“Bayern”in və İngiltərə yığmasının ulduz mərkəz hücumçusu Harri Keyn karyerası haqqında söhbət açıb, narazı olduğu məqamdan danışıb.
Arena.az “Ekip” nəşrinə istinadən ingilis ulduzun bu barədə fikrini təqdim edir:
“Düzdür, mən indiyədək fərdi nailiyyətlər əldə etmişəm, ilin ən sərrast qolçusu və ya oyunçusu olmuşam. Mən hər mövsümə qənimət qazanmaq məqsədi ilə başlayıram və təkcə fərdi səviyyədə tanınmaqla kifayətlənmirəm.
Mənim cəmi 31 yaşım var. Məncə, ən yaxşı Harri Keyn hələ qarşıdadır. Mən buna çox əminəm və əminəm ki, karyeramın indi başlayan ikinci hissəsi böyük kuboklarla dolu olacaq. Butslarını asılqandan asdığım vaxt isə bu sual bir daha qaldırılmayacaq”, deyə Keyn vurğulayıb.
Harri Keyn “Tottenhem”in yetirməsidir. İngilis hücumçu 2023-cü ilin avqustunda 100 milyon avro məbləğ müqabilində elə, London klubundan “Bayern”ə keçib. Harrinin Münhen klubu ilə müqaviləsinin müddəti 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.
Cari mövsümdə Keyn “Bayern” üçün bütün yarışlarda 21 oyuna çıxıb, 21 qol və 9 məhsuldar ötürmə ilə fərqlənib.
Harri Keynin Almaniya nəhənginin heyətində çıxışının ümumi mənzərəsi 66 oyun, 65 qol və 21 məhsuldar ötürmədən ibarətdir.
Harri Keyn 2015-ci ilin mart ayında debüt etdiyi İngiltərə yığma komandasının heyətində 103 oyuna 69 qol və 19 məhsuldar ötürmə ilə fərqlənib.
“Transfermarkt” internet-portalı 31 yaşlı ingilis hücumçunun transfer dəyərini 90 milyon avro məbləğində qiymətləndirir.
Əlavə edək ki, Keyn böyük futboldakı karyerası ərzində hələ, bir qənimət belə, qazana bilməyib.