AZ

Olavio Juninyo rəsmən “Flamenqo”da - Video

“Qarabağ”dan Braziliya təmsilçisi “Flamenqo”ya transfer olunan Olavio Juninyo artıq yeni klubu ilə rəsmi müqaviləyə imza atıb.

Arena.az xəbər verir ki, bu barədə Braziliya klubu rəsmi saytı vasitəsilə məlumat yayıb.

Tibbi müayinədən uğurla keçmiş 28 yaşlı hücumçu yeni klubu ilə 2028-ci ilin sonunadək nəzərdə tutulmuş müqavilə bağlayıb.

Artıq “Qarabağ” da bu transferi rəsmən təsdiqləyib. Ağdam klubunun açıqlamasında bunlar qeyd olunub:

“Komandamızın futbolçusu Olavio Juninyo “Flamenqo”ya transfer olunub. 28 yaşlı hücumçu Braziliya klubu ilə müqavilə imzalayıb.

2023-cü ilin yayından komandamızın formasını geyinən braziliyalı forvard bu müddətdə 81 oyunda 42 qol vurub. O, Premyer Liqada 48 (23 qol), ölkə kubokunda 6 (5 qol), avrokuboklarda 27 (14 qol) matç keçirib. O, komandamızla ölkə çempionu və kubokunun qalibi olub.

Olavio Juninyoya klubumuza göstərdiyi xidmətlərə görə təşəkkür edir, gələcək karyerasında uğurlar arzulayırıq”.

Qeyd edək ki, “Qarabağ” bu transferdən 5 milyon avro qazanacaq. “Flamenqo” həmin məbləği Ağdam təmsilçisinə hissə-hissə ödəyəcək.

Olavio Juninyo “Qarabağ”a 2023-cü ilin iyul ayında Portuqaliyanın “Şaveş” klubundan 450 min avro müqabilində keçmişdi. 28 yaşlı forvardın Ağdam klubu ilə 2026-cı ilin 30 iyununa kimi müqaviləsi vardı. O, Azərbaycan çempionunun heyətində 81 oyuna çıxıb, 42 qol vurub və 14 məhsuldar ötürmə müəllifi olub. Braziliyalı futbolçu Ağdam klubu ilə Azərbaycan çempionatının və kubokunun qalibi olub.

Tam adı Olavio Vieyra dos Santos Junior olan Juninyo karyerası ərzində “Fiqeyrense”, “Brazil Pelotas”, “Eştoril”, “Novorizontino”, “Atletiko Paranaense”, “Vila Nova” və “Portimonense” kimi klubların da formasını geyinib.

“Transfermarkt” internet-portalı 28 yaşlı hücumçunun transfer dəyərini 2 milyon avro məbləğində qiymətləndirir.

Seçilən
6
30
arena.az

10Mənbələr