AZ

Ermənistanın Avropaya inteqrasiya sevdası öz başına bəla açacaq

Ermənistan regionda bütün proseslərdən təcrid olunmaq təhlükəsilə üz-üzə qalıb. Regionun sosial-iqtisadi inkişafından geri qalan Ermənistan siyasi baxımdan da təklənmək təhlükəsilə üzləşib. Vassal dövlət olan işğalçı ölkə hələ də anlamaq istəmir ki, heç bir iqtisadi potensialı olmadığından   qətiyyən müstəqil şəkildə var ola bilməz. İqtisadiyyatının 70 faizi Rusiyadan asılı olan, bütün iqtisadi resurslarına Rusiyanın nəzarət etdiyi bir məqamda bu ölkədən üz döndərmək işğalçı dövlətin ölümünə bərabərdir. Ancaq buna baxmayaraq Rusiya Ermənistanın işğalçılıq siyasətini açıq-aşkar dəstəkləmədiyi səbəbindən tənqid hədəfinə çevrilib. Ermənistan birmənalı şəkildə Rusiyanın layihəsi olan hər hansı siyasi, iqtisadi və yaxud hərbi təşkilatda təmsil olunmaqdan yayınır. Artıq bundan sonra rəsmi İrəvanın  KTMT, Avrasiya ittifaqı və MDB-də təmsil olunacağı şübhə doğurur. 
Təsadüfi deyil ki, Ermənistan Avropa İttifaqına üzvülüyünün başlanmasına dair qanunu təsdiqləyib. Ermənistan buna həm Rusiyaya qarşı təzyiq vasitəsi kimi baxır, həm də Avropaya inteqrasiyanı sürətləndirmək istəyir. Lakin etiraf edilməlidir ki, təkcə hər hansı qanun qəbul etməklə Avropa İttifaqına üzv olmaq qeyri mümkündür. Ona görə ki, Avropa dövlətləri və ABŞ-nin   təsiri altında olan beynəlxalq təşkilatlar onlara sərf edən, siyasi maraqlarına cavab verən dövlətlərə qucaq açırlar. Hələlik isə Ermənistanın belə bir şansı yoxdur. Bu ölkənin nə iqtisadi potensialı, nə coğrafi mövqeyi, nə də siyasi çəkisi yoxdur ki, Avropa İttifaqı kimi məkrli təşkilatın marağını cəlb etsin. Ortada Gürcüstan və Ukrayna faktoru var. 
Digər tərəfdən, nəzərə almaq lazımdır ki, Ermənistan hələ ki, Rusiyanın təsiri altında inləyir. Bu ölkə Rusiyanın orbitində olan Avrasiya İttifaqının, KTMT, Gömrük İttifaqı kimi qurumların üzvüdür. Belə bir halda, Ermənistanın baş naziri Nikol Paşinyan  Avropa İttifaqına üzvülük sənədini təsdiqləməklə Moskvaya qarşı yeni cəbhə açmış olur. Bəlli məsələdir ki, əgər Ermənistan Avropa İttifaqına üzv olmaq istəyirsə, Rusiyanın nəzarətində olan bütün təşkilatlardan rəsmən çıxmalıdır. Lakin nəzərə almaq lazımdır ki, hazırda Rusiya xarici ölkələrə ticarət dövriyyəsini İrəvan vasitəsilə həyata keçirir. Bu ölkənin ötən il Rusiya ilə iqtisadi əməkdaşlığa görə 15 milyard ticarət dövriyyəsi olub. Etiraf edilməlidir ki, bu göstərici Ermənistan kimi iqtisadiyyatı tənəzzülə uğramış dövlət üçün  kifayət qədər böyük bir rəqəmdir. Əgər, Ermənistan Avropa İttifaqına üzv olmaq məqsədilə Rusiya ilə iqtisadi əlaqələrə son qoysa, daha dəqiq Rusiyanın nəzarətində olan iqtisadi təşkilatlardan ayrılsa iqtisadi təlatüm qaçılmaz olacaq. Üstəlik Rusiyanın Ermənistana qarşı iqtisadi və siyasi təzyiqlərə əl atacağı istisna olunmur. 
Sadalanan faktlar deməyə əsas verir ki, Ermənistanın sözügedən qərarı   Rusiya ilə münasibətlərin daha da kəskinləşməsinə səbəb olacaq. Təbii ki, Rusiya Avropanın sanksiyaları qarşısında iqtisadi partnyorunu itirmək istəməyəcək. Cənubi Qafqazda müstəqil olmayan Ermənistanla iqtisadi əməkdaşlıq Rusiyanın da maraqlarına cavab verir. Həm bu ölkənin mövcud iqtisadi potensialını mənimsəyir, həm də dünyaya çıxış üçün vasitə olaraq qəbul edir. Belə bir şəraitdə Ermənistanın Avropaya inteqrasiya sevdası öz başına bəla açacaq.  

Alim Hüseynli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
36
olaylar.az

1Mənbələr