AZ

Qış aylarında D vitamini necə qəbul edilməlidir?

Həkim bildirib ki, D vitamini çatışmazlığı insanın ciddi şəkildə halsız hiss etməsinə səbəb olur.

"D vitamini orqanizmdə ən vacib vitaminlərdən biridir. Bu vitamin kalsium, fosfor və digər mineralların bədənə sorulmasında və düzgün işləməsində mühüm rol oynayır. Məsələn, insanın qidasında olan D vitamini kalsium olmadan bədəndə yaxşı sorulmur. Yəni, əgər insan bu vitamini kalsium ilə birlikdə qəbul etmirsə, D vitamini orqanizmə hopmayacaq".

Bu sözləri "Operativ Media"ya açıqlamasında həkim-terapevt Nəbi Abbasov deyib.

Terapevt bildirib ki, son zamanlar praktikada 90-95% şəxslərdə D vitamini çatışmazlığı müşahidə olunur:

"Bu, çox ciddi bir göstəricidir və məsələyə diqqət yetirilməsini tələb edir. Bunun səbəbləri çoxdur. Əsas səbəblərdən biri də, xüsusən qapalı ərazilərdə və ofislərdə işləyən insanların günəş işığına məruz qalmamalarıdır. Çünki demək olar ki, insanlar günəşə çox az məruz qalır və çoxu ofislərdə oturaq işlərlə məşğul olurlar. Günəş işığına məruz qalmamaq isə D vitamini sintezinin zəifləməsinə səbəb olur.

Əsas məsləhətim odur ki, insanlar profilaktik tədbir olaraq D vitamini qəbul etsinlər. Lakin unutmaq olmaz ki, D vitamininin həddindən artıq qəbul edilməsi bədənə zərər verə bilər. D vitamini bədəndə həll olunan vitaminlərdən olduğu üçün, onun artıq miqdarı orqanizmdə zəhərlənməyə səbəb ola bilər, xüsusilə beyin funksiyalarını poza bilər. Ona görə də, hər kəs D vitaminini yalnız həkimin tövsiyəsi ilə qəbul etməlidir.

D vitamini orqanizmdə çatışmazlıq yaranarsa, mineralların, xüsusən də kalsium və fosforun metabolizmasında pozulmalar meydana gəlir. Bu da insanın ciddi şəkildə halsız hiss etməsinə və ümumi sağlamlıq vəziyyətinin pisləşməsinə səbəb olur. Hazırda cəmiyyətdə bir çox insan özünü halsız hiss edir və ya halsız görünür. Bunun əsas səbəbi çox zaman D vitamini çatışmazlığıdır. Əgər bu şəxslərdə D vitamini səviyyəsi yoxlanılsa, 90%-ında bu vitaminin çatışmazlığı üzə çıxacaq".

Seçilən
21
operativmedia.az

1Mənbələr