AZ

"Heç kim qurbana çevrilməkdən sığortalanmayıb" - QHT sədri ilə MÜSAHİBƏ

İnsan Alverinə Qarşı Mübarizə üzrə QHT Koalisiyasının üzvü və "Sağlam İnkişaf və Maarifləndirmə" İctimai Birliyinin sədri Anar Xəlilov QHT.az-a verdiyi müsahibəsində insan alveri qurbanlarına psixoloji və sosial dəstəyin əhəmiyyətini, QHT-lərin bu sahədəki rolunu və cəmiyyətin üzərinə düşən vəzifələri vurğulayıb.

 

QHT.az: İnsan alveri qurbanlarının cəmiyyətə reinteqrasiyası üçün hansı tədbirlərə ehtiyac var?

Anar Xəlilov: İnsan alveri qurbanlarının cəmiyyətə reinteqrasiyası çox aktual bir məsələdir. Dövlət tərəfindən qanunvericiliyə uyğun olaraq insan alverindən zərər çəkmiş şəxslərə dəstək göstərilir. Onlara müavinətlər verilir, sığınacaqlar təklif olunur, məşğulluq problemlərinin həllinə çalışılır. Lakin cəmiyyətin özünün də bu şəxslərə dəstək olması vacibdir. Xüsusilə vətəndaş cəmiyyəti institutlarının bu istiqamətdə fəaliyyətləri təqdirəlayiq hesab edilməlidir. Zərər çəkmiş insanlara mənəvi dəstəkdən tutmuş psixoloji və digər dəstəklərin göstərilməsi vətəndaş cəmiyyəti institutları tərəfindən aparılmalıdır. Həmin şəxslər özlərini tək hiss etməməlidirlər. Onların məşğulluq probleminin həll edilməsi çox vacibdir. Əhali arasında da maarifçilik tədbirləri aparılmalıdır. Çox vaxt biz məhz zərər çəkmiş insanlara qarşı əhali arasında düşüncələrin bir mənalı olmadığına rast gəlirik. Bu cür yanaşmalar kökündən dəyişməlidir. Çünki heç kim qurbana çevrilməkdən sığorta olunmayıb. Qurbana çevrilmiş insanın taleyi hər kəsi düşündürməli və dəstək göstərilməlidir.

 

QHT.az: Qurbanların psixoloji və sosial dəstəyi üçün hansı xidmətlər vacibdir?

Anar Xəlilov: Zərər çəkmiş insanlara qarşı ilk növbədə dəstək göstərilməli sahə məhz psixoloji dəstəkdir. Çünki qurbana çevrilmiş insan ən çox psixoloji sarsıntı keçirdir və onun cəmiyyətə geri dönüşü çox çətin olur. Çox vaxt müşahidə edirik ki, bu insanlar sanki cəmiyyətdə özlərinə yer tapa bilmirlər aldıqları zərbənin təsiri onları psixoloji olaraq daim təqib edir. Hesab edirəm ki, psixoloji yardım məsələsində dövlətlə yanaşı vətəndaş cəmiyyəti institutları da fəal olmalı. Bu insanlara daim yardım etməlidir. Sosial dəstəyə gəldikdə isə təbii ki, ilk növbədə məşğulluq probleminin həlli vacibdir. Müvafiq dövlət qurumları bu istiqamətdə səylərini daha da artırmalıdırlar.

 

QHT.az: QHT-lər insan alveri qurbanlarının hüquqlarını qorumaq üçün hansı hüquqi yardımları təmin edə bilər?

Anar Xəlilov: İnsan alveri qurbanlarının hüquqları dövlətin müvafiq qanunları ilə qorunur. Onlar haqqında məlumatların gizli saxlanılması, təhlükəsizliyi qanunvericilikdə nəzərə alınıb və qorunur. Bununla yanaşı bəli QHT-nın da bu məsələdə rolu böyükdür. Məhz onlar bu qanunların tətbiq olunmasına nəzarət etməli, qurbanlara onların hüquqlarını başa salmağa xidmət etməlidirlər. Bu gün bu sahədə ixtisaslaşmış QHT-ı var və onların təcrübə və fəaliyyətləri ildən ilə artmaqdadır. Ümumiyyətlə vətəndaş cəmiyyəti institutları bütün hüquqi yardımları göstərə bilərlər. Burada müvafiq dövlət qurumları ilə də əməkdaşlıq etmək çox vacibdir. Qurbanlarla dövlət qurumları arasında körpü yolunu da məhz QHT yaratmalıdır. Bəzən biz rast gəlirik ki, qurbanlar maarifsizlikdən dövlət orqanlarına birbaşa müraciət etməkdən çəkinirlər. Məhz bu zaman QHT vasitəsilə bunu etməlidirlər. Beynəlxalq təcrübələrə nəzər saldıqda İnsan alveri ilə mübarizə sahəsində böyük uğurların əldə olunmasında məhz əhəmiyyətli rolu vətəndaş cəmiyyəti institutları tutur. Bu gün Azərbaycanda bu sahədə ixtisaslaşmış QHT təşkilatlarının sayının artması çox prioritet hesab edilməlidir. 

 

İnsan Bu yazı QHT.az platforması və İnsan Alverinə Qarşı Mübarizə Üzrə QHT Koalisiyasının birgə əməkdaşlığı ilə “Ölkələrdə Milli Səviyyədə İnsan Alveri Probleminin Qarşısının Alınması Aylığı”çərçivəsində hazırlanıb.

 

Pərvanə Fərhadqızı

Seçilən
13
qht.az

1Mənbələr