“Son günlər Azərbaycanla Ermənistan arasında birbaşa danışıqların baş tutması və COP 29-da Ermənistanın öz namizədliyini geri götürərək Azərbaycanı dəstəkləməsi ölkələrimiz arası münasibətlərin tənzimlənməsi baxımından müsbət addımlar hesab olunur. Hətta ölkələrarası ikitərəfli razılaşmanın əldə olunması və birbaşa dialoqa keçməsini beynəlxalq ictimaiyyət də dəstəkləyir və sülh prosesinin sürətlənəcəyi haqqında ümidlərin artdığı bildirilir”.
Bu fikirləri Editor.az-a açıqlamasında Milli Məclisin deputatı Azər Badamov deyib.
Millət vəkili bildirib ki, sülh müqaviləsinin imzalanması birbaşa Ermənistanın siyasi iradə nümayiş etdirməsindən asılıdır:
“Çünki Azərbaycan üç il əvvəl, müharibənin başa çatdığı ilk gündən sülh təşəbbüsü ilə çıxış edib və bu gün də özünün bu təşəbbüsünə sadiqdir. Sadəcə Ermənistan bu dövrdə danışıqlar prosesini manipulyasiya edir və sülh müqaviləsinin imzalanmasının uzanmasına xidmət etmişdir. Hətta tərəflərin bildirdiyinə görə sülh müqaviləsi ilə bağlı müzakirə olunan məsələlərin 90%-i razılaşdırılmışdır. Burda gündəlikdə cəmi 10 % məsələlər qalır ki, həmin məsələləri də qısa zaman kəsiyində həll etmək mümkündür. Sadəcə sülh müqaviləsinin imzalanmasının ləngiməsində əsas problem Ermənistanın özünü qeyri-konstruktiv aparması ilə bağlıdır. Çünki Ermənistan Azərbaycandan aldığı təkliflərə baxıb qısa zaman kəsiyində dəyərləndirmək əvəzinə aylarla süni şəkildə gecikdirir. Bu da Ermənistanın sözü ilə əməlinin fərqli olduğunu bir daha sübut edir”.
//Gülnarə Abasova, Editor.az