AZ

Plastik cərrahların efirlərə çıxışı qadağan olundu- reaksiyalar…

Image

Pərvanə Mustafayeva: “Həkimlərin efirə çıxması reklama çevrilməməlidir”

Azərbaycanda saxta plastik cərrahlarla bağlı müzakirələr gündəmdə qalmağa davam edir. Plastik cərrahiyyə əməliyyatı keçirən bəzi şəxslərin ixtisaslarının uyğun olmadığı, müvafiq icazələrinin isə saxta olduğu üzə çıxıb. 

Hətta bu həkimlərin qurbanları da artmaqda davam edir. Bu ixtisas sahiblərinin cəzalandırılması üçün onların  efirlərdə çıxışlarına qadağa qoyulub. Xatırladaq ki, Azərbaycan Respublikası Səhiyyə nazirinin müvafiq əmri ilə Səhiyyə Nazirliyinin, Baş Prokurorluğun, Daxili İşlər Nazirliyinin və Elm və Təhsil Nazirliyinin səlahiyyətli nümayəndələrindən ibarət Xüsusi Təftiş Komissiyası yaradılıb.

Məlumdur ki, plastik cərrahlar özlərini daha çox efir vasitəsilə reklam edirdilər. Onlar hansısa telekanalda yayımlanan verilişə dəvət olunur və müəyyən qonorar müqabilində aparıcı həmin həkimi o ki var tərifləyir. Efirə baxan tamaşaçılar da həmin həkimin peşəkar olduğunu düşünüb, onun yanına gedir nəticə isə arzuladığı kimi olmur. Bu səbəbdən də plastik cərrahların efirlərə çıxışına qadağa qoyulub. Bu qadağa ölkə ictimaiyyəti tərəfindən müsbət qarşılanır.

“Tibbi verilişlərdən başqa digər proqramlara həkimlər dəvət olunmamalıdır”

Həkim Pərvanə Mustafayeva “Bakı-Xəbər”ə şərhində bildirdi ki, həkimlərin və digər peşə sahiblərinin marketinqlə müştəri yığması qanunla qadağan deyil: “Həkimlər bu üsuldan istifadə edirlər. Bəzi həkimlər ödənişli əsaslarla televiziya proqramlarına çıxıb xəstələrin diqqətini cəlb edərək özləri üçün müştəri yığırlar. Amma bütün hallarda seçim xəstənindir. Həmin həkimlərə inanıb gedənlər arasında xeyir görənlər də olur, görməyənlər də. Xəstənin ağlı başındadırsa, özü seçim edə bilər. Xəstə həkimlə təmasının birinci və ikinci günündə həkimin iş keyfiyyətinin hansı səviyyədə olması haqqında qənaət əldə edə bilər”. 

Ekspert hesab edir ki,  həkimlərin efirə çıxması reklama çevrilməməlidir: “Son zamanlar telekanallarda yayımlanan verilişlərin demək olar ki, əksəriyyətində həkim qonaq kimi iştirak edir, özünü reklam edir. Halbuki, o verilişin tibbə aidiyyatı yoxdur. Insanlarda belə bir düşüncə yaranır ki, həkimlər öz fəaliyyətlərini davam etdirmək üçün televiziya proqramlarına məhkumdur. Plastik cərrahiyyə olduqca həssas sahədir. Üzə dolğu edən, botoks edən də özünü plastik həkimi kimi tanıtdırır. Ümumiyyətlə, tibbi verilişlərdən başqa digər proqramlara həkimlər dəvət olunmamalıdır. Verilişin mövzusu iqtisadiyyat, qəza hadisəsi və ya tarixi araşdırma olduğu halda plastik cərrah orda nə danışacaq? Aydın məsələdir ki, o həkim  həmin verilişdə iştirak üçün pul ödəyib. Ancaq bu məsələlər nəzarətə götürülməlidir. Tək plastik cərrahlara deyil, digər peşə həkimlərinə də nəzarət olunmalıdır”.

Günel CƏLİLOVA





Seçilən
12
baki-xeber.com

1Mənbələr