Xəbər verdiyimiz kimi, ötən gün aktrisa Çimnaz Sultanova bağırsaq xərçəngindən vəfat edib.
Ölkə.Az aktrisa haqqında məlumatları təqdim edir.
Çimnaz Sultanova 1982-ci il yanvarın 15-də Bakıda doğulsa da, sonradan ailəliklə Rusiyaya köçüblər. Almaniyada beynəlxalq iqtisadi əlaqələr fakültəsində təhsil alıb.
“Dram krujok”da aktyorluq sənəti üzrə məşğul olub. O, Almaniyada olarkən tamaşalar səhnədə yox, vətəndaşların arasında baş tuturdu.
O, İsrail Mədəniyyət Mərkəzində aktyorluq sənəti ilə bağlı dərslər alsa da, bu sənəti davam etdirmək istəməyib. Səbəb isə aktyorların qonorarının aşağı olması idi.
Buna görə də Ç.Sultanova aktrisalıqla paralel olaraq özünə biznes qurub. Məlumata görə, onun obyektləri var idi.
O, Azərbaycanda ilk dəfə “Sənə inanıram” serialında rol alıb. Daha sonra “Yüz kağız” filmi, “Qisas” və “Vicdan haqqı”, "Sarı gəlin" seriallarında oynayıb.
Azərbaycan tamaşaçısı onu daha çox "Vicdan haqqı" serialındakı Larisa obrazı ilə tanıyıb.
Ekran işində aktrisa evli adamla münasibətdə olan qadın kimi təsvir olunub. Larisa obrazı Rusiyada yaşayan zəngin biri olduğundan münasibətdə olduğu evli kişiyə maliyyə dəstəyi göstərir. Onun bu rolu cəmiyyətdə birmənalı qarşılanmamışdı.
Aktrisa müsahibələrindən birində roluna görə təhqir olunduğunu deyib: "Çoxu mən ekranda yaratdığım obrazı, şəxsən məni səhv salırlar. Düşünürlər ki, real həyatda da beləyəm, qadınlar mənə nifrət hissi ilə yanaşırlar, amma bu məni çox sevindirir. Bu sübut edir ki, aktrisa kimi rolumun öhdəsindən çox yaxşı gəlmişəm. Bu, aktrisanın qələbəsidir. Bir neçə qadın isə yazır ki, məni harada görsələr, boğacaqlar".
Məlumata görə, o, yoldaşı ilə uşaqlıqdan tanış olub. Adını çəkməsə də, aktrisa həyat yoldaşının Almaniyada elmlə məşğul olduğunu bildirib. Daha sonra onlar ayrılıblar. Mətbuata məlum olduğuna görə, onun 19 yaşlı bir oğlu var.
Ç.Sultanova həm də müğənniliklə məşğul idi.
O, açıq-saçıq geyimləri və etdirdiyi fotosessiyalarla tez-tez gündəmə gəlirdi. Aktrisanın həmçinin yutubda yayımlanan "Çimnazla yataqda" verilişi də qalmaqal yaratmışdı. Verilişə gələn qonaqların gormata uyğun olaraq aktrisa ilə yataqda söhbətləşməsi də uzun müddət danışılmışdı.
Son olaraq isə aktrisa ötən ilin ortalarında teleqramda açıq-saçıq mövzulu xüsusi kanal açması ilə müzakirələrə səbəb olmuşdu. Hətta Sultanova çılpaq görüntülərini görmək istəyən izləyicilər üçün 200 AZN ödəniş təyin etmişdi.
Ötən gün isə aktrisa doğum günündə, 43 yaşında bağırsaq xərçəngindən dünyasını dəyişib. Onun xəstəliyinin 2 ay əvvəl üzə çıxdığı bildirilir.
Ç.Sultanova bəyənilən aktrisa və müğənni olsa da, fəaliyyətinə görə hər zaman tənqidlərin hədəfində idi. İstər onun çəkildiyi rollar, istər azad qadınla bağlı fikirləri, istərsə də son dövrlərdəki fotosessiyaları və s. cəmiyyətdə qınaqla qarşılandığından onun ölümündən sonra da fikirlər birmənalı deyil.
Bununla belə onu tanıyanlar və tanımayanlar aktrisanın ölümündən sonra sosial şəbəkələrdə aqressiv münasibət sərgiləyənlərə qaşrı müdafiə edib.Ç.Sultanova ilə yaxın ünsiyyətdə olan jurnalitlər, qonşusu və s. şəxslər aktrisanın başqalarının şəxsi işinə qarşımadığını, yaxşı insan olduğunu bildiriblər. Sosial şəbəkələrdə onun tərəfini tutanlar hər kəsin öz əməli qarşısında cavab verəcəyini yazaraq, aktrisanın başqalarına pis örnək olması barədə deyilənlərlə razılaşmayıblar.
Billurə