
Millət vəkili Vüqar Bayramov “Demokrat.az”a açıqlamasında Şuşada sahibkarların iştirakı ilə keçirilən tədbirin işğaldan azad edilmiş ərazilərimizdə iqtisadiyyatın, o cümlədən sahibkarlığın inkişafı üçün mövcud olan imkanların təqdimatı baxımından böyük əhəmiyyət daşıdığını söylədi:

- Əlbəttə ki bu səpkii tədbirlər çox önəmlidir. Artıq işğaldan azad olunmuş ərazilərdə fəaliyyət göstərən sahibkarlara 10 il müddətində vergi güzəştlərinin tətbiqi həyata keçirilir. Güzəştlər praktiki olaraq sahibkarların bütün vergilərdən
azad olunması anlamına gəlir. O cümlədən həmin ərazilərdə çalışan vətəndaşlar üçün də güzəştlər nəzərdə tutulub. Vətəndaşlar 600 manat birdəfəlik müavinət almaq hüququna malikdirlər. Eyni zamanda onların sosial haqları, ödənişləri dövlət tərəfindən kompensasiya olunur. Bu da onların əmək haqqının artmasına xidmət edir. Eləcə də sahibkarların ödədiyi kommunal ödənişlərin 20 faizi dövlət tərəfindən kompensasiya edilir ki, bu da onların investisiya xərclərinin minimallaşması imkanlarını artması, daha çox gəlir əldə etməsi anlamına gəlir. Bütövlükdə Qarabağ və Şərqi Zəngəzurda sahibkarlar üçün kifayət qədər geniş güzəştlər paketi təqdim olunmaqdadır. Həmin ərazilərdə fəaliyyət göstərən sahinkarlar kreditlər üzrə subsidiyalardan istifadə edə bilirlər. Yəni, kredit fazilərinin bir qismi dövlət tərəfindən qarşılanır. Bu da onların xərclərini minimallaşdırır. Bu baxımdan kifayət qədər böyük imkanlar təqdim olunur. Bu da sahibkarların həmin ərazilərə investisia qoyuluşunun həyata keçirilməsinə imkan yaradır. Gözlənti ondan ibarətdir ki, Qarabağ və Şərqi Zəngəzurda növbəti mərhələlərdə yeni iş yerləri özəl sektor hesabına yaradılacaq.
İqtisadçı Fuad İbrahimov da “Demokrat.az”a açıqlamasında işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzurda yerli sahibkarlara geniş imkanlar yaradılmasının ümumilikdə sahibkarlığın inkişafına töhfə verdiyini bildirdi:

- “Böyük Qayıdış” dövlət proqramının icrası çərçivəsində təkcə tikinti, abadlıq işləri aparılmır, həm də sənaye müəssisələri yaradılır, doğma yurdlarına qayıdan vətəndaşlarımız üçün yeni iş yerlərinin yaradılması, məşğulluğun artırılması proqramları da icra edilir. İşğaldan azad edilmiş ərazilərdə sənaye parklarının yaradılması məhz bu qəbildəndir. Sahibkarların iştirakı ilə keçirilən tədbirdə də qeyd edildi ki, bugünədək Şuşada fiziki və hüquqi şəxs olmaqla 20-yə yaxın sahibkara fəaliyyəti ilə bağlı müvafiq şərait yaradılıb. Şuşada “Qarabağ” küçəsində Prezident İlham Əliyev tərəfindən təməli qoyulan, dövlət-özəl tərəfdaşlığı çərçivəsində inşa edilən 10 binanın tikintisi sürətlə davam etdirilir. Bu binaların 8-i özəl investorlar, 2-si isə Şuşa Şəhər Dövlət Qoruq İdarəsi tərəfindən tikilir. Qeyd edilib ki, bu investisiya layihəsinə 1 manat da olsa dövlət vəsaiti sərf olunmayıb. Ağdamda Sənaye Parkı yaradılıb. Azad edilmiş ərazilərdə minlərlə iş yeri yaradılıb və bunun çox hissəsi özəl sektorun payına düşür. Orada çalışan sahibkarlara da bir çox güzəştlər tətbiq edilir. İnvestisiya layihələri çoxdur və bu layihələr bir sıra sahələri əhatə edir. Məsələn, farfordan dekorativ mətbəx məhsullarının istehsalı müəssisəsinin qurulması ilə bağlı layihənin dəyəri 25 milyon manatdır. Layihə çərçivəsində farfordan dekorativ mətbəx məhsulları istehsalı müəssisəsinin yaradılması nəzərdə tutulur. Ölkədə bu sahədə istehlak məhsullarının idxal payı yüksəkdir, ölkədə yerli istehsal azdır. Müəssisənin istehsal gücü illik 18 milyon ədəd təşkil edir. Məqsəd idxaldan asılılığı azaltmaqdır. Ağdam Sənaye Parkında yerli xammaldan istifadə edərək və daxili tələbatı nəzərə alaraq şəxsi sanitar məmulatların istehsalı təklif edilir. Bu layihənin dəyəri də 17 milyon manatdır. Bütün bunlar onu deməyə əsas verir ki Qarabağ və Şərqi Zəngəzur sürətlə inkişaf edir və bunda sahibkarların da payı çoxdur.
Qeyd edək ki, iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkəsindəki hesabında paylaşım edərək bildirib ki, Qarabağı birlikdə bərpa etmək və bunu reallığa çevirmək üçün biznes ilə birgə fəaliyyət daha sıx olacaq. "Sahibkarlarla Şuşada keçirdiyimiz tədbir səmərəli müzakirələr, məhsuldar görüşlər və xoş təəssüratlarla yadda qaldı. Biznes nümayəndələri ilə birlikdə atılacaq addımları müəyyənləşdirdik, qarşılıqlı gözləntilərimizi və sual yaradan məqamları nəzərdən keçirdik. Vahid amalımız Qarabağı birlikdə bərpa etməkdir və bunu reallığa çevirmək üçün birgə fəaliyyətimiz daha sıx olacaq. Bütün tədbir iştirakçılarına təşəkkür edirik".
Törə Zeynallı
Demokrat.az
Qeyd: Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyilə azad sahibkarlığın və liberal iqtisadiyyatın təşviqi istiqamətində hazırlanıb.