yoxsullara əl tutmaq, öz imkanlarından ətrafdakı insanlara ehsan etmək, Allahdan nəinki özünün, hətta ağlına gələ biləcək hər kəsin bağışlanmasını diləmək lazımdır: "Ramazan ayının sonuna çatanda Allah bu əməlləri yerinə yetirən insanları əfv edər. Bu ayın hər gecəsi fəzilətli və savabdır. Ramazan sözünün bir mənası "yandırmaq" deməkdir. Yəni insan nə qədər günahı varsa, Ramazan ayında onları ibadət alovu ilə yandırmaqla paklanır, bədənindən təmizləyir. İbadətin alovu elə bir səviyyədədir ki, o, hər günahı təmizləyər. İnsan çalışmalıdır ki, bu aydan bacardığı qədər istifadə etsin".
Ləman Sərraf