AZ

Təhlükəsizliyimiz də birdir, maraqlarımız da birdir, gələcəyimiz də birdir

Dövlət başçısı İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində Azərbaycan-Türkiyə birliyindən bəhs edərək onu da bildirdi ki, ölkəmizin D-8 təşkilatına üzvlüyünü dəstəkləyən və birinci təbrik edən qardaş ölkə oldu

Dövlət başçısı İlham Əliyev böyük qürur hissi ilə qeyd edir ki, Türkiyə və Azərbaycan hər zaman bir yerdədir. Türkiyə və Azərbaycan dost, qardaş ölkələrdir.

İki dost, qardaş, müttəfiq ölkənin birliyini, həmrəyliyini, hər zaman bir-birinin yanında olduğunu təsdiqləyən saysız-hesabsız faktlar sadalaya bilərik. Sıx tellərlə bir-biri ilə bağlı olan Azərbaycan və Türkiyənin dostluğu, qardaşlığı dünyaya nümunədir. Çünki bu qardaşlıq sözdə deyil, əməldə öz təsdiqini tapır. Bunun üçün təkcə tarixi Zəfərimizdən sonrakı dövrə nəzər salmaq kifayətdir. 44 günlük İkinci Qarabağ müharibəsi Azərbaycan-Türkiyə birliyinin nümayişi oldu. Dillər əzbərinə çevrilən olan və hər birimizin qürurla qeyd etdiyimiz “Azərbaycan tək deyil, Türkiyə yanındadır” çağırışı qardaş ölkənin Prezidenti Rəcəb Tayyib Ərdoğanın Vətən müharibəsinin başlandığı ilk gündən dünyaya ünvanladığı mesaj oldu.

2021-ci il 15 iyun tarixində Azərbaycanın döyünən ürəyi, Qarabağın tacı Şuşa iki dost, qardaş ölkənin dostluğunun, qardaşlığının, müttəfiqliyinin rəsmiləşdirilmsinə şahidlik etdi. Belə ki, Şuşa Bəyannaməsi Azərbaycan-Türkiyə qardaşlığının bundan sonrakı mərhələdə inkişafının yol xəritəsidir. Böyük öndərlər- Mustafa Kamal Atatürkün “Azərbacanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir”, Heydər Əliyevin “Biz bir millət, iki dövlətik” tezisləri bütün dövrlər üçün öz aktuallığını qoruyur, Azərbaycan-Türkiyə qardaşlığına bələdçilik edir.

Bu mühüm məqamı da xüsusi qeyd edək ki, 2020-ci ildə Vətən müharibəsində Qarabağı və Şərqi Zəngəzuru erməni işğalından azad edən Azərbaycan bununla türk dünyası ölkələri arasında coğrafi bağlantını da təmin etmək üçün gözəl imkan yaratdı. Belə ki, 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanatda Zəngəzur dəhlizinin açılması ilə bağlı bəndin yer alması və bu müddəanın yerinə yetirilməsi türk dövlətlərini coğrafi baxımdan da bir-birinə bağlayacaq.

Dövlət başçısı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Şərqlə Qərb arasında mühüm qovşağa çevrilib. Ölkəmizin inkişaf etdirdiyi nəqliyyat-logistika şəbəkəsi, Avropa ilə Asiya arasında daşımalar üçün olduqca vacib əhəmiyyət daşıyır. Belə ki, Mərkəzi Asiyadan və Çindən Avropaya daşınan yüklər artıq daha qısa vaxta və daha az xərclə Avropaya çatdırılır. Bu, həmçinin Mərkəzi Asiya ölkələrinin, o cümlədən türk dövlətlərinin inkişafına da müsbət təsirini göstərir. Son illər Azərbaycan Prezidentinin Mərkəzi Asiya ölkələrinə ardıcıl səfərləri, həmçinin bu regiondakı ölkələrin dövlət başçılarının Azərbaycana səfərləri dərinləşən əlaqələrin mühüm komponentini təşkil edir. Bu səfərlər zamanı imzalanan sənədlər ölkələr arasında əməkdaşlığın genişləndirilməsi üçün möhkəm təməl rolunu oynayır. Prezident İlham Əliyev Türk Dövlətləri Təşkilatına üzv ölkələrlə əlaqələrin bütün sahələrdə möhkəmləndirilməsinin Azərbaycanın xarici siyasətinin prioritetlərindən biri olduğunu bəyan edir.

Əvvəldə də qeyd etdiyimiz kimi, Azərbaycan-Türkiyə dostluğu, qardaşlığı nəinki türk dünyası, ümumilikdə dünya üçün nümunədir. İki ölkənin qardaşlıq nümunəsini İkinci Qarabağ müharibəsində, azad olunmuş torpaqlarımızda aparılan bərpa və yenidənqurma işlərində Türkiyənin ölkəmizə dəstəyində, eyni zamanda, Azərbaycanın qardaş ölkədə baş vermiş meşə yanğınlarının söndürülməsi və 2023-cü ildə baş verən zəlzələnin nəticələrinin aradan qaldırılması işlərində göstərilən qardaş köməyində gördük. Prezidentlər İlham Əliyevin və Rəcəb Tayyib Ərdoğanın liderlikləri ilə ölkələrimiz arasında formalaşan sıx münasibətlər digər türk dövlətləri arasındakı əlaqələrə də sirayət etməkdədir.

Türk Dövlətləri Təşkilatının aparıcı ölkəsi olan qardaş Türkiyə təlatümlərlə dolu müasir dünyaya Prezident Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə supergüc dövlətlərdən birinə çevrilib, ölkədə sabitlik, inkişaf və rifah təmin edilib. Türkiyə Silahlı Qüvvələri bu gün dünyanın ən güclü ordularından biridir. Azərbaycan Prezidenti İlham Əliyev qardaş ölkə ilə bağlı reallıqları bu sözlərlə ifadə edib: “Bu gün dünyanın bir çox ölkələrində böhran yaşanır, ölkələr idarəolunmaz vəziyyətə düşür, iqtisadi çətinliklər, sıxıntılar insanların haqlı etirazına səbəb olur. Türkiyə isə inamla irəliləyir, nəhəng layihələr gerçəkləşdirir, bölgədə söz sahibidir, dünyada önəmli güc mərkəzidir və hər kəs bununla hesablaşmalıdır. Hər kəs bilməlidir ki, bu uğurların səbəbkarı mənim qardaşım Rəcəb Tayyib Ərdoğandır. Azərbaycanda Tayyib bəyə çox böyük hörmət, məhəbbət vardır və bunu Azərbaycana gələn hər bir insan görür”.

Bəli, bu gün əminliklə söyləmək olar ki, Azərbaycan və Türkiyənin sıx münasibətləri dünya ölkələri üçün nümunədir. Xüsusilə türk dünyası dövlətlərinin birliyinin möhkəmlənməsinə xidmət edir. Bir sözlə, Azərbaycan bu prosesdə Türkiyə ilə birgə liderliyi ələ alıb və onu uğurla davam etdirir. Dövlət başçısı İlham Əliyevin çıxışlarında bu mühüm məqam daim vurğulanır ki, bu gün regional işlərdə, hətta dünya çapında Türkiyə və Azərbaycan əməkdaşlığı, qardaşlığı önəmli amilə çevrilib. Türkiyə əziz qardaşımın liderliyi ilə artıq dünya çapında böyük gücə çevrilib və heç kim Türkiyəyə öz iradəsini diktə edə bilməz. Bütün türk dünyası üçün Rəcəb Tayyib Ərdoğan amili ən önəmli amillərdən biridir.

Azərbaycan və Türkiyə daim biri-birinin yanındadır. Azərbaycan xalqı qədim dövrlərdən insanpərvərliyi və humanistliyi ilə seçilib. Qonşuya və dosta yardım göstərmək adəti bizə babalarımızdan miras qalıb və xalqımızın mənəvi dəyərlərə sadiqliyini göstərir. 2023-cü ilin fevralında qardaş Türkiyədə baş verən güclü zəlzələ nəticəsində 40 mindən çox insanın həlak olması, genişmiqyaslı dağıntılara yol açması Azərbaycanda da dərin ürək ağrısı ilə qarşılandı. Azərbaycan dövləti ilə yanaşı, aidiyyəti qurumların, eləcə də ictimai təşkilatların və ölkə əhalisinin yardım kampaniyalarına fəal şəkildə qoşulması bütövlükdə Azərbaycanın Türkiyə ilə bağlı həssaslığını, xalqımızın qardaşlıq bağlarının nə qədər güclü olduğunu göstərdi. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva Türkiyədəki zəlzələdən zərər çəkənlərə humanitar yardımla bağlı paylaşımında bildirmişdir ki, hər zaman birlik və həmrəylik nümayiş etdirərək bir-birinə kömək etməyə hazır olmaq, əl-ələ verərək çətinliklərdən və sınaqlardan birlikdə üzüağ çıxmaq Azərbaycan xalqının ən gözəl xüsusiyyətlərindən biridir. Qardaş Türkiyədə baş vermiş dəhşətli zəlzələnin ilk saatlarından Türkiyə xalqına göstərdiyiniz dəstək xalqlarımız arasında qardaşlıq, dostluq münasibətlərinin, qarşılıqlı sevginin sarsılmazlığının, möhkəmliyinin, əbədiliyinin növbəti əyani sübutudur.

Dövlət başçısı İlham Əliyev daim bildirir ki, dünyada Azərbaycan və Türkiyə qədər biri-birinə yaxın ölkələr yoxdur. Azərbaycan-Türkiyə dostluğu, qardaşlığı sarsılmazdır. Bundan sonra da Türkiyə və Azərbaycan iki qardaş ölkə kimi bir yerdə irəli gedəcək, xalqlarımız bir-birinə daha da yaxın olacaq, dövlətlərimiz bundan sonra da uğurlu əməkdaşlıq edəcək. Türkiyə ilə Azərbaycanın birgə gücü daha da təsirli olacaq.

Vətən müharibəsində tarixi Zəfərimizin təqdimatında əhəmiyyətli rol oynayan Zəfər paradından başlayaraq bugünədək hadisələrin xronologiyasına diqqət yetirdikdə Azərbaycan-Türkiyə qardaşlığının sarsılmazlığından böyük qürur hissi keçiririk. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan paradda iştirak etmək üçün ölkəmizdə səfərdə oldu və bir sıra sənədlər imzalandı. Onun səfərlə bağlı mətbuata bəyanatında səsləndirdiyi «Atılacaq daha çox imzalar var» çağırışı bugünkü reallıqlarımızda özünün aydın ifadəsini tapıb. Şuşa Bəyannaməsi Azərbaycan-Türkiyə əlaqələrinin zirvəsi oldu. Bu Bəyannamə dünyaya bir sıra mesajları ünvanladı.

Reallıq budur ki, Azərbaycan və Türkiyə dövlətlərinin birgə səyləri, siyasi iradəsi və qətiyyəti sayəsində reallaşan enerji layihələri bölgəyə sülh, sabitlik gətirərək dövlətlər, xalqlar arasında körpü rolunu oynayır. Əvvəllər regional çərçivədə başlanan əməkdaşlıq sonrakı illərdə coğrafiyasını genişləndirərək çoxtərəfli formata çevrilib. Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft-qaz kəmərlərinin, iqtisadi əhəmiyyətinə görə onlardan geri qalmayan Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin reallığa çevrilməsi ilə Azərbaycan regional inkişafın aparıcı qüvvəsinə, dünyanın enerji təhlükəsizliyinin təminatçısına çevrildi. Azərbaycan təşəbbüsçüsü və iştirakçısı olduğu enerji layihələrinin uğurlu icrası ilə dünyanın enerji xəritəsini yenidən tərtib etdi. BTC və BTƏ neft-qaz layihələrinin ardınca iqtisadi əhəmiyyətinə görə enerji layihələrindən geri qalmayan BTQ dəmir yolunun istifadəyə verilməsi, eyni zamanda, əməkdaşlığın regional çərçivədən çıxaraq coğrafiyasını genişləndirməsi fonunda Cənub Qaz Dəhlizinin icrasının tam şəkildə başa çatdırılması kimi biri-birindən önəmli hadisələr Qafqazdan Avropayadək uzanan kölgənin təqdimatlarıdır.

İki qardaş ölkə arasında əlaqələr hərbi sahədə də yüksək səviyyədədir. Azərbaycan və Türkiyə ordularının ənənəvi olaraq keçirilən hərbi təlimləri bu əlaqələrə işıq salır. Azərbaycan tarixi Zəfəri ilə 2020-ci ilin heç zaman unudulmayacaq tarixini yazdı. 10 noyabr böyük öndər Mustafa Kamal Atatürkün anım günü olduğu üçün dövlətimizin başçısı İlham Əliyevin Sərəncamı ilə 8 noyabr- Şuşanın işğaldan azad olunduğu gün Zəfər Günü kimi təsis olundu. Bu, mühüm addım da Azərbaycan-Türkiyə birliyinin təqdimatı oldu. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan qeyd etmişdir ki, Azərbaycanın həm hərbi, həm də diplomatiya sahəsində əldə etdiyi bu uğurda ən böyük paylardan biri şübhəsiz ki, cənab Prezident İlham Əliyevə aiddir: “Qardaşım İlham Əliyev bununla mərhum Heydər Əliyevin ona vəsiyyət olaraq etdiyi arzusunu da yerinə yetirib. Fürsətdən istifadə edərək güclü Azərbaycanın əsasını qoyan Ümummilli Lider Heydər Əliyevi də burada rəhmətlə yad edirəm. Azərbaycan qardaşım İlham Əliyevin qətiyyətli rəhbərliyi altında, inşallah, dastan yazmaqda davam edəcək.” Tarixə yazılan ən önəmli hadisələrdən biri də Qarabağın və Şərqi Zəngəzurun hava qapılarının iki qardaş ölkənin prezidentlərinin iştirakı ilə dünyaya açılması oldu.

Bu gün informasiya müharibəsi dövrü olduğunu nəzərə alsaq, həqiqətlərimizin təbliğində diaspor təşkilatları ilə yanaşı, mətbuatın da üzərinə düşən məsuliyyət özünü qabarıq şəkildə büruzə verdi. 44 günlük müharibə dövründə ölkə mətbuatı həqiqətlərin təbliğində nə qədər fədakarlıq göstərdisə, Türkiyə mətbuatı da eyni qayda üzrə hərəkət etdi. Mətbuat səhifələrində yer alan qələbə xəbərləri televiziya kanalları vasitəsilə də dünya ictimaiyyətinə çatdırıldı. Türkiyə mediasını izlədikcə birliyimizdən, həmrəyliyimizdən daha da qürurlanırdıq. Eyni ab-hava Zəfər paradında, Şuşa Bəyannaməsinin imzalanmasında da özünü qabarıq şəkildə büruzə verirdi. Qarabağımızda Azərbaycan və Türkiyə bayraqları birgə dalğalandı və dünya bu birliyin bir daha şahidi oldu. İki ölkə arasında bütün sahələrdə əməkdaşlıq media istiqamətində də bir zərurətə çevrildi. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın 2020-ci ilin dekabrında Azərbaycana səfəri zamanı imzalanan sənədlər arasında Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında media sahəsində strateji əməkdaşlıq haqqında Anlaşma Memorandumu xüsusi diqqət çəkdi. Azərbaycana və Türkiyəyə qarşı əsassız iddiaların geniş vüsət aldığı indiki zamanda Ortaq Media Platformasının yaradılması vacib idi. Mətbuatın ictimai fikrə təsir imkanlarının böyüklüyünü nəzərə alaraq, hazırkı zamanda müasir dövrün yaratdığı imkanlardan maksimum istifadə etməklə qərəzi, əsassız təbliğatları tutarlı faktlarla cavablandırmaq, yalanın həqiqət üzərində qələbəsinin mümkünsüzlüyünü bir daha dünya ictimaiyyətinin diqqətinə çatdırmaq mümkündür. Türkiyə-Azərbaycan media əlaqələrinin inkişafı ilə iki ölkə mediasının inteqrasiya olunmuş şəkildə hərəkət etməsi, xalqların məlumatlandırılması məsələsində səmərəli fəaliyyət göstərilməsi, xüsusilə sosial mediada yayılan dezinformasiyalar və ölkə xaricindən gələn qara piarlara qarşı mübarizədə vahid strategiyaların yaradılması prioritet məsələyə çevrildi. Media əməkdaşlığı Azərbaycan-Türkiyə birliyinə, həmrəyliyinə böyük töhfə olmaqla yanaşı, mövcud əlaqələrin inkişafında yeni bir səhifə açdı. Şuşa Bəyannaməsində əksini tapan müddəalarda da bu məqam öz əksini tapır ki, yeni müqaviləyə əsasən, Türkiyə və Azərbaycandan hər hansı birinə üçüncü dövlət tərəfindən təhlükə olarsa, bu ölkələr bir-birini qorumaq üçün birgə addımlar atacaqlar. Təbii ki, burada informasiya sahəsində əməkdaşlıq öz sözünü deyəcək. Dövlət başçısı İlham Əliyev jurnalistlərə açıqlamasında bildirmişdir ki, aramızdakı əməkdaşlığın adı müttəfiqlikdir və bunun özü hər şeyi deyir.

Təbii ki, dostluğumuzun, qardaşlığımızın dünyaya nümayişi olan fikirlər nəinki dövlət rəsmiləri, sadə vətəndaşlar tərəfindən belə səsləndirilir, dilimizin əzbərinə çevrilib. Çünki bu dostluq, qardaşlıq böyük tarixə söykənir, bir millətin iki dövləti biri-biri ilə sıx tellərlə bağlıdır. Azərbaycan-Türkiyə dostluğu tarixin sınaqlarından şərəflə çıxan və bu gün dünyaya nümunə olan birlik, həmrəylikdir. Qardaş ölkənin Prezidenti Rəcəb Tayyib Ərdoğanın qeyd etdiyi kimi, ortaq tariximizdən aldığımız ilhamla aramızdakı dostluq və məhəbbəti daha da sağlamlaşdırır, birlik və bərabərliyimizi daha da möhkəmləndiririk. Taleyimizin birliyi tarixin dərinliklərinə qədər uzanmaqdadır. 1915-ci ildə Çanaqqalada, 1918-ci ildə Gəncədə, Bakıda və Azərbaycanın digər bölgələrində ürəklərimiz və biləklərimiz ortaq mübarizəmizdə yenidən bərabər olmuşdur.

Dünya 44 günlük İkinci Qarabağ müharibəsi dövründə bu birliyin sarsılmazlığının şahidi oldu. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sonadək ölkəmizə mənəvi və siyasi dəstəyini nümayiş etdirdi. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 2022-ci ildə Bakıda keçirilən “TEKNOFEST Azərbaycan” festivalında bu dostluğu, qardaşlığı belə ifadlə etdi: “Bəli, bizlər kədəri də, sevinci də bir olan, sözdə deyil, əməldə də qardaş olan iki dövlətik, iki xalqıq. Göylərdə nazlı-nazlı dalğalanan ayparalarımız kimi, biz eyni inancı bölüşən qədim bir millətin mənsublarıyıq. Eynilə Anadolu kimi, bura da bizim torpağımızdır. Eynilə Türkiyə kimi, bura da bizim Vətənimizdir. Eynilə doğulduğumuz yerlər kimi, bura da bizim öz yurdumuzdur. Eyni qaydada Türkiyənin hər bir qarışı da sizlərin Vətəniniz, yurdunuzdur. Türk millətinin qəlbindəki Azərbaycan sevgisini kim qoparıb ata bilər? Qardaşlar arasında kim məsafə qoya bilər? İki qardaşı hansı hüdud ayıra bilər? Könüllərimiz arasında kim sərhəd çəkə bilər?” 

Məhz bu dostluğun hər bir sınaqdan şərəflə çıxmasına rəğmən dövlət başçısı İlham Əliyev çıxışlarında bu fikri böyük qürur hissi ilə qeyd edir ki, Türkiyə-Azərbaycan qardaşlığı, birliyi xalqlarımız üçün əsas yol istiqamətidir, bölgə üçün, dünya üçün də çox önəmli amildir, təhlükəsizlik, sabitlik amilidir. Ölkə Prezidenti onu da bildirir ki, bu gün bütün atalarımızın, əcdadlarımızın ruhu şaddır. Çünki Türkiyə və Azərbaycan bir yerdədir. Atam demişkən, “Bir millət, iki dövlət”, əlavə də etmək istəyirəm, “Bir yumruq!”

Cənab İlham Əliyev bu günlərdə yerli televiziya kanallarına müsahibəsində də Azərbaycan-Türkiyə münasibətlərinə xüsusi diqqət yönəltdi. “Türkiyənin müttəfiqi kimi hər zaman istənilən formada onların yanındayıq və bunu Türkiyə tərəfi bilir. Necə ki, Türkiyə istənilən formada, hər bir məsələdə bizim yanımızdadır, biz də onun yanındayıq” söyləyən cənab İlham Əliyev onu da bildirdi ki, Müttəfiqlik Bəyannaməmiz hər gün yeni amillərlə zənginləşir. Azərbaycanın ə D-8 təşkilatına üzvlüyünü ən çox dəstəkləyən də, birinci bizi təbrik edən də Türkiyə olmuşdur. Ona görə Türkiyənin marağında nədirsə, bizim də marağımızda odur: “Təhlükəsizliyimiz də birdir, maraqlarımız da birdir, gələcəyimiz də birdir və həm Yaxın Şərqdə, həm də eyni zamanda, Avropada, - bir qədər bu məsələyə biz toxunduq, - tamamilə yeni vəziyyət yaranır və burada güclü Türkiyə amili əsas rol oynayacaq. Biz də onun yanındayıq. Yəni ki, gücümüz daha da artacaq. Böyük coğrafiya - Avropanı, Asiyanı, Cənubi Qafqazı, Xəzər hövzəsini əhatə edən böyük coğrafiya artıq özlüyündə bir ciddi geosiyasi amildir.”

Qeyd etdiyimiz kimi, Azərbaycanın ötən il növbəti diplomatik uğuru kimi dəyərləndirilən D-8 təşkilatına üzv qəbul edilməsini dəstəkləyən Türkiyə olub. Cənab İlham Əliyev sözügedən müsahibədə vurğuladı ki, bu, bizim üçün növbəti uğurlu addım oldu. Çünki Azərbaycanın bu təşkilata qəbul edilməsi ölkəmizin nüfuzunu bir daha göstərir: “Bu təşkilat 30 ilə yaxın bundan əvvəl yaranmışdı, Türkiyənin təşəbbüsü ilə və səkkiz ölkədən ibarət idi. Bu illər ərzində əlavə üzv qəbul edilməmişdi. Birinci genişlənmə qərarından sonra qəbul edilən üzv Azərbaycan oldu. Əlbəttə ki, bu, ölkəmizin nüfuzunu, eyni zamanda, beynəlxalq aləmdə rolumuzu göstərir. D-8 müsəlman ölkələrini birləşdirən ən böyük təşkilatdır. Bir milyarddan çox əhalisi olan və müsəlman ölkələrinin iqtisadiyyatının 60 faizini təşkil edən bir təşkilatdır. Əgər biz bu təşkilatın ümumi daxili məhsulunu götürsək, bu, 5 trilyon dollardan çoxdur. Dünyada 60-a yaxın müsəlman ölkəsi var və məhz Azərbaycan yeni üzv seçilmişdir. Əlbəttə ki, bu, bizim üçün həm böyük şərəfdir, həm də böyük məsuliyyətdir. Artıq bütün göstərişlər verilib ki, Azərbaycan bu təşkilatda fəal olsun və öz töhfəsini verə bilsin.”

Dövlət başçısı bir daha bildirdi ki, namizədliyimizi ilk gündən dəstəkləyən Türkiyə oldu. Prezident Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə hətta bir dəfə Türkiyədə keçirilmiş D-8 Zirvə görüşündə də 7-8 il bundan əvvəl qonaq qismində iştirak etmişdim. Artıq o vaxtdan bəri Azərbaycanın üzvlüyü ilə bağlı məsələ gündəliyə salınmışdı. Amma təbii ki, bütün üzv ölkələr arasında konsensus olmalıydı və nəhayət, bu konsensus əldə edildi. D-8-in təşkilat olaraq daha böyük nüfuza malik olması məsələsi tam realdır. Bir halda, artıq genişlənməyə start verildi, bu, Azərbaycanla məhdudlaşmayacaq .

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın bu günlərdə Prezident İlham Əliyevə telefon zəngində Azərbaycan ilə Türkiyə arasında ikitərəfli münasibətlər, regional və qlobal məsələlər ətrafında fikir mübadiləsi aparıldı. Rəcəb Tayyib Ərdoğan ölkələrimiz arasında əməkdaşlığın bütün sahələrdə “Bir millət, iki dövlət” prinsipi əsasında inkişaf edəcəyini vurğuladı. Türkiyə Prezidenti ölkəsinin Cənubi Qafqaz regionunda davamlı sülhün əldə edilməsinə tam dəstək göstərdiyini deyərək, hər zaman Azərbaycanın yanında olmağa davam edəcəyini bildirdi. Prezident İlham Əliyev də öz növbəsində Azərbaycan-Türkiyə qardaşlıq, dostluq və strateji müttəfiqlik münasibətlərinin “Bir millət, iki dövlət” prinsipi ilə inkişaf etdiyini, ölkələrimizin hər zaman bir-birinin yanında olduqlarını vurğuladı. Söhbət zamanı 2025-ci ildə iki qardaş ölkə arasında əməkdaşlığın inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparıldı. Həmçinin dövlət başçıları təmasların davam etdirilməsi məsələsini qeyd etdilər.

Əvvəldə də qeyd etdiyimiz kimi, bu gün dünya bu birliyi, həmrəyliyi azad edilmiş torpaqlarımızda geniş miqyas alan bərpa-quruculuq işlərində görür. Dövlət başçısı İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində bu məqama da xüsusi diqqət yönəldərək bildirdi ki, əgər biz dünya tarixinə nəzər salsaq görərik ki, işğaldan və dağıntıdan əziyyət çəkmiş heç bir ölkə öz ərazilərini bu templə və bu keyfiyyətlə bərpa etməyib. Yəni, burada həm peşəkarlıq, həm də çox ciddi yanaşma göstəririk: “Burada sadəcə olaraq, söhbət maliyyə resurslarından getmir, yəni, resurslar ola bilər, amma gərək sənin insan potensialın olsun. Yəni, biz son illər ərzində kadr hazırlığına da böyük investisiyalar qoymuşuq, texniki imkanlarımız da genişdir. Orada aparılan işlərin böyük hissəsi Azərbaycan şirkətləri tərəfindən görülür. İkinci yerdə Türkiyə şirkətləridir. Onlar daha çox tunellər, körpülər, dəmir yolları layihələrində iştirak edirlər. Yəni, bizdə çox ciddi texniki potensial var, kadr potensialı var, maliyyə resurslarımız var və güclü düşünülmüş siyasət var.”

Göründüyü kimi, arxada qalan hər gün Azərbaycan-Türkiyə qardaşlığının təqdimatında əhəmiyyətli rol oynayacaq mühüm hadisə ilə yadda qalır. Bu, iki ölkənin münasibətlərində qarşılıqlı etmad mühitinin yüksək səviyyədə qorunmasından irəli gəlir. Azərbaycan və Türkiyə hər zaman birgə addımlamaqdan qürur duyur. Cənab İlham Əliyev yeni formalaşan dünya nizamından bəhs edərkən bu fikri xüsusi qeyd edir ki, Türk Dövlətləri Təşkilatı dünya miqyasında ciddi güc mərkəzinə çevrilə bilər. Çünki burada geniş coğrafiya, insan resursları, təbii sərvətlər, nəqliyyat-kommunikasiya xətləri və birlik vardır.

Yeganə Əliyeva, “İki sahil”

Seçilən
16
ikisahil.az

1Mənbələr