AZ

Özəl və gizli reabilitasiya mərkəzləri - qanun nə deyir... 

Ekspert hesab edir ki, sosial şəbəkələrdə bu cür çağırış edənlər dərhal nəzarətə götürülməlidir

Sosial şəbəkələrdə, xüsusilə TikTokda müxtəlif adlarla reabilitasiya mərkəzlərinin reklamları həyata keçirilir. “Qurtuluş”, “Dönüş” və sair adlar altında reklamlarda qeyd edilir ki, narkomaniyadan, alkoqolizmdən, depressiyadan əziyyət çəkənlər xüsusi və məxfi mərkəzlərdə müalicə və reabilitasiya olunur. Bu prosesdə qeyri-ənənəvi metodların tətbiq  edildiyi də vurğulanır. 

Araşdırılanda aydın olur ki, belə mərkəzlərin bir çoxu radikal dini təmayüllü şəxslər tərəfindən idarə olunur. Onların necə, harada fəaliyyət göstərdiyi isə gizli saxlanılır. 

Qeyd edək ki, ötənlərdə bu tip mərkəzlərdə insanlara işgəncələr verilməsi də ifşa olunub və həbslər həyata keçirilib. Misal üçün, 2022-ci ildə Bakının Nizami rayonunda yerləşən “Mehnur” loqopedik və psixoloji reabilitasiya mərkəzində uşaqlara işgəncə verilməsi faktı aşkar edilib. Bu hadisə ilə əlaqədar mərkəzin psixoloqu və direktor köməkçisi saxlanılmış və onlara qarşı Cinayət Məcəlləsinin 133-cü maddəsi (əzab vermə) üzrə cinayət işi açılıb.

Bundan əlavə, 2022-ci ildə Novxanıdakı “New Life” reabilitasiya mərkəzində pasiyentlərə işgəncə verilməsi ilə bağlı mərkəzin 5 əməkdaşı prokurorluq orqanları tərəfindən həbs olunub.

Cinayət işinin materiallarında göstərilib ki, “New Life” Reabilitasiya Mərkəzində müalicə kursu keçən pasiyentlərin hər birindən 1500 manatdan 6600 manata qədər ödəniş alınıb. Reabilitasiya zamanı isə dünyada narkotik, alkoqol asılılığının müalicəsində tətbiq olunan “12 addım” proqramından istifadə olunub. Lakin sözügedən mərkəzdə qaydalara, əmrlərə tabe olmayan şəxslərə qarşı zorakılıq edilib. Belə ki, Hüseyn Məmmədov mərkəzdən qaçmaq istəyəndə oranın əməkdaşları onu tutub döyüblər. Qaçmaması üçün əl-qolunu bağlayıb, bu vəziyyətdə saxlayıblar. Bir gün sonra onun vəziyyəti pisləşib. Xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.

Bakıda

Zərərçəkmiş qismində tanınmış Hüseyn Məmmədov müalicə gedişində vəfat edib. Digər pasiyentlər Fuad Həsənov, Kamran Əliyev və Cahangir Əliyev isə işgəncələr nəticəsində müxtəlif bədən xəsarətləri alıblar. Onların barmaqlarının sındırıldığı və digər işgəncələrə məruz qaldığı bildirilib.

İlkin olaraq Hüseyn Məmmədovun əzab verilməsi nəticəsində öldüyü güman edilsə də, ekspertiza rəyindən sonra onun yüksək dozada narkotik qəbulundan vəfat etdiyi məlum olub. Qeyd edək ki, “New Life” Reabilitasiya Mərkəzinin bir müddət əvvələ kimi yüksək tələblərə cavab verən mərkəz olması ilə bağlı telekanallarda reklamlar verilib.

Ancaq belə mərkəzlər artmaqda davam edir. Bəs buna qanun nə deyir?

Qeyd edək ki, Azərbaycan qanunvericiliyinə əsasən, reabilitasiya mərkəzi müvafiq lisenziya almalı və qanuni fəaliyyət göstərməlidir. Qeyri-qanuni fəaliyyət göstərən və ya pasiyentlərə qarşı zorakılıq tətbiq edən mərkəzlərin əməkdaşları Cinayət Məcəlləsinin müxtəlif maddələri, məsələn, 133-cü maddə (əzab vermə) və 145-ci maddə (qanunsuz azadlıqdan məhrumetmə) üzrə məsuliyyətə cəlb edilə bilərlər. Bu maddələr üzrə cəzalar iki ildən beş ilədək azadlıqdan məhrumetməni nəzərdə tutur. 

Belə halların qarşısını almaq üçün vətəndaşlar reabilitasiya mərkəzlərinin qanuni fəaliyyət göstərdiyinə, lisenziyalarının mövcud olduğuna və peşəkar kadrlarla təmin edildiyinə əmin olmalıdırlar.

Məlumat üçün bildirək ki, əslində reabilitasiya mərkəzi müxtəlif fiziki, əqli və ya emosional problemlərini həll etmək istəyən şəxslər üçün tibb müəssisəsi sayılır. Bu mərkəzlər reabilitasiya proseslərini idarə etmək və dəstəkləmək üçün ekspert personal tərəfindən idarə olunmalıdır. Reabilitasiya mərkəzləri müxtəlif ehtiyaclara cavab verməlidir. Fiziki reabilitasiya mərkəzləri xəsarətlərdən sonra hərəkətliliyini bərpa etməyə çalışan şəxslərə kömək edir, narkomaniya ilə bağlı reabilitasiya mərkəzləri isə maddə asılılığı ilə mübarizə aparanlara dəstək verir. Bundan əlavə, psixi sağlamlıq reabilitasiya mərkəzləri psixoloji problemləri olan insanlara müalicə və məsləhət xidmətləri göstərir. Reabilitasiya mərkəzlərinin əsas məqsədi fərdlərin həyatlarını daha sağlam və müstəqil şəkildə yaşamasına kömək etməkdir. Bu mərkəzlər öz mütəxəssis heyəti ilə fərdlərin ehtiyaclarına uyğun müalicə planları hazırlayır və həyata keçirir. Müalicə fiziki müalicədən tutmuş psixoterapiyaya qədər dəyişə bilir. 

Çingiz

Çingiz Qənizadə

Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə mövzu ilə bağlı “Yeni Müsavat”a fikirlərini bildirib: “Bu cür fəaliyyətlər lisenziya alınmadan göstərilirsə, tamamilə qanunsuz fəaliyyətlərdir. Həmin fəaliyyət növü ilə məşğul olanlar özlərini xeyirxah qrup kimi təqdim etməklə guya insanları müalicə edirlər. Əslində bunun arxasında maddi və digər maraqlar durur və qeyri-professional şəxslər tərəfindən qəbul olunmayan metodlarla insanları bu bəladan qurtarmağa guya kömək edirlər. Əslində bu, biznesin bir qanunsuz formasıdır. Hesab edirəm ki, bu cür çağırışlar edən TikTok sahibləri aşkar olunduqda dərhal həmin yerlərə baxış keçirilməlidir. Ümumiyyətlə, dövlət nəzarəti olmalıdır. Hesab edirəm ki, tibb sahəsində dövlət nəzarəti müəyyən qədər insanlarda narazılıq yaradır. Bu yaxınlarda saysız-hesabsız həkimin sertifikasiyadan keçmədən və ixtisası uyğun olmayaraq qanunsuz cərrahiyyə əməliyyatları ilə məşğul olması ilə bağlı faktlar ortaya çıxdı. Ölən insanların ailələri danışdı, şikəst olan insanlar danışdı. Bundan sonra aidiyyəti qurum hərəkətə keçdi. Əslində onlara qanunsuz sertifikasiya verən qrup çoxdan aşkar olunmalıydı. Təəssüf ki, qanunsuz fəaliyyət göstərən reabilitasiya mərkəzlərində çalışanlar tamamilə həkimlikdən uzaq olan insanlardır. Biznesin bu yolunu seçiblər. Ona görə də burada təkcə Səhiyyə Nazirliyi deyil, həm də hüquq-mühafizə orqanları dərhal bu cür elanlar olduqda fəaliyyətə keçməlidir. Düzdür, bizim hüquq-mühafizə orqanlarımız tiktokerlər, əxlaqsızlığı yayanlarla bağlı çox ciddi əməliyyatlar keçirdilər. Polisin də bu addımlarını dəstəkləyirik. Çünki milli-mənəvi, əxlaqi dəyərlərimizin əleyhinə çıxaraq əxlaqsızlığı təbliğ edən bu şəxslər təbii ki, cəmiyyətdən təcrid olunmalı idi. İndi də TikTok-da başqa fəaliyyət növünün reklamı gedir. Bunun da qarşısı alınmalıdır. Ümid edirəm ki, hüquq-mühafizə orqanları buna dərhal cavab verəcəklər”. 

Afaq MİRAYİQ,
“Yeni Müsavat”

 

Seçilən
5
1
musavat.com

2Mənbələr